Siyasət

Yeni qanunlar müsəlmanlara qarşıdır?

12 Fevral 2016 07:35
1 Şərh     Baxış: 2 079

Reyd başlayanda Mari əkiz qızlarını yedizdirirdi və birdən çöldən səs-küy eşitdi. Bir neçə dəqiqə sonra isə əmr gəldi: "Polis! Qapını açın!"

Təşvişə düşən Mari qapını açmazdan əvvəl bir yaşlı qızlarını başqa otağa aparmaq istəsə də, səbri çatmayan polislər qapını qırıb içəri daxil oldular. Marinin sözlərinə görə, onlar təxminən 10 nəfər idilər.

Polislərdən biri Marini tutmuş, digərləri isə onun işdə olan 28 yaşlı ərini ittiham etmək üçün sübut tapmaq məqsədilə mənzili ələk-vələk eləməyə başlamışdılar. Axtarış əmri təqdim etməyən polislər onun əvəzinə Marini reydin Fransanın yeni fövqəladə vəziyyət qanunlarına əsasən aparıldığını yazan bir kağızı imzalamağa məcbur etdilər. "The Verge" nəşrinin əlinə keçən reyd əmrində Marinin ərinə qarşı üç ittiham irəli sürülür: onun öldürülən cihadçıları, saxta pasport düzəldilməsi və alveri ilə məşğul olan insanları tanıdığı və "dini radikalizmi" təşviq edən adsız müsəlman assosiasiyalarının üzvü olduğu.

Mari ittihamların əsassız olduğunu bildirir. O deyir ki, müntəzəm olaraq məscidə gedən Fransa müsəlmanları olsalar da, konservativ deyillər. Onun ərinin keçmişi də aeronavtika sənayesindəki işinə görə hərtərəfli araşdırılıb. Nə Mari, nə də əri heç vaxt Yaxın Şərqə səyahət belə etməyiblər.

Marinin evə gələrkən yolda polislər tərəfindən tutulan və əli qandallı evə gətirilən əri və Mari ayrı-ayrı otaqlarda gecəyə qədər sorğuya çəkiliblər. Polislər haradasa gecə saat 1-dən sonra telefon və kompüterlərdən bütün məlumatları götürərək heç bir izah vermədən evi tərk ediblər. Onların heç birinə qarşı rəsmi şəkildə ittiham irəli sürülməyib.
The Verge-də dərc olunmuş "France's anti-terrorism laws leave Muslims in a state of fear" (Fransanın terror əleyhinə qanunları müsəlmanları daimi qorxu içində saxlayır) araşdırmasında bildirilir ki, belə hallar təkcə Marinin başına gəlməyib. Prezident Fransua Ollandın noyabr ayında Parisdə törədilən hücumlardan sonra fövqəladə vəziyyət rejimi elan etməsindən bəri Fransa mediasında davamlı olaraq oxşar hadisələr haqqında məlumatlara yer verilib. Noyabr ayında üç ay müddətinə uzadılan fövqəladə vəziyyət rejimi təhlükəsizlik qüvvələrinə hakim qərarı olmadan icazəsiz ev basqınları edilməsi, şəxsi məlumatların ələ keçirilməsi və insanların ev dustaqlığına məhkum edilməsi kimi geniş səlahiyyətlər verir. Ciddi əsaslar olmadan ev və iş yerlərində minlərlə reyd keçirilib, yüzlərlə şübhəli ev dustaqlığına məhkum edilib. BMT-nin insan hüquqları üzrə ekspertləri, Beynəlxalq Amnistiya Təşkilatı və digər hüquq qrupları fövqəladə vəziyyət rejimi qanunlarını pisləsələr də, Olland administrasiyasının geri çəkilmək fikri yoxdur.

