Siyasət

Siyavuş Novruzovdan Rüstəm İbrahimbəyova özünəməxsus "TƏBRİK"

6 Fevral 2016 12:18
Baxış: 1 115

Fevralın 5-də Azərbaycanın görkəmli yazıçı-dramaturqu, ssenaris-kinorejissoru Rüstəm İbrahimbəyovun 77 yaşı tamam oldu. 

Milli.Az musavat.com-a istinadən bildirir ki, ancaq Ziyalılar Forumu ilə bağlı layihədən və onun 2013-cü il prezident seçkilərində Milli Şuranın vahid namizədi kimi siyasi səhnəyə çıxmasından sonra kinorejissorun Azərbaycana girişi yasaqlanıb. Son zamanlar xərçəng xəstəliyindən əziyyət çəkən R.İbrahimbəyov yalnız yaradıcılıqla  məşğuldur... 

1999-cu ildə Rüstəm İbrahimbəyovun Sergey Bodrovla birgə ssenarisini yazdığı fransız direktivi Regis Wargnier olan "Şərq-Qərb" filmi ən yaxşı xarici film nominasiyasında "Oskar" mükafatına namizədlərdən biri olub.

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzova müraciət etdik. O bildirdi ki, gərək hərb bir insan özü-özünü qiymətləndirsin: "Nizaminin gözəl bir kəlamı var: "Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan". Yəni bir sahənin kamil insanı yarımçıq papaqçılığa girişirsə, o, artıq kamilliyini də itirir. Vaxtilə İbrahimbəyovu ulu öndər də yüksək qiymətləndirmişdi, cənab prezident tərəfindən yüksək qiymət verilib, ali dövlət mükafatları ilə təltif olunub. Lakin hər hansı qrupun, dairənin, kəşfiyyat orqanının təsiri altına düşüb öz xalqına, millətinə, cəmiyyətinə, dövlətinə qarşı müəyyən addımlar atmaqla artıq insan ziyalılığını da itirir. Ziyalı odur ki, öz xalqının önündə getsin və xalqın problemləri olanda onunla bir yerdə çarpışsın. Biz şahidiyik ki, 90-cı illərdə Azərbaycanın ən çətin anlarında, Dağlıq Qarabağla bağlı, 20 yanvarla bağlı informasiya blokadasına düşdüyümüz anlarda Rusiyada yaşayan Azərbaycan ziyalılarının əksəriyyəti, o cümlədən Rüstəm İbrahimbəyov susqun mövqedə dayandı və xalqın maraqlarını müdafiə etmədi".

R.İbrahimbəyovun 20 yanvardan sonra gizli şəkildə Bakıya jurnalist göndərdiyini xatırlatdıqda, S.Novruzov dedi ki, o, açıq-aşkar bəyanat verə bilərdi: "Necə ki, gürcü ziyalılar açıq bəyanat verdilər, Vaxtanq Kikabidze Gürcüstana qarşı Rusiyanın atdığı addımlara etiraz olaraq onların bütün təltiflərdən imtina etdi. Bizimkilər də bu addımı ata, yaxud müxtəlif mətbuat orqanlarında çıxış edə bilərdilər. Amma ermənilər konkret addımlar atanda bizmkilər susmağa üstünlük verdilər". 

R.Ibrahimbəyovun artıq siyasi səhnədən kənara çəkildiyini, sırf yaradıcılıq işləri ilə məşğul olduğunu diqqətə çatdırdıqda, YAP-çı deputat bunu gözlənilən saydı: "Təbii ki, kənara çəkilməliydi, bu, bir oyun idi düşmüşdü. Həmçinin ortada ciddi bir maliyyə məsələsi var idi, indi də gündəmdədir, araşdırma gedir. Bir sıra adamlar istəyirdilər ki, Azərbaycanda qarşıdurma yaransın. Bir sıra adamları da bu oyunlara salmışdılar və nəticə etibarilə ortada qalan onlar oldu. İbrahimbəyov hətta Rusiya vətəndaşlığından da imtina etmədi".

Bəs, bundan sonra kinorejissorun Bakıya yolu açıla bilərmi? S.Novruzov: "Bütün bu məsələlər artıq onun özündən asılıdır".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.