Siyasət

"Bələdiyyələr onlara ayrılan vəsaitlə nəsə etməkdə maraqlı deyil"

12 Fevral 2016 13:13
Baxış: 778

"Azərbaycanda bir çox bələdiyyələrin fəaliyyətinin düzgün qurulması üçün onların müvafiq büdcəsi olmalıdır. Çünki bir çox bələdiyyələr heç işçilərinə məvacib verə bilmir".

Milli.Az Report-a istinadən bildirir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə parlamentdə müzakirəyə çıxarılan "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik (2015-ci il üzrə) məruzə" haqqında danışarkən deyib.

Komitə sədrinin sözlərinə görə, bu gün bələdiyyələrin Dövlət Sosial Müdafiə Fonduna 20-40 min manat borcları var: "Büdcələrinə pul daxil olan kimi dərhal fondun hesabına köçürürlər. Nəzərə alsaq ki, respublika bələdiyyələrinin 14 faizinin əhalisi 1000 nəfərə qədərdir, o zaman onların vəziyyəti daha acınacaqlıdır. Belə bələdiyyələr tənqid edilsə də, cəzalandırılsa da vəziyyət düzəlməyəcək. Ona görə də həmin bələdiyyələrə mütləq dövlət köməyi edilməlidir. Qanunvericilik də buna imkan verir. Bütün bunları nəzərə alaraq dövlət büdcəsindən bələdiyyələrə ayrılan vəsait artırılmalıdır".
O, həmçinin qeyd edib ki, bələdiyyələr müəyyən layihələri icra etmək üçün subsensiya almaq hüququna malikdir: "Lakin nə keçən il, nə də bu il müvafiq məqsədlə vəsait yarılmayıb. Heç dövlət büdcəsində də bununla bağlı müvafiq sətir də açılmayıb. Büdcədə builki gərginliyi anlayırıq. Lakin bu şəraitidə bələdiyyələrə ayrılan dotasiyaların bir hissəsi subsensiya yolu ilə ifadə oluna bilərdi".

Spiker Oqtay Əsədov isə komitə sədrinin dediklərinə münasibət bildirərək deyib ki, ilk dövrlərdən bələdiyyələr haqqında pis fikir formalaşmışdı: "Ona görə də ilk növbədə bələdiyyələrin yalnız torpaq satması ilə bağlı düşüncəni bir kənara qoymaq lazımdır. Sizin fikrinizə qatılıram ki, bələdiyyələrə dəstək verilməli, onlara lazımi şərait yaradılmalıdır. Lakin bunun qarşılığında onlardan da hərəkət olmalıdır. Ancaq görünən odur ki, bələdiyyələr bunun müqabilində nəsə etməyə maraqlı deyil. Necə ola bilər ki, bələdiyyələrin bəzisi yaxşı işləyir, bəzisi pis? Demək ki, bu iş əvvəldən yaxşı qurulmayıb. Bələdiyyələrin hesabatını formal bir hesabata çevirməyək. Bizim onlara dəstək verməyimiz üçün onların özlərindən də təşəbbüs gəlməlidir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.