Fransa prezidenti ötən həftə rəsmi şəkildə fövqəladə vəziyyət rejiminin daha üç ay müddətinə uzadılmasını tələb edib. Həftənin üçüncü günü ali məhkəmə ölkənin hələ də ciddi təhlükə ilə üz-üzə olduğunu bildirərək hüquq qruplarından birinin fövqəladə vəziyyət rejiminin dayandırılması müraciətini rədd edib. Bu həftə isə fövqəladə vəziyyət qanunlarını konstitusiyaya daxil ediləcək qanun layihəsinin müzakirəsi üçün millət vəkilləri görüşəcəklər. Bu qanunla prezidentin fövqəladə vəziyyət rejimini aktivləşdirməsi daha asan olacaq, hüquqi problemlərin meydana gəlməsi isə çətin. Olland eyni zamanda terrorizmdə ittiham olunan və ikili vətəndaşlığı olan məhkumların ölkə vətəndaşlığından çıxarılması ilə bağlı ziddiyətli bir təkliflə çıxış edir. Radikal sağçı siyasətçilərin dəstəklədikləri bu təklifə etiraz olaraq Fransanın ədliyyə naziri ötən həftə istefa verib.

Fransanın baş naziri Manuel Vals fövqəladə vəziyyət rejimini müdafiə edərək bildirib ki, reydlər "obyektiv şübhələr"ə əsaslanır və qanunlar İŞİD məhv edilənə qədər qüvvədə qalmalıdır. Ancaq təhlükəsizlik qüvvələrinin terror qrupları ilə heç bir əlaqəsi olmayan insanları ittiham edərək və digərlərini sadəcə məscidə getdiklərinə və ya sosial mediada paylaşdıqlarına görə hədəf götürərək sərhədi aşdıqları açıq-aydın görünür.

Fransa müsəlmanları üçün hüquqi dəstək və konsaltinq xidmətləri təmin edən "Fransada İslamofobiya Əleyhinə Kollektiv" təşkilatının sözçüsü Yasir Luati deyib: "Hökumət boş dayanmadığı mesajını göndərməyə çalışır, etdikləri isə yanlışdır. Fransa xalqını qoruya bilməmələrinin əvəzini müsəlman azlıqdan çıxa bilməzlər".

Luati bildirir ki, fövqəladə vəziyyət rejiminin qüvvəyə minməsindən bu yana təşkilata 228 şikayət gəlib. Bu şikayətlərin 57-si ev dustaqlığı ilə bağlıdır. Bir çoxları isə əlavə təzyiqlərdən qorxduqları üçün başlarına gələnlər haqqında danışmaqdan çəkinirlər. Eyni səbəbdən Mari də bu məqalədə əsl adının çəkilməməsini xahiş edib.

Paris rayon polis idarəsi Marinin evinə edilən basqının səbəbləri ilə bağlı ətraflı məlumat verməkdən imtina edib. Daxili İşlər Nazirliyi də eyni şəkildə çoxsaylı müraciətlərə cavab verməyib.

Fransanın təhlükəsizlik qüvvələri 13 noyabr hücumlarından bu yana geniş səlahiyyətlərindən istifadə edərək 3200-ə qədər evə reyd təşkil edib, 381 nəfər ev dustaqlığına məhkum edilib. Reydlər nəticəsində daha çox narkotik və ya silahla bağlı ittihamlarla 332 nəfər həbs edilib, 200 məhkəmə işi açılıb. İndiyə qədər başladılan istintaqların yalnız dördü terrorizmlə bağlı olub. Ancaq qanunlar tam şəffaf şəkildə tətbiq edilmədiyinə görə, onların effektivliyini ölçmək çətin olur. Bu tədbirlərin faktiki əsaslarını başa düşmək üçün hüquqşünas və hüquq qruplarının əlində nə qədər insanın həbs edildiyi və ya nə qədər silah ələ keçirildiyinin elan edilməsindən başqa heç nə yoxdur.

