Siyasət

Prezident İlham Əliyev: "Azərbaycan iqtisadi inkişaf templərinə görə dünya miqyasında yenə də birincilər sırasındadır" - YENİLƏNİB - FOTO

1 Dekabr 2015 22:23
Baxış: 4 845

22:23

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dekabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublika Xəstəxanasının açılışında iştirak edib.

Azərbaycanda səhiyyənin inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən biridir. Son illərdə Prezident İlham Əliyevin səhiyyənin inkişafı ilə bağlı həyata keçirdiyi məqsədyönlü siyasət bu sahənin keyfiyyət və kəmiyyət göstəriciləri ilə zənginləşməsinə səbəb olub. Səhiyyə ilə bağlı mühüm dövlət proqramlarının hazırlanaraq həyata keçirilməsi, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması bu istiqamətdə aparılan siyasətin əsas prioritetləridir. Səhiyyə müəssisələrinin təmir və bərpası, ən modern avadanlıqla təchiz olunması, regionlarda yeni diaqnostika mərkəzlərinin istifadəyə verilməsi və digər tədbirlər səhiyyə sahəsində aparılan islahatların əsasını təşkil edir. Bu sırada Naxçıvan Muxtar Respublika Xəstəxanası da mühüm yer tutur. Naxçıvan səhiyyəsində həmişə mühüm rol oynayaraq şərəfli yol keçən bu tibb müəssisəsi 1920-ci ildən şəhər xəstəxanası kimi fəaliyyətə başlayıb. 100 çarpayılıq Naxçıvan Birləşmiş Şəhər Xəstəxanası 1950-ci ildən Respublika Xəstəxanasına çevrilib, 1957-ci ildə N.Nərimanov adına Respublika Birləşmiş Xəstəxanası adlanıb. Fəaliyyətdə olan indiki xəstəxana binasının tikintisinə ümummilli lider Heydər Əliyevin dəstəyi ilə 1979-cu ildə başlanıb və 1987-ci ildə istifadəyə verilib. Ötən illər ərzində bina istifadəyə yararsız hala düşdüyündən 2013-cü ilin əvvəlindən burada əsaslı təmir və yenidənqurma işlərinə başlanıb və artıq tibb ocağı istifadəyə hazırdır.

Dövlətimizin başçısı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, 8 mərtəbəli binada tibbin ən son yenilikləri tətbiq olunur. Əsaslı təmir və yenidənqurma işlərindən sonra 300 çarpayılıq olan xəstəxanada 14 stasionar şöbə fəaliyyət göstərir. Buraya travmatologiya, təcili və təxirəsalınmaz tibbi yardım, ümumi terapiya, nevrologiya, hematologiya, göz xəstəlikləri, burun-qulaq-boğaz, endokrin xəstəliklər, urologiya, cərrahiyyə, neyrocərrahiyyə, reanimasiya və reabilitasiya şöbələri daxildir. Xəstəxanada pulmonologiya, qastroenterologiya, hemodializ kimi 3 stasionar bölmə, həmçinin qəbul, radiologiya, laboratoriya, Konsultativ Diaqnostik Poliklinika, Mərkəzi Qan Bankı, Dərman Vasitələrinin Mərkəzləşmiş Analitik Ekspertiza Laboratoriyası şöbələri fəaliyyət göstərir. Fizioterapiya, hidroterapiya, Naftalan nefti ilə müalicə, əməliyyat bölmələri və çoxsaylı yardımçı kabinələr də xəstələrin ixtiyarında olacaq. 130 həkimin, 467 orta və kiçik tibb işçisinin çalışdığı xəstəxanada elmi-tibbi kitabxana da fəaliyyət göstərir. Burada tələbələr üçün 2 böyük auditoriya və 7 sinif otağı, kompyuter zalı, 200 nəfərlik iclas zalı, tibb idman mərkəzi və müayinə otaqları yaradılıb. Xəstəxananın köməkçi binasında da yüksək şərait vardır. Burada MRT və digər zəruri tibbi müayinələr aparmaq mümkün olacaq.

Ərazidə geniş yaşıllaşdırma işləri görülüb.

Prezident İlham Əliyev xəstəxananın kollektivi və Naxçıvan ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:

- Salam, sabahınız xeyir olsun. Mən sizi ürəkdən salamlayıram. Yenidən Naxçıvanda olmağımdan çox məmnunam. Bu gün Naxçıvanda çox əlamətdar bir gündür. Naxçıvan Muxtar Respublikasında çox gözəl, müasir xəstəxana açılır. Bu münasibətlə sizi və muxtar respublikanın bütün sakinlərini ürəkdən təbrik etmək istəyirəm. Bu, gözəl, əlamətdar hadisədir.

