Siyasət

Ermənistanın müdafiə naziri səngərə QURBAN GEDİR

30 Aprel 2016 11:54
6 Şərh     Baxış: 11 994

Ermənistan prezidenti Serj Sarkisyan Müdafiə Nazirliyində "təmizləmələr"i davam etdirmək niyyətindədir.

Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini Alik Mirzabekyan, rabitə qoşunlarının rəisi general-mayor Komitas Muradyan və Baş Qərargahın kəşfiyyat idarəsinin rəisi Arşak Karapetyan vəzifələrindən kənarlaşdırılandan sonra ixtisarların davam etdirilməyəcəyi ilə bağlı açıqlamalar verilmişdi.

Onların "istefa" adı ilə işdən qovulmaları Dağlıq Qarabağdakı "dördgünlük müharibə" ilə birbaşa bağlıdır. Belə ki, Arşak Karapetyan Azərbaycanın cəbhə xəttində ağır artilleriya qurğularının, o cümlədən TOS-1A sistemlərinin yerləşdirilməsi barədə Ermənistan rəhbərliyinə "vaxtında, operativ" məlumatlar verə bilmədiyinə görə qovulub. Həmin sistemlərdən istifadə edən Azərnbaycan ordusu ermənilərə çox ağır zərbələr vurub.

Üstəlik, Dağlıq Qarabağdakı xəstəxanalarda yanıq yaralarının müalicəsi üçün yetərincə preparatlar olmayıb və həmin dərman vasitələrini Ermənistan təcili qaydada Moskvadan alıb.
Alik Mirzabekyan Dağıq Qarabağdakı Ermənistan hərbçilərinin təminatındakı səhvlərə, Komitas Muradyan isə "dördgünlük müharibə" zamanı ermənilərin hərbi hissələri və mövqeləri arasındakı problemlərə görə qovulub.
İrəvandakı "Johovurd" bildirir ki, üç generalın işdən qovulmasının əsas səbəbi Ermənistan prezidenti yanında Təftiş Xidmətinin apardığı yoxlamaların nəticələri olub.

Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini Alik Mirzabekyan korrupsiyada suçlanır. O, Müdafiə Nazirliyi üçün bir sıra satınalmaları ailə üzvlərinə və yaxın qohumlarına məxsus şirkətlər vasitəsilə həyata keçirib.
Yoxlamaların müdafiə naziri Seyran Ohanyanın da ciddi rüşvətxorluğu, korrupsiya sxemlərinin yaradılmasında və dövlət büdcəsindən yüz milyonlarla dolların mənimsənilməsində əli olduğunu aşkarladığı deyilir.

Fevralın 22-də Ermənistanın hərbi prokuroru Müdafiə Nazirliyindəki qanunsuzluqların və korrupsiya hallarının ən təfərrüatlı şəkildə araşdırılması üçün İstintaq Komitəsinə göstəriş vermişdi. Lakin martın 4-də Ermənistan prezidenti Serj Sarkisyan işə qarışıb və İstintaq Komitəsi "cinayət tərkibi" olmadığı üçün Müdafiə Nazirliyindəki olaylarla bağlı cinayət işi qaldırmayıb.
Amma aprelin 1-də Dağlıq Qarabağda "dördgünlük müharibə" başlanandan sonra situasiya qəflətən dəyişib. Ermənistan ordusunun hücumunun qarşısının alınması və Azərbaycan ordusunun əks-hücumu nəticəsində ermənilərin çox ağır zərbələr alaraq geri çəkilməsi İrəvandakı hakimiyyətdə ciddi mövqe dəyişikliklərinə səbəb olub.

Bundan sonra Dağlıq Qarabağda vuruşan Ermənistan hərbçiləri, habelə siyasətçilər və erməni mediası bəyan etdilər ki, əgər Müdafiə Nazirliyində təminat normal səviyyədə olsaydı, Ermənistan ordusu qızğın hərbi əməliyyatların getdiyi 4 gündə bu qədər itki verməzdi.

İndi Ermənistanda müzakirə mövzularından biri müdafiə naziri Seyran Ohanyanın qeyri-rəsmi milyarder olması, nazirlikdəki yüksək çinli hərbçilərin çox bahalı villalara, müxtəlif şirkətlərə və varidata yiyələnməsidir.
Seyran Ohanyan özünə bəraət qazanmaq üçün ötən həftə bəyan etmişdi: "Dağlıq Qarabağdakı "dördgünlük müharibə"dən əvvəl kəşfiyyatımız hər şeyi əvvəlcədən bilirdi və yaxşı hərəkət edirdi. Mövqedəki əsgərlərin heç nəyə ehtiyacı yox idi və indi də yoxdur. Hərbçilərimiz silah, sursat və müasir rabitə vasitələri ilə yetərincə təmin olunublar".
Di gəl, ona inanan az oldu.

Yaranmış situasiyadan Serj Sarkisyan da faydalanmaq fikrindədir. Ermənistan prezidentinə ən sədaqətli kadrlardan biri kimi tanınan, Müdafiə Nazirliyində "Sarkisyanın köpəyi" adı ilə tanınan Alik Mirzabekyanın işdən qovulması kütləyə hesablanmış addım olmaqla yanaşı, Seyran Ohanyanın mövqelərinin zəiflədilməsinə yönəlmiş qərar idi.
Serj Sarkisyan dolayı yolla ermənilərin nəzərinə "Mənə əsgərlərin təminatının yaxşı olduğunu deyirdilər: amma, sən demə, yalan danışırdılar" mesajını çatdırmaq, məğlubiyyətə görə məsuliyyət daşımaq niyyətində olmadığını vurğulamaq niyyətindədir.

Alik Mirzabekyanın arvadı, Ermənistanın Təhsil və Elm Nazirliyində dövlət nümunəli sənədlərin reyestri şöbəsinə rəhbərlik edən İvetta İsraelyanın da işdən çıxarılması buna dəlalət edir.
İ.İsraelyan Ermənistan prezidentinin arvadı Rita Sarkisyanın ən yaxın rəfiqələrindən biridir.
Seyran Ohanyanın istefası üçün yetərli səbəb gərəkdir və S.Sarkisyan hələlik o səbəbi tapmayıb: "dördgünlük müharibə"dəki məğlubiyyət Ermənistan üçün çox acı nəticələr olsa da, müdafiə nazirinin vəzifəsindən kənarlaşdırılması üçün yetərli sayılmır.

Serj Sarkisyan məqam gözləyir: o, 2017-ci ildə keçiriləcək parlament seçkilərinə yenilənmiş hökumətlə getmək və "qalib gəlmək" istəyir. "Qələbə" üçünsə heç olmasa yeniliklər, dəyişikliklər və islahatların heç olmasa, zahiri görüntüsü yaratmaq gərəkdir.
Ermənistan prezidenti də kütlənin nifrət etdiyi, cəmiyyətin suçlu saydığı Seyran Ohanyanı "qurban keçisi"nə çevirməklə laxlayan hakimiyyətini möhkəmləndirmək niyyətindədir.
"Haykakan Jamanak" da bu gün yazıb: "Ermənistanın müdafiə naziri səngərə qurban gedir".
Düşmən, deyəsən, sırf erməni təbliğatı ilə məşğul olmaqla yanaşı, "dəlidən doğru xəbər" prinsipini təsdiqləyərək hərdən məntiqli məlumat yayır.

Orxan Hun
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.