Siyasət

"Lavrovun irəli sürdüyü prinsipləri ancaq bir şərtlə qəbul etmək olar..."

4 May 2016 10:03
Baxış: 2 756

Əgər sülh yolu ilə Dağlıq Qarabağ problemi həll edilsə, bu zaman Dağlıq Qarabağın hüquqi statusu gündəmə gələcək. Hazırda Dağlıq Qarabağ probleminin həlli üçün "Aland modeli", Madrid prinsipləri və Madrid prinsiplərinə əlavələr edilərək "Lavrov prinsipləri" təklif edilir.

Milli.Az bildirir ki, Dağlıq Qarabağın statusu, təklif edilən model və prinsiplər barədə politoloq Elşən Manafov ölkə.az-a danışıb:

"Dağlıq Qarabağ probleminin məhz "Aland modeli"nin prinsipləri zəminində həlli ilə bağlı zamanında Azərbaycan Sosial Demokrat Partiyasının təklifləri olmuşdur. O zaman o partiyanın siyasi rəhbərliyində təmsil olunmuşdum. 90-cı illərdə Avropanın Sosial Demokratlar partiyalarının iştirakı ilə böyük bir toplantı olmuşdur. Həmin toplantı zamanı "Aland modeli"nin Dağlıq Qarabağ münaqişəsinin həllində tətbiqi ilə bağlı müəyyən müzakirələr getmişdi. Həmin tədbirdə Avropanın kifayət qədər tanınmış siyasi partiyaları iştirak edirdi. O zaman Azərbaycan iqtidarı, o cümlədən Ermənistan və ATƏM (sonradan ATƏT oldu) "Aland modeli"nin prinsiplərini Dağlıq Qarabağ münaqişəsinə münasibətdə tətbiqini məqbul saymadılar.

"Aland modeli" zamanında İsveç və Finlandiya arasında baş vermiş münaqişənin həlli məqsədi ilə irəli sürülmüş və özündə müəyyən reallıqları əks etdirmiş geosiyasi layihə idi. Nəticə etibarı ilə Finlandiyaya aid olan, zamanında İsveç tərəfindən tutulmuş adalara gələcək hüquqi statusu ilə bağlı danışıqlar getmişdi. "Aland modeli"ndə Azərbaycan tərəfini qane edə biləcək məqamlar kifayət qədər idi. Onsuz da Azərbaycan tərəfi qeyd edir ki, biz Dağlıq Qarabağa ən yüksək muxtariyyət, hətta Naxçıvanın muxtariyyətinə bərabər bir status verməyə hazırıq. Bu bəyanat eks-prezident Heydər Əliyevə aiddir. Bu da Lissabon sammiti ərəfəsində baş vermişdi. Ermənilər belə bir statusdan da imtina etdilər. Əslində "Aland modeli" Dağlıq Qarabağın özünü idarə hüququnun tanınmasıdır. Zamanında Böyük Britaniya özünün dominiyonlarına belə bir hüquq verdi. Əvvəlcə Hindistana, sonra isə Kanadaya belə bir hüquq verib. Kanadanın özünün parlamenti, Britaniya kralı tərəfindən təsdiq edilmiş general-qubernatoru, öz hökuməti, öz qanunvericiliyi olurdu, ancaq eyni zamanda bu iki dövlət Böyük Britaniya təbəələri sayılırdılar. Bu modelin özü də o zaman Ermənistanı qane etməmişdi. Bu model Dağlıq Qarabağda silahlı qüvvələrin olmasını nəzərdə tutmurdu. Bu modelə əsasən, Dağlıq Qarabağın özünün polisi olacaqdı, xarici dövlətlərlə müstəqil iqtisadi əlaqələri olacaqdı. Bu da Ermənistan və Dağlıq Qarabağ icmasını qane etməliydi. Görünür ki, onlar daha çox iştahlıdırlar. İş orasındadır ki, Dağlıq Qarabağ probleminin çözülməsi ilə bağlı danışıqlarda indiyə qədər ATƏT-in Minsk qrupunun həmsədrlərinin sərgilədiyi mövqe ikili standartlar, xristian təəssübkeşliyi Ermənistanın hakim siyasi dairələrində məmnunluq və arxayınçılıq yaradıb ki, onlar "Aland modelinin" belə bu problemə tətbiqindən narazılıq etdilər.

Güman edirəm ki, Azərbaycan tərəfi "Aland modeli"nin Dağlıq Qarabağ probleminə tətbiqi ilə bağlı layihəni götür-qoy edə bilər. Burada bütün hallarda Dağlıq Qarabağdakı respublika Azərbaycanın tərkibində qalmalıdır. Oradakı erməni əsilli vətəndaşlarımız Azərbaycan Respublikasının vətəndaşı olmalıdır.

"Aland modeli"ndə yaşanan problem ondan ibarət oldu ki, Aland adalarında yaşayan vətəndaşlar həm İsveç, həm də Finlandiya vətəndaşları sayılırlar. Əgər biz Dağlıq Qarabağdakı erməni icmasının eyni zamanda Ermənistan Respublikasının vətəndaşı olması məsələsinə razılıq versək, bu, prinsipcə Azərbaycan üçün təhlükə yaradacaq. Həm də Azərbaycan qanunvericiliyi ikili vətəndaşlığı qəbul etmir. Problem də bundadır. Bizim qanunvericiliyimiz ikili vətəndaşlığı qəbul etmədiyindən və prespektivdə "Aland modeli"nin Dağlıq Qarabağ probleminə tətbiqi ermənilərin yeri gələndə Ermənistan qanunvericiliyinin çətiri altına girmək imkanları yaratdığından, təbii ki, "Aland modeli"ndəki məhz bu variant Azərbaycan dövlətinin maraqlarına cavab verməyəcəyindən, o zamankı iqtidar bunu qəbul etməmişdi.

Mahiyyət etibarı ilə Lavrovun irəli sürdüyü prinsiplərin qəbul olunmasının tərəfdarıyam, ancaq bir şərtlə. Dağlıq Qarabağın hüquqi statusu ilə bağlı referendum yalnız Dağlıq Qarabağ icmasının iştirakı ilə keçirilməməlidir. Bu referendumda bütün Azərbaycan xalqı iştirak etməlidir. Referendumdan öncə Ermənistan tərəfindən Dağlıq Qarabağdan deportasiya edilən Azərbaycan vətəndaşları Dağlıq Qarabağa qaytarılmalıdır. Sonra da referendum keçirilməlidir. Azərbaycan əvvəldən bu problemin mərhələli həll variantının tərəfdarı olub, ermənilər isə paket variantını israrla təkid edirdilər.

Dağlıq Qarabağın hüquqi statusu ilə bağlı referendum bütün Azərbaycan vətəndaşları arasında keçirilməlidir. Rusiya əgər ATƏT-in sülhməramlıları adı altında öz qoşunlarını məhz Dağlıq Qarabağa yeridəcəksə, bu bizi qane etmir. Sülhməramlıların tərkibi yalnız rus qoşunlarından ibarət olmamalıdır. Bu məsələlər həll edildikdən sonra isə sülhməramlılar Azərbaycan və Ermənistan sərhədinə yerləşdirilməlidirlər. Cənubi Osetiya və Abxaziya məsələsində sülhməramlıların Gürcüstanla federativ rejimlər arasında yerləşdirilməsi, sonradan Rusiyanın xeyrinə oldu".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.