Xəstəxana ən yüksək standartlara cavab verir. Xarici görünüşü də çox gözəldir, əzəmətlidir, bir memarlıq əsəridir. Eyni zamanda, burada quraşdırılan avadanlıq ən yüksək standartlara cavab verir, ən qabaqcıl firmaların istehsalı olan avadanlıq quraşdırılıb. Çox gözəl dizaynı var. İnteryer, palatalar, əməliyyat otaqları, dializ bölməsi də gözəldir. Yəni, burada bir neçə bölmə fəaliyyət göstərir. Bu xəstəxananın istifadəyə verilməsi ilə Naxçıvanda səhiyyə infrastrukturunun yaradılması prosesi başa çatır. Çünki bu günə qədər həm diaqnostika mərkəzi tikilib istifadəyə verilmişdir, doğum mərkəzi tikilmişdir və bütün rayonlarda müasir xəstəxanalar artıq var, fəaliyyət göstərir. Bu da son bir mərhələ idi. Çünki buna böyük ehtiyac var idi. Respublika xəstəxanası yaxşı vəziyyətdə deyildi, çoxdan tikilmişdi, köhnəlmişdi və yeni xəstəxananın tikilməsinə böyük ehtiyac var idi.

Bu, doğrudan da çox əlamətdar hadisədir və bir daha göstərir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun rahatlığı, sağlamlığı dayanır. İnsan sağlamlığı üçün nə lazımdırsa Azərbaycanda biz bunu edirik. Son illər ərzində ölkə üzrə 500-dən çox tibb müəssisəsi tikilmiş və təmir edilmişdir. Ekologiya ilə bağlı məsələlər öz həllini tapır. Naxçıvanda bu problem yoxdur. Çünki burada çox gözəl, təmiz iqlim var. Amma bəzi yerlərdə, xüsusilə Bakıda, Abşeron yarımadasında ekoloji tədbirlərin görülməsinə böyük ehtiyac var idi.

Ölkə üzrə içməli su layihələri icra edilir. Bu da insan sağlamlığı üçün çox vacib olan məsələdir. Şadam ki, Naxçıvan şəhərində də bu problem artıq öz həllini tapıb. Artıq bir müddətdir ki, sakinlər fasiləsiz olaraq təmiz içməli su alırlar. Kanalizasiya şəbəkəsinin yaradılması istiqamətində də işlər gedir. Eyni zamanda, bizim planlarımızda o da var ki, Naxçıvanın bütün rayon mərkəzlərində içməli su, kanalizasiya layihələri icra edilsin və biz bu məqsədə çatacağıq.

Azərbaycanda səhiyyə ilə bağlı kompleks tədbirlər görülür. İlk növbədə səhiyyə infrastrukturu yaradılır. Bunsuz səhiyyəni inkişaf etdirmək mümkün deyil. Həkimlərin hazırlığı istiqamətində işlər aparılır. Müasir avadanlıq alınır. Yəni, bu sahədə görülən işlər əlbəttə ki, səhiyyə sisteminin təkmilləşməsinə gətirib çıxarıbdır. Ancaq görüləsi işlər hələ çoxdur. Biz elə etməliyik ki, Azərbaycanın hər bir yerində insanlar keyfiyyətli tibbi xidmət ala bilsinlər. Bəzi hallarda bəzi vətəndaşlar müalicə üçün xaricə üz tuturlar. Hesab edirəm, biz elə sistem yaratmalıyıq ki, əksinə xaricdən Azərbaycana müalicə və müayinə üçün gəlsinlər. Əminəm ki, bu xəstəxanada müalicə üçün qonşu ölkələrdə yaşayan, Naxçıvana yaxın bölgələrdən vətəndaşlar da gələ bilərlər və gələcəklər.

Bütövlükdə Naxçıvanda işlər çox yaxşı gedir, quruculuq-abadlıq işləri aparılır. Mənim Naxçıvana səfərlərim mütəmadi xarakter daşıyır və hər dəfə bir çox açılışlarda iştirak edirəm. Bu da dinamik inkişafın təzahürüdür. Bu gün də mən bir çox önəmli tədbirlərdə iştirak edirəm. Onların içində ən böyüyü, əlbəttə ki, xəstəxananın açılışıdır. Eyni zamanda, uşaq musiqi məktəbi, kənd məktəbi, sənaye kompleksi, Günəş Elektrik Stansiyası, içməli su layihəsi, yəni, bu, özlüyündə bir göstəricidir. Çünki respublika həm iqtisadi cəhətdən inkişaf edir, sənaye potensialı möhkəmlənir, eyni zamanda, sosial məsələlər də öz həllini tapır. Səhiyyə, təhsil, idman - budur əsas sosial infrastruktur məsələləri.

Eyni zamanda, Naxçıvanda infrastruktur məsələləri də demək olar ki, artıq həll olunub. Muxtar respublika əhalisinin 100 faizi uzun illər ərzində təbii qaz alır. Elektrik enerjisi ilə problem yoxdur. Hesab edirəm, gün gələcək ki, Naxçıvan bütün enerji tələbatını bərpa olunan enerji növləri hesabına təmin edəcək. Buna nail olmaq üçün böyük işlər görülür, su elektrik stansiyaları tikilmişdir. Ordubad Su Elektrik Stansiyasının tikintisi gedir və bu gün Günəş Elektrik Stansiyasının açılışını qeyd edəcəyik.