Mediada çıxan məlumatlar isə bir sıra boşluqları doldurmağa kömək edib. Çıxan məlumatlara görə, Nis şəhərində gecə yarısından sonra keçirilən reydlərin birində altı yaşlı bir uşaq başından xəsarət alıb. Qeyd edək ki, bu reyddə ünvan səhv salınıbmış. Tuluzada yaşayan bir müsəlman isə silah axtarışı üçün polisin mənzilinə daxil olmasından sonra həyat yoldaşı və iki yaşlı oğlunun travma aldığını bildirib. Mənzildə isə silah tapılmayıb.

Kaliforniyanın Berkli universitetinin professoru Yonah Levi Fransanın ötən 30 il ərzində terror əleyhinə 15 müxtəlif qanun qəbul etdiyini, bu qanunların hər birinin də dövlətin hakimiyyətini gücləndirib, vətəndaş azadlığını zəiflətdiyini bildirir. ""Azadlıq, bərabərlik, qardaşlıq" şüarına baxmayaraq, Fransa digər demokratik Avropa ölkələri ilə müqayisədə heç vaxt vətəndaş azadlıqlarının yaxşı qorunduğu bir ölkə olmayıb."

Fransada terror əleyhinə son qanun 2015-ci ilin mayında, "Charlie Hebdo" satirik qəzetinə edilən hücumdan sonra qəbul edilib. Bu qanun məhkəmə icazəsi olmadan cihadçı olduğundan şübhələnilən insanların e-mail və telefon zənglərini izləməyə imkan verir və telekommunikasiya şirkətlərini müştərilərin məlumatlarını saxlayıb tələb edildiyində hökumətə təqdim etməyə məcbur edir.

Rəsmilər tədbirlərin ölkənin təhlükəsizliyi üçün mövcud hədəyə qarşı vacib olduğunu bildirirlər. Ötən ay Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, keçən il 10 terrorist planının qarşısı alınıb. Ancaq təhlükəsizlik qüvvələrinə daha geniş səlahiyyətlər verilməsinin terrorizmin qarşısını alıb-almayacağı məlum deyil. "Charlie Hebdo" və noyabr hücumlarını törədənlər izlənilirdilər, ancaq ya başqa təhlükələrin izlənilməsi, ya da kəşfiyyat mübadiləsinin zəif olması səbəbindən onların hücumlarının qarşısı alına bilmədi.

Ollandın noyabr hücumlarına cavabının Fransa müsəlmanlarını uzaqlaşdıra biləcəyi qorxusu da var. Müsəlmanların bir çoxu sosial və iqtisadi cəhətdən təcrid olunmuş vəziyyətdədir və belə görünür ki, ötən ilin terror hücumlarından sonra gərginliklər artıb. Ötən ay Daxili İşlər Nazirliyinin verdiyi məlumatlar göstərib ki, keçən il Fransada müsəlmanlara qarşı 400 cinayət törədilib. Bu isə 2014-cü ildəki rəqəmin üç qatından da çoxdur.

Luati bildirib ki, bu tədbirlər Fransa əhalisinin ən davamsız tərkib hissəsinin daha da radikallaşmasına zəmin hazırlayır: "Keçirilən reydlər zamanı analarının alçaldılmasını, atalarının əllərinin zorla qandallanmasını görən uşaqların vəziyyətini təsəvvür edin".

Marinin uşaqları evlərinə basqın edilən gecə nə baş verdiyini başa düşə bilməyəcək qədər balacadırlar və Mari ümid edir ki, onlar böyüyəndə bunların heç birini xatırlamayacaqlar. Ancaq körpələr o gecədən sonra yata bilmir, otaqda bir az çox insan olan kimi ağlamağa başlayırlar.

Özü də hələ bu travma ilə mübarizə aparan Mari evdə tək olmaqdan qorxduğunu, qapının bir balaca çırpılmasının belə onu təşvişə saldığını deyir. O, eyni zamanda reydin işdə yoldaşı üçün problem yaradacağından narahatdır. Heç bir əsas göstərmədən keçirilən reydlə bağlı artıq məhkəməyə müraciət edilib.

Orxan Hun
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.