Siyasət

Qanunlar yoxlanacaq: Gənclərin mənzil problemi necə olacaq?

27 Noyabr 2015 14:19
Baxış: 1 927

Gənclər və idman sahəsində mövcud qanunvericiliyi təftiş edəcək, bu istiqamətdə yeni təkliflər hazırlayacağıq.

Bu barədə Milli.Az-a açıqlamasında Milli Məclisin yeni yaradılan Gənclər və idman komitəsinə sədr seçilmiş Fuad Muradov bildirib.

Millət vəkili qeyd edib ki, yeni yaranan komitədə əsas prioritet məsələ gənclər və idman istiqamətlərində qanun yaradıcılığı və mövcud qanunvericiliyin təkmilləşdirilməsi olacaq: "Gənclərlə bağlı məsələlər müxtəlif qanunlarda yer alıb. İndi əsas məqsədimiz odur ki, mövcud qanunvericiliyi, edilən əlavə və dəyişikliyi nəzərdən keçirək, eyni zamanda, idman və bədən tərbiyəsi sahəsində qəbul edilmiş qanunlara, onlara edilən əlavə və dəyişikliklərə baxaq. Yəni ilk işimiz hansı normativ-hüquqi aktlar, qanunlar varsa, onları təftiş etməkdən ibarət olacaq.

İkinci mərhələdə isə yeni təkliflər irəli sürüləcək".

F.Muradov bildirib ki, artıq irəli sürülməsi nəzərdə tutulan müəyyən təkliflər də var: "Onlar əvvəllər də dəfələrlə Milli Məclisdə söylənilib. Bu, əsasən gənclərin asudə vaxtlarının təşkili, idman qurğuları şəbəkəsinin qurulmasıdır. Yəni Azərbaycanda bu günədək cənab prezidentin apardığı siyasətə uyğun olaraq bir çox rayonlarımızda olimpiya kompleksləri, stadionları və s. idman obyektləri yaradılıb. Biz indi gələcəkdə onların təminatı və bu obyektlərdə kütləviliyin daha çox təmin edilməsi istiqamətdə işləməliyik. Bizim əsas məqsədlərimizdən biri ölkədə idmanın bütün növlərində kütləviliyin təmin olunmasıdır. Bu istiqamətlərdə bizi çoxlu işlər gözləyir. Eyni zamanda gənclər təşkilatlarının fəaliyyəti ilə də bağlı müəyyən fikirlərimiz var. Onları da həyata keçirməyə çalışacağıq".

Komitə sədrinin sözlərinə görə, bundan əlavə, gənclərin mənzil təminatı, həmçinin gənc ailələrin sosial müdafiəsi, onların dayanıqlı olması, ailələrdə milli-mənəvi dəyərlərin qorunması istiqamətində də müəyyən işlər görməliyik: "Əslində bəzi ailələrin dağılması müəyyən qədər bizə yad olan, digər ölkələrdən gəlmiş amillərlə, tendensiyalarla bağlıdır. Azərbaycanda ailə institutu həmişə çox güclü olub. Bu gün də belədir. Bu, həm də insanların təhsili, mədəniyyəti ilə bağlı məsələdir. Burada bir çox məsələlər birləşib. Ona görə də buna ümumilikdə kompleks şəklində yanaşmalıyıq. Bu sahədə də araşdırmalar aparacağıq. Bu, çox əsaslı, elmi araşdırmalar olacaq. Ona əsaslanaraq da işlərimizi quracağıq".

İlkin İzzət
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.