Şəhərlərarası yollar çəkilir, kənd yolları salınır. Yəni, kompleks yanaşma bundan ibarətdir. Əlbəttə, sənaye və iqtisadi inkişaf elə olmalıdır ki, Naxçıvanın dayanıqlı inkişafı təmin edilsin. Çünki çox sevindirici haldır ki, Naxçıvanın əhalisi artır, əhalinin sayı 450 min nəfərə çatıbdır. Əhalinin artımı əlbəttə ki, bizi daha da gücləndirir, eyni zamanda, yeni inkişafı da şərtləndirir. Çünki artan əhali artan iş yerləri, yeni sənaye müəssisələri deməkdir. Bildiyiniz kimi, indi dünyada maliyyə-iqtisadi böhran, bəzi ölkələrdə siyasi-hərbi böhran hökm sürür, neftin qiyməti kəskin şəkildə aşağı düşübdür. Buna baxmayaraq, Azərbaycanda quruculuq və inkişaf sürətlə gedir. Hətta böhranlı illərdə bu gözəl xəstəxanaya böyük həcmdə maliyyə vəsaiti ayrılmışdır. Naxçıvanın içməli su şəbəkəsinin yaradılmasına da çox böyük həcmdə həm dövlət vəsaiti ayrılmış, həm də xarici banklardan kreditlər götürülmüşdür. Yəni, biz bu siyasətdən kənarda qala bilmərik. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, rifahı, sağlamlığı və təhlükəsizliyi dayanır. Buna nail olmaq üçün güclü iqtisadiyyat olmalıdır. Bu gün Azərbaycan iqtisadi inkişaf templərinə görə dünya miqyasında yenə də birincilər sırasındadır. Bunu statistika göstərir və bu, mötəbər beynəlxalq maliyyə qurumlarının hesabatlarında qeyd edilir. Əminəm ki, biz gələn ili də uğurla başa vuracağıq, necə ki, 2015-ci il gözəl nəticələrlə başa çatır, iqtisadi artım, inflyasiyanın aşağı səviyyədə qalması. 2016-cı ildə də nəzərdə tutulmuş bütün proqramlar icra olunacaq, o cümlədən Naxçıvanda quruculuq, inkişaf davam etdiriləcəkdir.

Naxçıvanın inkişafı daim diqqət mərkəzindədir. Naxçıvan rəhbərliyi çox uğurla, səmərəli işləyir. Naxçıvanın siması dəyişir. Bu gün Naxçıvan nəinki Azərbaycanda, bölgədə, dünya miqyasında ən abad şəhərlərdən biridir. Təkcə şəhərdə yox, bütün bölgələrdə də quruculuq, inkişaf işləri gedir. Bu gözəl uğurlar münasibətilə sizi təbrik edirəm. Sizə yeni uğurlar, qələbələr arzulayıram.

X X X

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov dedi:

- Möhtərəm cənab Prezident, bu gün Azərbaycan sabit və davamlı inkişafa malikdir. Bu inkişaf ona görə sabitdir ki, onun əsasını ulu öndərimiz Heydər Əliyev qoyub. Ona görə davamlıdır ki, Azərbaycanda bu siyasətə alternativin olmadığını reallığa çeviribsiniz. Çıxışlarınızın birində dediyiniz kimi, görülən işlər onu göstərir ki, biz faktiki işlərlə, əməli addımlarla sübut etdik ki, bu gün Azərbaycanda Heydər Əliyev siyasəti yaşayır və əbədi yaşayacaqdır.

Bu gün Azərbaycanda elə bir sahə yoxdur ki, o sahə üzrə hərtərəfli, əsaslandırılmış inkişaf proqramı olmasın. Ölkəmizin inkişafının mühüm elementlərindən biri də regionların sosial-iqtisadi inkişafı ilə bağlıdır. Blokada şəraitində yaşayan muxtar respublikada bütün sahələrlə yanaşı, enerji təhlükəsizliyinə də diqqət artırılmışdır. Vaxt var idi ki, muxtar respublikada elektrik enerjisi fasilələrlə verilir, qonşu ölkələrdən enerji alırdıq. Sizin rəhbərliyinizlə 2005-ci ildə muxtar respublikaya təbii qaz xətti çəkilmiş, bu hesaba enerji təsərrüfatı gücləndirilmiş, modul və qaz-turbin stansiyaları, Heydər Əliyev Su Anbarı, Arpaçay və Biləv çayı üzərində elektrik stansiyaları tikilmiş, alternativ və bərpa olunan enerji mənbələrinin istismarı diqqətdə saxlanılmış, Naxçıvanda yeni Günəş Elektrik Stansiyası yaradılmışdır. Muxtar respublikada həyata keçirilən bütün quruculuq tədbirlərinin himayəçisi olan cənab Prezident 2004-cü ildən ötən müddət ərzində muxtar respublikaya səfərləri zamanı elm, təhsil və mədəniyyət, idman, səhiyyə və sosial təminat, energetika, meliorasiya, yol tikintisi, sahibkarlıq, eləcə də hərbi quruculuq sahələrini əhatə edən 120-dən çox obyektin açılışında iştirak etmiş, Naxçıvan Muxtar Respublikasının 80, 85 və 90 illik yubileyləri keçirilmişdir.

