Siyasət

İlham Əliyev: "Dünya miqyasında iqtisadi artım templərinə görə Azərbaycan ön plandadır"

29 Aprel 2016 21:24
Baxış: 768

Dünya miqyasında iqtisadi artım templərinə görə Azərbaycan ön plandadır. Bunu aprelin 29-da Ağsu Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışında iştirak edən Prezident İlham Əliyev xəstəxananın kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

Dövlətimizin başçısı qeyd edib: "Əlbəttə ki, sosial məsələlərin həlli üçün güclü iqtisadi imkanlar olmalıdır. Azərbaycan bu istiqamətdə də liderlik göstərir. Dünya miqyasında iqtisadi artım templərinə görə biz ön plandayıq. 2016-cı il isə dərin iqtisadi islahatlar ilidir. İslahatlar dərinləşir, biznes mühiti yaxşılaşır. İlin əvvəlindən 30 mindən çox yeni iş yeri açılıbdır. İşsizliyə qarşı mübarizə aparılır və yeni müəssisələr, sənaye sahələri, zavodlar, fabriklər açılır, o cümlədən Ağsu rayonunda. Gələcəkdə sənaye potensialımızın artırılması, kənd təsərrüfatının inkişafı, əlbəttə ki, yeni bir vəziyyət yaradacaqdır".

Prezident bildirib ki, sahibkarlıqla bağlı çox ciddi addımlar atılıb: "Biznes mühitinin yaxşılaşdırılması, özəl sektorun inkişafı, ixrac potensialımızın artırılması və idxaldan asılılığımızın azaldılması istiqamətində çox ciddi işlər gedir. Bizim üçün keçmişdə ənənəvi olan sahələr indi yenidən canlanır. Bilirsiniz ki, mən pambıqçılığın inkişafı ilə bağlı müvafiq göstərişlər verdim. Artıq işlər başlayıb və o cümlədən Ağsu rayonunda bu il 1000 hektardan çox sahədə pambıq əkiləcək. Bu proses başlamışdır. Sovet dövründə Azərbaycanda ulu öndər Heydər Əliyevin böyük zəhməti, səyləri nəticəsində hər il 800 min, 900 min, hətta 1 milyon ton pambıq istehsal olunurdu. Mən statistikaya baxdım. Keçən il cəmi 35 min ton pambıq istehsal olunub. Bu il 50 min hektarda pambıq əkiləcək. Əkin başlayıb və biz ən azı 100 min ton məhsul gözləyirik. Yəni, keçən ildən fərqli olaraq 3 dəfə çox. Ağsu rayonunda isə Sovet dövründə 5 min hektar pambıq əkilirdi. Bu il 1000 hektardan çox əkiləcək. Əminəm ki, gələn il siz Sovet dövründəki səviyyəyə çatacaqsınız. Bu, yerli istehsal, iş yerləri deməkdir. İnsanlar yaxşı pul qazanacaqlar və biz ixracyönümlü məhsul əldə edəcəyik.

İndi neftin qiymətinin aşağı düşməsi ilə bağlı bizim valyuta gəlirlərimiz azalıb, bu, təbiidir. Əgər neftin qiyməti 4 dəfə düşürsə, - yaxud indi 3 dəfə, misal üçün, bir az qalxıb, - demək, gəlir 3-4 dəfə azalır. Biz bu gəliri ixracyönümlü məhsullarla kompensasiya etməliyik. Onların içərisində pambıq ən əlverişli məhsuldur, çünki dünya birjalarında satılır, satışla bağlı da heç bir problem yoxdur. Ona görə, Ağsuda pambıqçılıq inkişaf etməlidir. Biz Sovet dövrünün səviyyəsinə qalxmalıyıq, qalxacağıq".

İlham Əliyev deyib ki, baramaçılıqla bağlı oxşar göstərişlər verilib, bu istiqamətdə də işlər gedir: "Biz daim insanları işlə təmin etmək üçün çox ciddi fəaliyyət göstərməliyik. Çünki Azərbaycanda son 12 il ərzində bir milyondan çox daimi iş yeri açılıbdır, ümumiyyətlə, təxminən 1 milyon 300 min. Ancaq əhali də artır. Əhali artdıqca iş yerlərinin açılmasına daha da ehtiyac var. Ona görə, bu, daimi proses olmalıdır. Kənd təsərrüfatı, emal sənayesi, sənaye müəssisələrinin yaradılması, turizm imkanlarının genişləndirilməsi - bütün bu məsələlərə biz kompleks şəkildə yanaşırıq. Ona görə Azərbaycan neftin qiymətinin aşağı səviyyəyə düşməsi şəraitində neftlə zəngin olan bütün başqa ölkələrdən bəlkə də daha gözəl nəticələr göstərir. Çünki düşünülmüş siyasət aparılır. İqtisadiyyatın şaxələndirilməsi prosesi gedir və qeyri-neft sektoru inkişaf edir.

Siz yaxşı bilirsiniz ki, Ağsu rayonunun sosial-iqtisadi inkişafı üçün bir çox tədbirlər görülmüşdür, sərəncamlar imzalanmışdır. Mən daim rayondakı vəziyyəti diqqətdə saxlayıram. Bu, mənim Prezident kimi Ağsuya beşinci səfərimdir. Bu illər ərzində doğrudan da bir çox vacib layihələr icra edildi. Qazlaşdırma səviyyəsi təxminən 90 faizə çatır. Elektrik enerjisi ilə bağlı heç bir problem yoxdur. Ağsu şəhərinin içməli su ilə təmin edilməsi məsələsi öz həllini tapıbdır. Kənd yollarının tikintisi gedir. Bir neçə layihə icra edilib. Mən indi əlavə göstəriş verəcəyəm, vəsait ayıracağam ki, yeni kənd yolları layihələri icra edilsin. Bakı-Şamaxı yolu artıq genişlənir. Dördzolaqlı yol olacaq. Yəni, gəliş-gediş rahat olacaq. Digər istiqamətə gedən Göyçay-Ağdaş yolu da lazımi səviyyədə təmir edilir. Ona görə, bütün infrastruktur layihələri artıq ya başa çatıb, ya da ki yaxın zamanlarda başa çatacaq".

Dövlət başçısı qeyd edib ki, indi əsas vəzifə yerli istehsalın artırılması, kənd təsərrüfatının inkişafıdır. Biz yeni əkin sahələrini dövriyyəyə buraxmalıyıq. Suvarmanı daha yaxşı səviyyədə təşkil etməliyik. Biz gərək ənənəvi olan kənd təsərrüfatı sahələrini canlandıraq, bərpa edək. Beləliklə, insanların rifah halı daha da yaxşılaşacaq və ölkəmiz neftdən asılılığını daha da aşağı səviyyəyə salacaqdır".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.