Siyasət

İŞİD zənn etdiyimizdən də təhlükəlidir

30 Noyabr 2015 21:04
12 Şərh     Baxış: 5 935

İŞİD əsirlərinin edam edilməsini lentə alan videoyazılar dünyanı şoka saldığı kimi, Avropanın paytaxtında törədilən terror aktları da eyni effekti verdi. Keçmişdə Mərkəzi Kəşfiyyat İdarəsinin xarici siyasət üzrə eksperti, hazırda isə Beynəlxalq İdarəetmə üzrə İnnovasiyalar Mərkəzinin əməkdaşı olan Jaklin Lopurun sözlərinə görə, terrorçular tərəfindən qəddarlığın nümayiş etdirilməsi ekstremist təşkilatının gündəlik xəbərlərdə müşahidə etmədiyimiz ən dəhşətli xüsusiyyətini gizlədir. Reuters saytında analitik öz köşəsində qeyd edir ki, "İslam dövləti"ndən törəyən ən böyük təhlükə onun yumşaq gücüdür.

"İslam dövləti" tərəfindən işğal edilən ərazilərdə minlərlə adi sülhpərvər insan yaşayır və bu insanlar İŞİD-in yalnız "yaxşı" tərəfini görürlər: onlar İŞİD-in kasıbları necə bəslədiyini və karnavallar, eyni zamanda kəndir çəkmə yarışları kimi şəhər əyləncələrini necə təşkil etdiyini müşahidə edirlər. İŞİD müharibəni sərhəd xaricində yalnız avtomatlarla deyil, o cümlədən daxildə - təbliğat vasitəsilə aparır. Lopurun yazdıqlarına əsasən, ən qorxulusu isə odur ki, ekstremistlər əsasən ikinci müharibədə üstünlük qazanırlar.

Reuters-in analitiki Jaklin Lupur "The scariest thing about Islamic State? Its kinder, gentler side" məqaləsində bildirir ki, bu ilin avqust ayında BBC "İslam dövləti"nin daxili təbliğatının araşdırılmasına dair böyük və çox maraqlı bir material dərc etdi. Bu materialda görünür ki, təbliğat qanlı edam videoyazılarından deyil, gündəlik həyatı əks etdirən adi süjetlərdən ibarətdir; bununla belə, kənar məlumat mənbələri və anti-İŞİD mesajlarına çıxış bağlanılır.

İŞİD nəzarət altında saxladığı ərazilərdə əvvəllər Suriya və İraqda fəaliyyət göstərən legitim rejimlərə bənzər funksional dövlət yaratmağa müvəffəq oldu, - o vergi (rüşvət) toplayır, rejimə sadiq olan insanların təhlükəsizliyini təmin edir, zibillərin yığılmasını, məktəblərin fəaliyyət göstərməsini, hətta nikah haqqında şəhadətnamənin verilməsini təşkil edir; Suriyanın Dəyr-əz-Zor vilayətində İŞİD ətraf mühitə dair qaydalar toplusunu dərc edib. Məqalənin müəllifi qeyd edir ki, bəzi suriyalılar hesab edirlər ki, vətəndaş müharibəsinin xaosundan sonra İŞİD-in gəlişi onlara qismən də olsa "normal" həyata geri qayıtmaq imkanı verdi. "İslam dövləti"nin nəzarəti altında olan ərazilərdən birinin sakininin Time qəzetinə söylədiklərinə əsasən, o, keçmişdə qruplaşmaya qarşı idi, lakin daha sonra fikrini dəyişdi, çünki ekstremistlər onun qardaşının toy xərclərini ödədilər və qonşusuna evini təmir etməsi üçün pul verdilər.

Lupur qeyd edir ki, bunları düşündükcə insan dəhşətə gəlir. Əgər İŞİD-ə qarşı koalisiya qruplaşmanın təbliğatı ilə mübarizə aparmağın yollarını tapmasa, İŞİD daha da güclənəcək, onun təsiri altında yaşayan insanlar isə onlara stabil həyat təmin edə biləcək "İslam dövləti"nin idarə üsulunun yetərincə məqbul olduğunu düşünəcəklər. Məqalənin müəllifi həmçinin əlavə edir ki, bu, yayılma sürətilə heyrətləndirən, klassik Stokholm sindromudur.

Son dövrün tarixində bənzər transformasiya hadisələri yer alır. "Taliban" Əfqanıstanda xaosun fəsadlarını aradan qaldırdıqdan sonra əhalinin dəstəyini qazandı. Fələstində Həmas və Livanda "Hizbullah" da həmçinin xeyriyyə tədbirlərinə, məktəblərə, kitabxanalara, xəstəxanalara, sığınacaqlara yetərincə vəsait həsr etdikləri və səy göstərdikləri üçün əhali tərəfindən dəstək qazana bildilər.

İŞİD-in də bu yolla gedəcəyini təsəvvür etmək qorxuncdur: əgər qruplaşma sosial iş və təbliğat vasitəsilə cəmiyyətdə kök sala bilsə, onu məğlub etmək daha çətinləşəcək. Analitik hesab edir ki, "İslam dövləti"nə qarşı beynəlxalq koalisiya artıq İŞİD-dən törəyən mənfi təbliğatla mübarizəyə sərmayə qoymağa başladı, lakin onun "yaxşı" tərəfinin ifşa edilməsinə yetərincə diqqət ayrılmır. Əgər bunu indi etməyə başlamasalar, bir neçə il sonra çox gec ola bilər.

Orxan Hun
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.