Hər bir inkişafın əsasında insan amili dayanır. Ölkə rəhbəri muxtar respublikanın inkişafına öz töhfəsini verənlərin əməyini yüksək qiymətləndirmiş, son 11 ildə muxtar respublikadan 950 nəfər Azərbaycan Respublikasının dövlət təltiflərinə layiq görülmüşdür.

Cənab Prezident, Sizin Naxçıvan Muxtar Respublikasına hər səfəriniz qədim diyarımızın əhalisində qürur və iftixar hissi yaradır. Bugünkü səfər nəticəsində ölkə rəhbərinin iştirakı və himayəsi ilə muxtar respublikada istifadəyə verilən obyektlərin sayı daha da artacaqdır. Bu obyektlər muxtar respublikanın inkişafına yönəlmiş həyati vacib obyektlərdir. Naxçıvan Muxtar Respublikasının inkişafına göstərdiyiniz diqqət və qayğıya görə, cənab Prezident, Sizə bir daha yüksək ehtiramımızı və minnətdarlığımızı bildiririk.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

19:40

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 1-də Naxçıvan Günəş Elektrik Stansiyasının açılışında iştirak edib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov dövlətimizin başçısına məlumat verdi ki, muxtar respublikada da alternativ və bərpa olunan enerji mənbələri ilə bağlı mühüm layihələr həyata keçirilir. Belə layihələrdən biri də Babək rayonunun Xal-xal kəndi yaxınlığında tikintisinə cari ildə başlanılan yeni Günəş Elektrik Stansiyasıdır. Bu energetika qurğusu üçün 35 hektar torpaq sahəsi ayrılıb.

Qeyd edildi ki, 20 meqavat gücə malik stansiyada işlər Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyi ilə Belçika Krallığının "Soltech" şirkəti arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Stansiyada 78 min 684 ədəd ən müasir "şüşə-şüşə" tipli günəş panelləri, onlar üçün dayaqlar və 11 elektrik yarımstansiyası quraşdırılıb. Panellərlə transformator yarımstansiyaları, transformator yarımstansiyaları ilə birləşdirici məntəqə arasında kabel və yüksək gərginlikli elektrik ötürücü, həmçinin yaxınlıqdakı "Xal-xal" yarımstansiyasına qədər 35 kilovoltluq kabel xəttləri çəkilib. Tikinti-quraşdırma işlərinin vaxtında başa çatdırılması üçün əraziyə 30-dan çox müxtəlif təyinatlı texnika və 400 nəfərdən çox işçi cəlb olunub. Stansiyanın 5 ayrı-ayrı ərazilərdə yerləşən qurğuları hasara alınıb, burada siqnalizasiya və videomüşahidə qurğuları quraşdırılıb. Naxçıvan Günəş Elektrik Stansiyasında il ərzində 30 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal olunacaq.

Azərbaycan Prezidenti Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin əməkdaşları və Belçikanın "Soltech" şirkətinin nümayəndəsi ilə görüşdü.

Qeyd edək ki, bu iri layihə alternativ enerji mənbəyi kimi gələcəkdə Naxçıvanın enerji təminatının tamamilə yerli ehtiyatlar hesabına ödənilməsində mühüm rol oynayacaq.

Dövlətimizin başçısı muxtar respublikanın energetika kompleksinin daha da inkişafı, eləcə də, bərpa olunan və alternativ enerji mənbələrindən geniş istifadə ilə əlaqədar tapşırıqlarını verdi.

Prezident İlham Əliyev stansiyanın açılışını bildirən düyməni basdı.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 1-də Naxçıvan Sənaye Kompleksinin açılışında iştirak edib.

Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın əsas qolu olan sənayenin inkişafı diqqət mərkəzindədir. Həyata keçirilən tədbirlər və mövcud şərait bu sahə üzrə sahibkarlığın inkişafına, iri sənaye komplekslərinin və istehsal sahələrinin yaranmasına imkan verir. Bütün bunlar isə daxili tələbatın yerli istehsal hesabına ödənilməsinə və ixrac potensialının artmasına şərait yaradır.

Ölkəmizdə strateji xarakter daşıyan sənaye müəssislərinin yaradılması prosesinin Naxçıvan Muxtar Respublikasını da əhatə etməsi həyata keçirilən genişmiqyaslı iqtisadi proseslərin tərkib hissəsidir. Prezident İlham Əliyevin də xüsusi diqqət göstərdiyi sənaye sahələrinin yaradılması prosesində muxtar respublikanın da fəal iştirak etməsi ilk növbədə əhalinin məşğulluğunun təmin olunmasına geniş imkanlar açır. Təbii ki, bu cür müəssisələrin yaradılması həm də Naxçıvan Muxtar Respublikasında innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq, bu sahə üzrə sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun davamlı yüksəlişini təmin etməkdir. Belə müəssisələrdən biri də muxtar respublikanın Kəngərli rayonunda inşa olunub.

