Siyasət

"Cəbhədə əsl müharibə gedir..."

28 Aprel 2016 21:41
62 Şərh     Baxış: 44 602

"Aprel ayının əvvəlində təmas xəttində gedən gərgin döyüşlərdən sonra Ermənistan tərəfi Azərbaycanın cavab tədbirlərindən dərs götürməli idi. Bu ölkə üzərinə götürdüyü öhdəliklərə uğun olaraq addımlar atmalı, atəşkəslə bağlı razılaşmanın müddəalarına əməl etməli idi. Ancaq atəşkəs razılaşmasından bir neçə gün keçəndən sonra Ermənistan Azərbaycanı hədələməyə, revanş götürməyə çalışdı".
 
Milli.Az azvision.az-a istinadən bildirir ki, bunu Milli Məclisin sədr müavini Bahar Muradova deyib.
 
Vitse-spiker ermənilərin son iki gün ərzində törətdikləri təxribatlara münasibət bildirərək qeyd edib ki, beynəlxalq təşkilatlar Ermənistanın təcavüzkar siyasətinə artıq "dur!" deməldir:
 
"Ermənilər mülki əhalini təhdid edir, dinc sakinlərin evlərini atəş zərbəsi altında saxlayır. Son iki gündə baş verən hadisələr zamanı dəyən ziyan, o cümlədən Azərbaycanın mülki vətəndaşlarının həyatını itirməsi və ağır bədən xəsarətləri alması faktı dünya ictimaiyyətini bu məsələyə daha ciddi yanaşmağa vadar etməlidir. Ermənistana təcavüzkar siyasətini durdurmaq üçün təziqlər göstərilməlidir.
 
Biz görürük ki, iki gündür məhz Ermənistan tərəfindən atəşkəs pozulur, hadisələr daha da gərginləşir və konkret olaraq ortada dünyanı narahat edə biləcək "nəticələr" var. Amma Ermənistanı durdurmaq istiqamətində hanısa bir çağırış və səylər göstərilmir.
Buradan belə aydın olur ki, aprel ayının əvvəlində cəbhə xəttindəki gərginliklə bağlı atəşkəs çağırışları status-kvonu qorumaq və təcavüzkar Ermənistan qoşunlarını təhlükədən xilas etmək naminə edilib. Ermənistana özünü toplamaq və revanş götürmək üçün belə çağırışlar edilib".
B.Muradova vurğulayıb ki, Ermənistanın cəbhə xəttində qadağan olunmuş silahlardan istifadə etməsi qəbuledilməzdir:

"Ümumiyyətlə, status-kvo qəbul edilməzdir. Bir qonşunun digər qonşunun ərazisini işğal etməsi və 20 ildən artıq güc tətbiq etməklə təcəvüzkar siyasəti davam etdirməsi yolverilməzdir. Buna dünya birliyi öz sözünü deməlidir. Əks təqdirdə Azərbaycan tərəfi öz ərazi bütövlüyünü, suverenliyini, vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün lazım olan bütün vasitələrdən istifadə edəcək. Təbii ki, bu, Ermənistan ordusu üçün ölümlər, insan itkisi və qan hesabına başa gələcək. Dünya bunu istəyir? Ona görə də beynəlxalq təşkilatlar, o cümlədən bizi daimia sülhə çağıran ATƏT, Minsk qrupu Ermənistanı durdurmalıdır. Beynəlxalq icitmaiyyət özündə güc tapıb Ermənistanın bu təcavüzkar siyasətinin qarşısını almalıdır.
Belə çıxır ki, Ermənistan dünyanın ərköyün uşağıdır? Və həmin uşaq nə istəyirsə edə bilər? Digər dövlətlərə kiçik hərəkətə görə sanksiya tətbiq ediliyi halda, niyə Ermənistana bu tətbiq olunmur?".
Milli Məclisinin sədr müavini qeyd edib ki, Ermənistan prezidenti Serj Sarkisyan törətdiyi cinayət əməllərinə görə məhkəmə qarşısında cavab verəcək:
"Sarkisyanın cinayətkar olmasını və bu hadisələrin başında durmasını sübut etməyə ehtiyac yoxdur. Çünki o, mülki insanlara, uşaqlara, qadınlara qarşı manyakal hisslərini nümayiş etdirir, onlara əziyyət verir. Bununla bağlı sənədlər, faktlar var. Hazırkı durum da bunu sübut edir. Həm beynəlxalq qanunvericilik, həm də milli qanunlar çərçivəsində biz gələcəkdə bu cinayətləri törədən şəxsləri məhkəmə qarşısında cavab verməyə vadar edəcəyik.

Azərbaycanın yeritdiyi siyasət məhz buna yönəlib. Bu gün Sarkisyan Ermənistan prezidenti kimi məsuliyyətdən yayınır. Ermənistandakı vəziyyət onun ömürlük prezident olmayacağını deməyə əsas verir.
On minlərlə erməni anaları gözü yaşlı qalıb. Onlar özgə torpaqlarında övladlarını itirməli olublar. Həm Azərbaycanın yeritdiyi doğru siyasət, həm də erməni analarının ah-naləsi Sarkisiyanı tutacaq və o, hüquq və mənəvi qanunlar qaşısında cavab verəcək. Sarkisyan bundan canını qurata bilməyəcək".
B. Muradova, həmçinin qeyd edib ki, bu gün cəbhədə müharibə gedir: "Hər gün dinc insanlar ölür, ağır artilleriyadan, qadağan olunmuş silahlardan istifadə olunur. Bu müharibə deyil, nədir? Nisbi atəşkəs mövcud olduğu dövrdə kimlərsə bunu sülh hesab edirdisə, çox böyük yalnışlığa yol veriblər. Çünki bu nisbi sülh, atəşkəs idi. Bunun müharibə olması faktı heç vaxt gündəmdən düşməyib. Ermənistan günahkardır. Məhz bu səbəbdən də Azərbaycanla həmişə müharibə vəziyyətində olub. İndi isə vəziyyət aktiv döyüşlər formasına keçib. Bu, müharibədir!"
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.