Siyasət

YAP: Nardaranda hakimiyyət orqanlarının atdığı addımlar düzgündür

1 Dekabr 2015 12:17
Baxış: 2 470

Nardaran Azərbaycan dövlətinin bir hissəsidir. Dövlətin qanunları bu qəsəbədə də ali qaydalar kimi tətbiq olunmalıdır. Bu baxımdan hakmiyyət orqanlarının orada atdığı addımlar düzgündür.

Bu barədə Milli.Az-a iqtidarda olan Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə hüquq-mühafizə orqanlarının Nardaranda apardığı əməliyyatlara münasibət bildirərkən deyib.

YAP rəsmisinin sözlərinə görə, bu addımlar yerli əhalinin vətəndaş hüquqlarının məhdudlaşdırılmasına qarşı yönəlməyib, əksinə, qanunçuluğun bərpasına, stabilliyin qorunmasına yönəlmiş addımlardır: "Bu addımlarla heç bir halda kiminsə hüquqları pozulmayacaq, nə də kiminsə mülkiyyətinə, təhlükəsizliyinə, onun sərbəst fəaliyyət göstərməsinə maneçilik törədilməyəcək. Bu addımlar əslində Nardaran sakinlərinin dinc yaşayışı, qanunların bərpası üçün atılır. Bu baxımdan yerli əhalinin də hakimiyyət orqanlarına dəstəyi olacaq".

A.Mirzəzadə hesab edir ki, Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun yaydığı birgə məlumatda Nardarandakı hadisələrə düzgün hüquqi və siyasi qiymət verilib: "Çox təəssüf ki, Nardarandakı hakimiyyət orqanları fəaliyyətsizdir. Orada bir qrup insan özünü hakimiyyət sahibi kimi aparır. İctimai asayişin pozulması, eyni zamanda ölkə qanunlarının işləməsinə maneçilik törədilir. Bütün bunlar hakimiyyətin müvafiq addımlar atmasına səbəb olur".

Bundan başqa, millət vəkilinin fikrincə, Nardaranda hüquq-mühafizə orqanlarının əməliyyatları ilə yanaşı, bir sıra tədbirlər həyata keçirilməlidir: "Hesab edirəm ki, Nardaranda yerli əhali arasında geniş maarifləndirmə işi aparılmalıdır. Uşaqların dini aksiyalara, dini təbliğata, radikal addımlara cəlb edilməsinin qarşısı alınmalıdır. Vətəndaşlara qanunlara riayət edilməsinin vacibliyi izah edilməlidir. Əhalinin kommunal borclarının ödənilməsi üçün tədbirlər görülməlidir və s. Ümumən götürdükdə bu gün keçirilən aksiya Nardaranda stabilliyin, qanunçuluğun bərpa edilməsinə doğru ciddi bir addım olmalıdır".

Pünhan

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.