Dövlətimizin başçısına əvvəlcə Sənaye Kompleksinin laboratoriyasında yaradılan şərait barədə məlumat verildi. Bildirildi ki, istehsal olunan məhsulların laborator müayinələri burada aparılacaq. Müasir avadanlıqların quraşdırıldığı laboratoriyada yüksək ixtisaslı kadrlar işləyir və burada müayinələrin vaxtında və keyfiyyətlə aparılması üçün hər cür şərait var.

Müəssisənin ərazisini gəzən Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, kompleksin ümumi sahəsi 9 hektardır və özündə 4 zavodu birləşdirir. Bunlar gips, gips lövhələr, əhəng və məsaməli beton istehsal edən zavodlardır. Müasir avadanlıqların quraşdırıldığı zavodlarda istehsal prosesini avtomatik idarəetmə və təhlükəsizliyə videonəzarət sistemləri yaradılıb. Kompleks istifadəyə verildikdən sonra muxtar respublikada müvafiq tikinti materiallarına tələbatın yerli istehsal hesabına ödənilməsi təmin olunacaq. Bu müəssisənin fəaliyyətə başlaması daxili tələbatın ödənilməsi ilə yanaşı, yerli inşaat materiallarının ixracına da imkan verəcək. Yeni layihənin reallaşması üçün Sahibkarlığa Kömək Milli Fondundan dövlət maliyyə dəstəyi göstərilib.

Sonra Prezident İlham Əliyev məsaməli beton istehsal edən zavodda yaradılan şəraitlə tanış oldu. Bildirildi ki, müəssisədə xammal kimi daş qumundan, əhəng, gips, sement və alüminium tozundan istifadə olunacaq. İnşaat sektorunda ən çox istifadə edilən bu tikinti materialları istənilən ölçüdə asanlıqla kəsilir, yüksək səviyyədə səs və istilik izolyasiyasına malikdir. Bundan əlavə, yüngül və zəlzələyə davamlı olan bu materiallar yanmaya qarşı beynəlxalq standartlara uyğundur. Müasir avadanlığın quraşdırıldığı zavodda il ərzində 150 min ton məsaməli beton istehsal olunacaq.

Kompleksə daxil olan digər zavodlarda da yüksək şərait yaradılıb. Məsələn, əhəng zavodunda istifadə olunacaq yerli xammal muxtar respublikanın Qarabağlar mədənindən gətiriləcək. Burada hazırlanan məhsullardan inşaat sektorunda, kənd təsərrüfatında, kağız və şüşə istehsalında istifadə ediləcək. Sahəsi 4500 kvadratmetr olan müəssisədə ildə 36 min ton əhəng istehsalı nəzərdə tutulur.

Gips zavodunda istifadə olunacaq xammal isə Çalxanqala, Çeşməbasar, Xıncab və Böyükdüz zonalarından gətiriləcək. Burada istehsal olunan məhsullar məsaməli beton blokların, suvaq və üzləmə gipsinin, gips lövhələrin hazırlanmasında istifadə ediləcək. Zavodun illik istehsal gücü 40 min ton gipsdir.

Gips lövhə zavodunda da yüksək şərait yaradılıb. Xammal kimi nişasta, gips, üzləmə kağızı və yapışqandan istifadə olunacaq. Müəssisədə istehsal olunan məhsullara inşaat sektorunda tələbat böyükdür. Bunu nəzərə alaraq zavodda ildə 2 milyon kvadratmetr gips lövhələrin hazırlanması həyata keçiriləcək.

Sonda dövlətimizin başçısı müəssisəni işə saldı.

-----------

18:52

Dekabrın 1-də muxtar respublikaya səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan şəhərdaxili su şəbəkəsinin istifadəyə verilməsi mərasimində iştirak edib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, layihənin baş planı ilə tanış olan dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, Naxçıvanda şəhərdaxili su və kanalizasiya şəbəkəsinin tikintisi Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında kredit sazişinə əsasən həyata keçirilib. 2010-cu ilin mayında başlayan tikinti işləri yüksək səviyyədə yerinə yetirilib. Görülmüş işlər çərçivəsində 224.790 metr uzunluğunda şəhərdaxili su şəbəkəsi tikilib, 21.207 ev birləşməsində sayğaclaşma işləri görülüb. Şəbəkə üzərində 905 yanğın hidrantı quraşdırılıb. Bununla da Naxçıvan şəhər əhalisinin içməli suya tələbatı 100 faiz təmin olunub.

