Siyasət

İlqar Məmmədov da deputatlığa namizədliyini verdi

3 May 2016 19:41
Baxış: 1 219

Respublikaçı Alternativ Hərəkatının sədri (ReAl) İlqar Məmmədov parlament seçkilərində iştirak üçün namizədliyini irəli sürüb.

Qafqazinfo xəbər verir ki, bu barədə "ReAl"ın icraçı katibi Natiq Cəfərli məlumat yayıb.

O qeyd edib ki, İ.Məmmədovun sənədləri 90 saylı Ağdaş seçki dairəsinə təqdim olunub, sənədlər qəbul edilib və dairədən imza vərəqələri götürülüb.

İlqar Məmmədov hazırda həbsdədir. O, 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunaraq 7 il azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Ümid Partiyasının sədri, keçmiş deputat İqbal Ağazadə də Ağdaş seçki dairəsindən namizəddir. Həmin dairədən keçmiş millət vəkili, nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədovun da namizəd olacağı haqda məlumatlar yayılıb.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin 12 aprel 2016-cı il tarixli sərəncamı ilə 90 saylı Ağdaş Seçki Dairəsi üzrə Milli Məclisə təkrar seçkilər 2016-cı il iyunun 18-nə təyin olunub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.