Siyasət

YAP: Azərbaycan Rusiya-Türkiyə münasibətlərinin normallaşmasına kömək göstərməyə hazırdır

10 Fevral 2016 21:05
Baxış: 1 548

Azərbaycan istənilən an Rusiya ilə Türkiyə arasında yaranmış gərginliyin aradan qaldırılması məsələsinin həllinə öz köməyini göstərməyə hazırdır.

Bu barədə Milli.Az-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə məlumat verib.

Onun sözlərinə görə, Rusiya bu gün Türkiyə ilə danışıqlara başlamaqdan imtina edir və belə hesab edir ki, qoyduğu şərtlər Türkiyə tərəfindən yerinə yetirildikdən sonra əlaqələr bərpa oluna bilər. Əlbəttə ki, mövcud vəziyyət hər iki dövlətlə dost olan ölkələri, ilk növbədə isə Azərbaycanı ciddi narahat edir:

"Azərbaycan iki qonşu dövlət arasında münasibətlərin normallaşdırılması üçün vasitəçilik missiyasını yerinə yetirməyə həmişə hazırdır. Amma birbaşa vasitəçiliklə birbaşa siyasi mövqeyin ortaya qorulması başqa-başqa məsələlərdir. Azərbaycan hər iki ölkə ilə yaxın dost olduğunu və bu iki ökə arasında gərginliyin mövcudluğunun həm regiona, həm də beynəlxalq təhlükəsizliyə böyük təhlükə yaratdığını dəfələrlə bəyan edib. Rusiya tərəfi də bizim bu mövqeyimizi bilir".

Qeyd edək ki, Rusiya və Türkiyə arasında məlum təyyarə olayından sonra iki ölkə arasında münasibətlər gərginləşib. Onlara yaxınlığı ilə seçilən Azərbaycanın adının bəzən Rusiya-Türkiyə arasında münasibətlərinin normallaşmasında vasitəçilikdə hallandıranların sayı getdikcə artır.

Lakin Rusiya rəsmiləri bəyan edirlər ki, rəsmi Moskvanın Ankara ilə münasibətlərində hər hansı vasitəçiyə ehtiyac yoxdur. Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin isə "Komsomolskaya pravda" nəşrinə müsahibəsində Moskvada Rusiya-Türkiyə münasibətlərində baş verənlərin fonunda Azərbaycanın həssaslığını yaxşı anladıqlarını bildirib. Eyni zamanda o qeyd edib ki, onlar bu problemin həllində bu gün Azərbaycanın imkanlarından istifadə etməsinə ehtiyac duymurlar.

İlkin İzzət
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.