Qeyd edildi ki, layihənin mühüm tərkib hissəsi olan şəhərin kanalizasiya şəbəkəsinin yenidən qurulması işləri də uğurla icra olunub. Layihə çərçivəsində 219.040 metr uzunluğunda kanalizasiya xətləri çəkilib. Bu da 20.795 ev birləşməsini əhatə edib.

Sonra Prezident İlham Əliyevə layihənin icrasında istifadə olunan tikinti materialları, xüsusilə də borular haqqında məlumat verildi. Bildirildi ki, həm su, həm də kanalizasiya şəbəkəsinin qurulması zamanı bütün köhnə xətlər yeniləri ilə əvəz olunub və yüksək keyfiyyətli borulardan istifadə edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov şəhərdaxili su şəbəkəsinin istifadəyə verilməsini bildirən düyməni basdılar.

X X X

Dekabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublika Xəstəxanasının açılışında iştirak edib.

Azərbaycanda səhiyyənin inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən biridir. Son illərdə Prezident İlham Əliyevin səhiyyənin inkişafı ilə bağlı həyata keçirdiyi məqsədyönlü siyasət bu sahənin keyfiyyət və kəmiyyət göstəriciləri ilə zənginləşməsinə səbəb olub. Səhiyyə ilə bağlı mühüm dövlət proqramlarının hazırlanaraq həyata keçirilməsi, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması bu istiqamətdə aparılan siyasətin əsas prioritetləridir. Səhiyyə müəssisələrinin təmir və bərpası, ən modern avadanlıqla təchiz olunması, regionlarda yeni diaqnostika mərkəzlərinin istifadəyə verilməsi və digər tədbirlər səhiyyə sahəsində aparılan islahatların əsasını təşkil edir. Bu sırada Naxçıvan Muxtar Respublika Xəstəxanası da mühüm yer tutur. Naxçıvan səhiyyəsində həmişə mühüm rol oynayaraq şərəfli yol keçən bu tibb müəssisəsi 1920-ci ildən şəhər xəstəxanası kimi fəaliyyətə başlayıb. 100 çarpayılıq Naxçıvan Birləşmiş Şəhər Xəstəxanası 1950-ci ildən Respublika Xəstəxanasına çevrilib, 1957-ci ildə N.Nərimanov adına Respublika Birləşmiş Xəstəxanası adlanıb. Fəaliyyətdə olan indiki xəstəxana binasının tikintisinə ümummilli lider Heydər Əliyevin dəstəyi ilə 1979-cu ildə başlanıb və 1987-ci ildə istifadəyə verilib. Ötən illər ərzində bina istifadəyə yararsız hala düşdüyündən 2013-cü ilin əvvəlindən burada əsaslı təmir və yenidənqurma işlərinə başlanıb və artıq tibb ocağı istifadəyə hazırdır.

Dövlətimizin başçısı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, 8 mərtəbəli binada tibbin ən son yenilikləri tətbiq olunur. Əsaslı təmir və yenidənqurma işlərindən sonra 300 çarpayılıq olan xəstəxanada 14 stasionar şöbə fəaliyyət göstərir. Buraya travmatologiya, təcili və təxirəsalınmaz tibbi yardım, ümumi terapiya, nevrologiya, hematologiya, göz xəstəlikləri, burun-qulaq-boğaz, endokrin xəstəliklər, proktologiya, urologiya, cərrahiyyə, neyrocərrahiyyə, reanimasiya və reabilitasiya şöbələri daxildir. Xəstəxanada pulmonologiya, qastroenterologiya, hemodializ kimi 3 stasionar bölmə, həmçinin qəbul, radiologiya, laboratoriya, Konsultativ Diaqnostik Poliklinika, Mərkəzi Qan Bankı, Dərman Vasitələrinin Mərkəzləşmiş Analitik Ekspertiza Laboratoriyası şöbələri fəaliyyət göstərir. Fizioterapiya, hidroterapiya, Naftalan nefti ilə müalicə, əməliyyat bölmələri və çoxsaylı yardımçı kabinələr də xəstələrin ixtiyarında olacaq. 130 həkimin, 467 orta və kiçik tibb işçisinin çalışdığı xəstəxanada elmi-tibbi kitabxana da fəaliyyət göstərir. Burada tələbələr üçün 2 böyük auditoriya və 7 sinif otağı, kompyuter zalı, 200 nəfərlik iclas zalı, tibb idman mərkəzi və müayinə otaqları yaradılıb. Xəstəxananın köməkçi binasında da yüksək şərait vardır. Burada MRT və digər zəruri tibbi müayinələr aparmaq mümkün olacaq.

Ərazidə geniş yaşıllaşdırma işləri görülüb.

Prezident İlham Əliyev xəstəxananın kollektivi ilə görüşdü.

Sonda xatirə şəkli çəkdirildi.

