Siyasət

Nazirdən İsveçrə səfirinə irad: "Yolverilməzdir..."

4 Fevral 2016 14:36
Baxış: 818

İqtisadiyyat naziri Şahin Mustafayev İsveçrənin Azərbaycandakı səfiri Filip Ştalderi qəbul edib.

Milli.Az bildirir ki, İqtisadiyyat Nazirliyindən APA-ya verilən məlumata görə, görüşdə Ş. Mustafayev Azərbaycan və İsveçrə arasında siyasi, iqtisadi əlaqələrin inkişaf etdiyini qeyd edib. Bildirib ki, Azərbaycanla İsveçrə Konfederasiyasının Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın fəaliyyəti ölkələr arasında əlaqələrin genişlənməsində önəmli rol oynayır.
 
Ş. Mustafayev iki ölkə arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi baxımından komissiyanın bu ilin martında keçiriləcək 7-ci iclasında İsveçrə şirkətlərinin iştirakının, iş adamları arasında biznes forumların, sərgilərin və digər tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb. Hazırda Azərbaycanda İsveçrə kapitallı 65 şirkət fəaliyyət göstərir.
 
Görüşdə ölkə iqtisadiyyatının diversifikasiyası, qeyri-neft sektorunun inkişafı, xarici investisiyaların cəlb edilməsi istiqamətində görülən işlər barədə məlumat verilib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyini səfirin diqqətinə çatdıran Ş. Mustafayev bəzi İsveçrə şirkətlərinin Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərməsinin yolverilməz olduğunu, İsveçrə hökuməti tərəfindən belə halların qarşısının alınması üçün tədbirlərin görülməli olduğunu vurğulayıb.
 
F. Ştalder ölkələr arasında iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində səy göstərəcəyini bildirib. Səfir İsveçrənin ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafını dəstəkləməkdə, bir sıra İsveçrə şirkətlərinin isə Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərməkdə maraqlı olduğunu diqqətə çatdırıb.
 
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.