Siyasət

Kazimirovun erməni oyunu - Həyasızlığın həddi yoxdur

3 May 2016 14:08
4 Şərh     Baxış: 1 896

90-cı illərin əvvəllərində Rusiyanın ATƏT-in Minsk Qrupundakı həmsədri olan Vladimir Kazimirov yenidən Rusiyanın erməniyönlü mediasında peyda olub.

Milli.Az axar.az-a istinadən bildirir ki, erməni mediasının da "sevə-sevə" yer verdiyi Kazimirovun hədəfi isə inanılmazdır. Bu keçmiş diplomat BMT Təhlükəsizlik Şurasının qətnamələrinə diqqət çəkir və bildirir ki, Azərbaycan qətnamələrdən danışmağı sevir, amma onu elə məhz özü yerinə yetirmir.
 
Əslində, Kazimirovun fikrini sərsəmləmə adlandırmaq da olar. Kazimirov özü hər zaman Rusiyanın I Qarabağ savaşında ermənilərə yardım etdiyini dolayısı ilə təsdiqləyib və onun İrəvanı ağır şəraitdən çıxartmaqdan ötrü Bakını necə hədələdiyi unudulmayıb.
 
O ki qaldı Kazimirovun "Azərbaycanın özünün əməl etmədiyi" BMT TŞ qətnamələrinə, görünür, erməni həmkarları kimi, ortada olan rəsmi sənədi heç bir diplomatik-hüquqi ölçüyə sığmadan "şərh edən" bu şəxsin də yaddaşını təzələməyə ehtiyac var.
 
Beləliklə, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr:
 
Qətnamə 822

 
1992-ci ildə, Şuşa işğal olunandan sonra BMT işğalçıların Azərbaycan ərazisindən çıxarılması ilə bağlı bəyanat yaydı. Təbii ki, İrəvan da, Moskva da bu bəyanatı qulaqardına vurdular.
 
1993-cü ildə Azərbaycanın daha bir rayonu - Kəlbəcər ermənilər tərəfindən işğal edildi. Rəsmi Bakı BMT-yə müraciət edərək təcavüzkarın əməllərinə qiymət verilməsini istədi. 1993-cü il aprelin 30-da BMT TŞ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ilk qətnaməsini qəbul etdi. 822 saylı qətnamədə işğalçı qüvvələrin Azərbaycandan çıxarılması tələb edilirdi. Maraqlı məqam burasındadır: Təhlükəsizlik Şurası qətnamədə işğalçının kim olduğunu dəqiq göstərməyərək, daha çox "yerli ermənilər" ifadəsinə üstünlük vermişdi. Üstəlik, qətnamədə əks olunan müddəaların həyata keçirilmə mexanizmi əks olunmurdu. Bu isə qətnamənin həyata keçirilməsinə problem yaradırdı. Qətnamədə Ermənistan haqqında bir kəlmə belə səsləndirilmirdi:
 
"Dağlıq Qarabağ münaqişəsinə dair Təhlükəsizlik Şurasının sədri tərəfindən edilən 1993-cü il 29 yanvar, 1 və 6 aprel tarixli bəyanatlarına əsaslanaraq, baş katibin 14 aprel 1993-cü il tarixli məruzəsini nəzərə alaraq, Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlərin pisləşməsi ilə əlaqədar ciddi narahatlığını ifadə edərək, silahlı hərbi əməliyyatların genişlənməsini və xüsusilə, yerli erməni qüvvələrinin Azərbaycan Respublikasının Kəlbəcər rayonuna sonuncu hücumunu həyəcanla qeyd edərək, belə vəziyyətin regionda sülh və təhlükəsizliyə təhlükə yaratmasından narahat olaraq, böyük sayda mülki şəxsin yerlərinin dəyişməsi və regionda, xüsusilə Kəlbəcər rayonunda, fövqəladə humanitar vəziyyətlə bağlı ciddi narahatlığını ifadə edərək, regionda bütün dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsini bir daha təsdiq edərək, həmçinin, beynəlxalq sərhədlərin toxunulmazlığını və ərazi əldə etmək məqsədilə gücdən istifadənin yolverilməzliyini bir daha təsdiq edərək, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müqaviləsi çərçivəsində həyata keçirilən sülh prosesini dəstəklədiyini bəyan edərək və silahlı hərbi əməliyyatların genişlənməsinin bu proses üçün dağıdıcı nəticə verə biləcəyindən dərindən narahat olaraq:
 
1. Etibarlı atəşkəsin əldə edilməsi məqsədilə bütün hərbi əməliyyatların və düşmənçilik aktlarının dərhal dayandırılmasını, həmçinin bütün işğalçı qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılmasını tələb edir;
 
2. Münaqişənin ATƏM (indiki ATƏT - red.) Minsk Qrupunun sülh prosesi çərçivəsində həll edilməsi məqsədilə maraqlı tərəfləri danışıqları dərhal bərpa etməyə və problemin sülh yolu ilə həllini çətinləşdirən hər hansı hərəkətlərdən çəkinməyə çağırırıq".
 
Qətnamə 853
 
Bu qətnamə 1993-cü il iyulun 23-də Ağdamın işğalından sonra qəbul edilib.  Əvvəlkindən daha mükəmməl olan qətnamədə Ermənistanın adı xatırlanır:
 
1. BMT TŞ Ağdam rayonunun və Azərbaycan Respublikasının digər bu yaxınlarda işğal olunmuş rayonlarının işğalını pisləyir;
 
2. TŞ regionda bütün düşmənçilik hərəkətlərini, xüsusilə mülki şəxslərə hücumları və məskunlaşmış rayonların bombardman edilməsini pisləyir;
 
3. TŞ bütün hərbi əməliyyatların dərhal dayandırılmasını, münaqişədə iştirak edən işğalçı qüvvələrin Ağdam rayonundan və Azərbaycan Respublikasının digər işğal edilmiş rayonlarından dərhal, tam və qeyd-şərtsız çıxarılmasını tələb edir.
 
Qətnamə 874
 
1993-cü il avqustun 31-də Qubadlının işğalından sonra qəbul edilib.
 
Bu qətnamə də mahiyyət etibarilə əvvəlkilərdən fərqlənmir. Burada da Ermənistanla Azərbaycan arasında yaranmış gərginlikdən, cəbhə bölgəsində hərbi əməliyyatların yenidən güclənməsindən, çoxsaylı insan tələfatından və Azərbaycan ərazilərinin işğal edilməsi faktlarından narahatlıq ifadə olunur, münaqişənin aradan qaldırılması istiqamətində ATƏM-in səyləri dəstəklənir, dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı bir daha vurğulanır.
 
Qətnamə 884
 
Bu qətnamə isə Horadiz qəsəbəsi və Zəngilan rayonlarının işğalından sonra qəbul edilib. Sənəddə işğalçı qoşunların Azərbaycandan dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunur.
 
Nəticə:
 
Kazimirovun Azərbaycanın qətnamələrə əməl etmədiyini deməsi anlaşılmazlıq deyil, sadəcə, riyakarlıqdır. Qətnamələrdəki tələbi - Azərbaycanın işğal olunmuş ərazilərindən işğalçı qüvvələrin dərhal və qeyd-şərtsiz çıxarılmasını necə təhrif etmək olar? Bu, 1915-ci il yalanı deyil ki, üstündən illər ötəndən sonra ermənilərin saxta iddiaları ilə siyasi don geyindirilib, qondarma soyqırım təbliğatı aparılsın. Burda dünyanın ən mötəbər qurumu sayılan BMT TŞ-nın yazılı, hər cümləsi ilə ortada olan 4 qətnaməsi var. 

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.