----------

17:55

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 1-də Naxçıvana səfəri çərçivəsində şəhər 2 saylı uşaq musiqi məktəbinin açılışında da iştirak edib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyevə məlumat verildi ki, bu musiqi məktəbi 1987-ci ildə yaradılıb. Məktəb binasının darısqallığı son vaxtalar burada tədrisin müasir səviyyədə qurulmasına əngəl törədirdi. Bu çətinliyi nəzərə alaraq muxtar respublika rəhbərliyi məktəb üçün yeni bina tikilməsi haqqında qərar verib. Şəhərin görməli yerlərindən birində - Atatürk küçəsində ümumi sahəsi 2540 kvadratmetr olan 4 mərtəbəli yaraşıqlı bina qısa müddətdə ucaldılıb. Burada 300 şagird müxtəlif musiqi alətlərində ifaçılıq sənətinə, həmçinin milli və klassik musiqinin sirlərinə yiyələnəcək. Bunun üçün 4 şöbədə 7 ixtisas üzrə tədris aparılacaq. Təlim və tədrisin yüksək səviyyədə aparılması üçün bütün zəruri tədbirlər görülüb. 39 fərdi sinif otağı, tədris otaqları və müxtəlif tədbirlərin keçirilməsi üçün zal ən müasir avadanlıqla təchiz edilib. Binanın ətrafında geniş abadlıq və yaşıllaşdırma işləri görülüb.

Ölkənin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da yeni mədəniyyət və incəsənət ocaqlarının gənc nəslin istifadəsinə verilməsi, mövcud olanların yüksək səviyyədə bərpası, onların müasir avadanlıqla təchiz edilməsi dövlətin mədəniyyət sahəsinə hərtərəfli qayğısının bariz nümunəsidir.

Dövlətimizin başçısı məktəbdə təlim və tədrisin yüksək səviyyədə aparılması ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

X X X

Dekabrın 1-də Azərbaycan Respublikasının Prezidentiİlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Babək rayonunun Nehrəm kənd 2 saylı tam orta məktəbinin açılışında iştirak edib.

Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyevin ölkədə təhsilin inkişafına göstərdiyi diqqət və qayğı bir daha təsdiqləyir ki, bu sahə də dövlət siyasətinin mühüm prioritetləri sırasındadır. Ötən illərdə ölkəmizdə heç bir dövrdə olmayan qədər məktəb binası tikilib, bir çox məktəb binaları üçün yeni korpuslar inşa olunub, həmçinin bu proses ən ucqar yaşayış məntəqələrini də əhatə edir. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülüb, bütün orta təhsil ocaqlarında kompyuter sinifləri yaradılıb, onlar internetə qoşulub. Heydər Əliyev Fondu da dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına hərtərəfli dəstəyini əsirgəmir. Azərbaycan dövlətinin təhsillə bağlı qarşıya qoyduğu əsas məqsəd - ölkəmizdə bu sahənin qloballaşan dünyanın tələbləri səviyyəsində qurulmasıdır. Həyata keçirilən kompleks proqramlar təhsilin səviyyəsinə birbaşa təsir edən problemlərin həllinə - tədris prosesinin günün tələbləri səviyyəsində qurulmasına imkan verən müasir məktəb binalarının inşasına istiqamətlənib. Belə təhsil ocaqlarından biri də Babək rayonunun Nehrəm kənd 2 saylı tam orta məktəbidir.

Dövlətimizin başçısına məlumat verildi ki, Nehrəm kənd 2 saylı tam orta məktəbi muxtar respublikada tikilən və ya əsaslı şəkildə təmir olunan çoxsaylı təhsil müəssisələrindən biridir. Ümumi sahəsi 5165 kvadratmetr olan məktəbin binası dörd mərtəbəlidir. Burada 990 şagird təhsil alır. Onların ixtiyarına 42 sinif otağı, kimya, fizika və biologiya fənlərinin tədrisi üçün laboratoriyalar, hərbi kabinet verilib. Bundan başqa, məktəblilərin şahmatın sirlərinə yiyələnmələri üçün 2 xüsusi sinif ayrılıb. Kitabxana , müəllimlər otağı, idman zalı ən zəruri avadanlıqla təmin olunub. Məktəbdə 5 elektron lövhə quraşdırılıb, optik kabel ilə internet şəbəkəsinə qoşulub.

Prezident İlham Əliyevə məlumat verildi ki, muxtar respublikanın 221 məktəbi eyni vaxtda birbaşa Naxçıvan şəhərindəki Bayraq meydanı ilə canlı bağlantı yarada bilir, bu da telekörpü vasitəsilə müxtəlif mövzularda dərslərin keçirilməsinə imkan verir. Nehrəm kənd 2 saylı tam orta məktəbi də həmin sistemə qoşulub. Məktəb bütün lazımı infrastrukturla təchiz olunub.

