Siyasət

Enerji sektorunun zəifləməsi kimin xeyrinədir?

30 Noyabr 2015 21:18
1 Şərh     Baxış: 926

Enerji sektoru kəskin şəkildə zəifləməkdədir və bu da "Wall Street"də həyəcan yaradır.

Qiymətlərin aşağı düşməsindən əziyyət çəkən neft-qaz şirkətləri defolta doğru gedir, iri banklar isə bu şirkətlərə borc vermək istəmirlər.

Restrukturizasiya üzrə hüquqşünaslar, investisiya fondları və problemli borclar üzrə mütəxəssislərin hamısı yeni biznes axınına hazırlaşırlar. "Dechert LLP" hüquq firmasının həmsədri Maykl Seyc bildirir ki, artıq borcların restrukturizasiyası halları ilə daha çox rastlaşırlar. Onun fikrincə, ən böyük faktor neft qiymətlərinin aşağı düşməsidir.

Gəlirli biznes

Business İnsider-in eksperti Conatan Marino "The energy crash is going to be huge business for Wall Street" məqaləsində bildirir ki, borcların restrukturizasiyasının təmin edilməsi "Wall Street"də böyük bir biznesdir.

Şirkətlər çox vaxt kreditorlarının qoyduğu yeni şərtlərlə razılaşaraq borclarının restrukturizasiya edilməsinə çalışırlar.

Bundan başqa, restrukturizasiyanın bir başqa yolu da borcun bir qisminin qarşılığında şirkət səhmlərinin bir hissəsinin kreditorlara ötürülməsidir. Bəzi şirkətlər borclarını ödəmək üçün ya parçalanır, ya da aktivlərini satırlar.

Maliyyə böhranının ardından işin çoxalacağı gözləntisi ilə bir çox hüquq və məsləhətçi firmalar yeni mütəxəssislər işə götürüblər, ancaq faiz dərəcələrinin rekord həddə aşağı olması nəticəsində fəaliyyət gözlənildiyi qədər olmayıb. Buna baxmayaraq, vəziyyət hər an dəyişə bilər.

"Kirkland & Ellis" hüquq firmasının şəriki Coşua Susberq ard-arda müflisləşmələr olacağını bildirib. Bunun səbəbi təkcə qiymətlərin aşağı düşməsi deyil. Bəzi enerji şirkətləri hedcinq üsulundan istifadə etməklə özlərini neft qiymətlərinin aşağı düşməsindən qoruya biliblər.

Bundan başqa, Federal Ehtiyat Sisteminin faiz dərəcələrini qaldırma ehtimalı var və bu, enerji şirkətlərinə əlavə təzyiq göstərə bilər.

İnvestor marağı

İnvestorlar necə pul qazana biləcəklərinin yolunu tapmaq üçün enerji sektoru ətrafında dönürlər. İnvestisiya fondları hərəkətə keçməyə hazırdırlar. Məsələn, bir investisiya fondu tərəfindən aparılan sorğuda iştirak edənlərin 52 faizi enerji sektorunun digər sektorlarla müqayisədə çox mühüm fürsətlərlə dolu olduğunu bildirib. Sorğu nəticəsində bildirilib ki, qiymətlərin aşağı düşməsinin mənfi təsir göstərməsi nəticəsində enerji sektorunda fəaliyyət 2015-ci ildə aşağı səviyyədə olmuşdur. Belə görünür ki, investisiya fondları hərəkətə keçməzdən əvvəl bu sektorda artım olmasını gözləyirlər. Artıq onlar hərəkətə keçdikdən sonra şirkətlərin bir çoxunun müflisləşməsi gözlənilir.

Problemli borclar

Problemli borların olduğu yerdə özəl səhm alıcıları və bu borclar üzrə investorların olması ehtimalı da yüksəkdir. Problemli borc investorları maliyyə böhranından sonrakı dövrdə investisiyalarının qarşılığını almaq üçün çox əziyyət çəkdilər, belə ki, faiz dərəcələrinin uzun müddət aşağı olması çətinliyə düşən şirkətlərin sayını məhdudlaşdırmışdı. Faiz dərəcələrinin yaxın gələcəkdə yüksəlməsinin və istiqraz bazarlarında problemlərin çıxmasının gözlənilməsi ilə bəziləri daha çox şirkətin təzyiq altında qalacağını iddia edirlər.

"Oaktree Capital" alternativ investisiya şirkətinin baş icraçı direktoru Cey Uintrob Amerika Bankı tərəfindən bu il Nyu-Yorkda keçirilən "Bank və Maliyyə Xidmətləri" konfransındakı çıxışında maliyyə böhranından bu yana borcların miqdarında "çox böyük" artım olduğunu bildirmişdi.

Orxan Hun
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.