----------

17:29

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 1-də Naxçıvana səfəri çərçivəsində yenidən qurulmuş Şəkərabad - Babək qəsəbə - Nehrəm - Arazkənd dairəvi avtomobil yolunun açılışında iştirak edib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf nəticəsində paytaxt Bakı ilə yanaşı, respublikanın bütün regionlarında mühüm yol-nəqliyyat layihələri icra olunur, yeni yollar salınır, mövcud magistrallar ən müasir səviyyədə yenidən qurulur, çoxfunksiyalı yol qovşaqları inşa olunur. Artıq bu layihələr rayon, kənd və qəsəbələri də əhatə edir. Şəkərabad - Babək qəsəbə - Nehrəm - Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması belə layihələrin Naxçıvan Muxtar Respublikasında da geniş vüsət aldığını nümayiş etdirir. Son illərdə Naxçıvanda yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində həyata keçirilən mühüm layihələr sırasında öz yeri olan bu yolun yeni və daha müasir şəkildə istifadəyə verilməsi ilk növbədə, əhalinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən əsaslı tədbirlərdəndir. Yüksək səviyyədə yenidən qurulan bu yol nəqliyyatın rahat və maneəsiz hərəkətinə imkan yaradır.

Dövlətimizin başçısı əvvəlcə yolun texniki-iqtisadi göstəriciləri ilə tanış oldu.

Məlumat verildi ki, Babək rayonunun bir sıra yaşayış məntəqələrini birləşdirən, uzunluğu 16 kilometrə yaxın, eni 7,5 metr olan yol bir il müddətində tamamilə yenidən qurulub. Burada 455 metr uzunluğunda beton kanal çəkilib. Yol boyunca 8 yerdə beton su keçidi, 38 yerdə boru su keçidi tikilib, lazımi yol nişanları və göstəriciləri qoyulub. Ən başlıcası isə bu rahat yoldan həmin ərazidə yaşayan 32 min nəfər sakin istifadə edəcək. Bu magistral təkcə Naxçıvan şəhəri və Babək rayonu üçün deyil, ümumilikdə, muxtar respublika üçün mühüm iqtisadi əhəmiyyətə malikdir.

Bildirildi ki, bu gün Naxçıvan Muxtar Respublikasında yol-nəqliyyat infrastrukturunun inkişafı diqqət mərkəzində saxlanılır, nəqliyyat kompleksinin yenilənməsinə xüsusi önəm verilir. Eyni zamanda, kənddaxili və kəndlərarası yolların da abadlaşdırılması istiqamətində davamlı işlər görülür.

Azərbaycan Prezidenti İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.

-----------

17:15

Dekabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət etdi.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov dövlətimizin başçısına abidənin ətrafında aparılan abadlıq və yenidənqurma tədbirləri barədə məlumat verdi.

X X X

Dekabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Beynəlxalq Hava Limanının "Şərq Terminalı"nın yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub.

Muxtar Respublika Ali Məclisinin sədri Vasif Talıbov dövlətimizin başçısına terminalın texniki göstəriciləri barədə məlumat verdi. Bildirildi ki, yenidənqurma işləri aparılarkən burada uzunluğu 20 metr olan 2 keçid körpüsü, minik və enişlərin təmin olunması üçün 2 teleskopik trap quraşdırılıb. Ümumiyyətlə sərnişinlərin rahatlığı üçün terminalda bütün zəruri tədbirlər görülüb. Hərəkət məhdudiyyəti olan sərnişinlər üçün 2 lift avadanlığı quraşdırılıb. Uzunluğu 41 metr olan baqaj konveyeri və eskalatorlar istifadəyə verilib. Bütün bu yeniliklər hava limanının sərnişin dövriyyəsini 2 dəfədən çox artıraraq saatda 150-200 nəfərdən 400-450 nəfərə çatdırılmasına imkan verəcək.

Qeyd edək ki, hazırda Naxçıvan Beynəlxalq Hava Limanından Bakı ilə yanaşı, İstanbul və Moskva şəhərlərinə də uçuşlar həyata keçirilir. İlin sonunadək Gəncə şəhərinə də uçuşların bərpa edilməsi nəzərdə tutulur.

Ermənistanın işğalçılıq siyasəti nəticəsində blokada şəraitində yaşayan muxtar respublika üçün həyati vacibliyi nəzərə alınaraq dövlətimizin başçısının tapşırıqlarına əsasən Naxçıvan Beynəlxalq Hava Limanının modernləşdirilməsi üçün görülən tədbirlər çoxşaxəliliyi ilə seçilir. Ötən bir neçə il ərzində hava limanında yeni inzibati binanın istifadəyə verilməsi, təhlükəsizliyi gücləndirmək məqsədilə müxtəlif təyinatlı yeni maşın-mexanizmlərin alınması, sərnişin daşımaları ilə bağlı xidmətin səviyyəsini daha da yüksəltmək - bütövlükdə uçuşların təhlükəsizliyini təmin etmək və aeroportun fəaliyyətini dünya standartlarına uyğunlaşdırmaq istiqamətində çox mühüm addımlar atılıb.

Dövlətimizin başçısı hava limanının imkanlarından səmərəli istifadə edilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

----------

17:04

Dekabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfərə gəlib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Naxçıvan Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov qarşıladı.

Azərbaycan Prezidenti Naxçıvan Muxtar Respublikası hökumətinin üzvləri ilə görüşdü.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.