Siyasət

Bizim də "dəmir yumruğumuz" olmalıdır

27 Noyabr 2015 11:44
1 Şərh     Baxış: 4 818

Azərbaycan və Qazaxıstan kimi ölkələr əsas hərbi qüvvə təminatçıları olan Rusiyadan asılı olmadan hərbi donanmalarını təkmilləşdirdikcə Xəzər dənizinin təhlükəsizlik sistemi, habelə qüvvələr nisbəti dəyişməkdədir.

Hərbi donanmaları tam təkmilləşməmiş Bakı ilə Astana hələ ki Rusiyaya qarşı çıxa bilməsələr də, neft və təbii qaz üzrə maraqlarını qoruya biləcəklər.
Xəzər dənizi ilə sərhəddə yerləşən ölkələr xarici müdaxilədən yayınmaq məqsədilə stabilliyi qorumaq üçün əllərindən gələni edəcəklər.

Nüfuzlu "Stratfor" agentliyi "The Strategic Importance of the Caspian Sea" ("Xəzər dənizinin strateji əhəmiyyəti") adlı hesabatında bildirir ki, dünyanın ən böyük axmaz gölü olan Xəzərin təhlükəsizlik arxitekturası yaxın zamanda dəyişə bilər. Xəzər dənizi ilə sərhəddə yerləşən dövlətlər - Rusiya, İran, Azərbaycan, Türkmənistan və Qazaxıstan - arasında ən güclü hərbi donanma Rusiyaya məxsusdur və Xəzər sularında hərbi fəaliyyət çox vaxt Rusiyanın gücünü əks etdirir. Rusiya burada Moskvada istehsal olunan vasitələrin istifadə edildiyi hərbi təlim və əməliyyatların, demək olar, hamısında iştirak edir.

Ancaq bu vəziyyət dəyişə bilər. Azərbaycan və Qazaxıstan Rusiyadan asılı olmadan öz donanma imkanlarını artırmaqda qətiyyətli görünürlər. Noyabrın 4-ü ölkələr arasında 2016-cı ildə qüvvəyə minəcək ikitərəfli müdafiə əməkdaşlığı haqqında müqavilə imzalanıb. Birgə hərbi-dəniz təlimlərinin keçirilməsinin vurğulandığı müqavilə ilə Azərbaycan Qazaxıstanda keçirilən KADEX silah və hərbi texnika sərgisinə dəvət edilir.

Bu müqavilənin imzalanmasının səbəblərindən biri İranın icazəsi ilə Xəzər dənizindən Suriyaya qanadlı raketlər atan Rusiyanın Suriyaya müdaxiləsinin artmasıdır. Belə bir əməkdaşlığın təşkil etdiyi təhlükədən ehtiyatlı davranan Azərbaycan və Qazaxıstan Rusiyadan asılılığa son qoymağa çalışacaqlar.

Azərbaycanın dəniz gücü

Keçmiş SSRİ-nin HDD-nin Qırmızı bayraqlı Xəzər Donanmasının Bakı və Moskva arasında bölünməsi 1992-ci ildə həyata keçirilib. Hərbi gəmilərin Azərbaycanın balansına qəbul edilməsində HDQ-nin keçmiş komandanı, kontr-admiral Rafiq Əsgərov mühüm rol oynayıb. O vaxt Rusiya müəyyən bəhanələrlə Bakı bazasında yerləşmiş müasir gəmiləri açıq dənizə çıxararaq Mahaçqalaya aparıb və geri qaytarmayıb. Hazırda Azərbaycanın HDQ-nin şəxsi heyətinin sayı 3000 nəfər göstərilir. HDQ tərkibinə su rayonunun mühafizəsi divizionu, desant gəmiləri divizionu, tral divizionu, axtarış-xilasetmə gəmiləri divizionu, təlim gəmiləri divizionu daxil olan əsasən suüstü gəmilər briqadasından ibarətdir. Bundan başqa, yardımçı gəmilər dəstəsi mövcuddur.

HDQ tərkibinə həmçinin Bakı ətrafındakı Zığ rayonunda yerləşən dəniz piyada taburu və xüsusi təyinatlı diversiya - kəşfiyyat mərkəzi daxildir.

Azərbaycan HDQ-nin ən nəhəng gəmisi 1040 tonluq 159A layihəli "Bakılı" keşikçi gəmisidir. Bundan başqa, HDQ-nin balansında 10410 layihəsi əsasında inşa olunmuş qayıqəleyhinə artilleriya kateri, qayıqəleyhinə "Araz" kateri (Türkiyədə 1969-cu ildə qurulub, keçmiş AV-34), 205U layihəli raket kateri (keçmiş R-173), 205P tipli 3 kater, 1388R (KRX-1) layihəli keşikçi gəmiləri, 1400M "sərhədçi" layihəli kater, HDQ-nin balansına 3 ədəd 12650 layihəli əsas tral (keçmiş BT-16, BT-103, BT-155) və 2 ədəd 1258 layihəli reyd gəmiləri (keçmiş RT-136 və RT-473), amfibiya qüvvələri qrupuna 3 ədəd Polşa istehsalı (771A-D-431 layihəli keçmiş MDK-107, 770T və 770MA layihəli keçmiş MDK-37 və MDK-687) və 2 ədəd 106 və 106L layihəli gəmi, 1785 layihəli desant kateri (keçmiş D-603) daxildir.

Azərbaycan HDQ-nin yardımçı donanması 20-dən artıq müxtəlif gəmilərdən ibarətdir. Onlar arasında 10470 layihəli tanker, 1844 layihəli kiçik baza tankeri, 871 və 872 layihəli 2 ədəd kiçik hidroqrafik gəmi (Polşa istehsalı), 1893 layihəli 2 ədəd yanğınəleyhinə (PJS551 və PJS-552) gəmi də var. Yardımçı donanmaya 364 layihəli (keçmiş PJK-12 və PJK-179) 2 ədəd yanğınəleyhinə kater, 1172 layihəli kiçik kabel gəmisi (keçmiş "Emba", Finlandiya istehsalı) və SK-620 layihəli sanitar-hospital kateri (12 yerlik lazaret, Polşa layihəsi) də daxildir.

Bundan başqa, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə briqadası da mövcuddur. Bu briqadaya ABŞ-ın Sərhəd Mühafizəsi 2001-ci ildə S-201 patrul kateri ("S" seriyalı "Point Brower"), 48 futluq "Silver Ship" tipli 3 patrul kateri bağışlayıb.

Əsaslı maraqlar

Azərbaycan və Qazaxıstanın Xəzər dənizində əsaslı maraqları var: Xəzər neft-qaz resursları ilə doludur. ABŞ-ın Enerji İnformasiya Administrasiyası Xəzər dənizi hövzəsində 48 milyard barrel neft, 8,2 trilyon kubmetr həcmində təbii qaz olduğunu bildirir. Eyni zamanda Rusiyanın əli olmadan Avropanı təbii qazla təmin edəcək Transxəzər qaz kəmərinin yolu da buradan keçir. 

Xəzər dənizi, sadəcə, coğrafi anlam yox, Azərbaycan üçün həddən ziyadə böyük önəm kəsb edən neft və qaz yataqları, bioloji resurslar, geosiyasi üstünlük ünsürüdür. Bu baxımdan Rusiya və İranın reaksiyalarını əvvəlcədən hesablamaq şərtilə, amma kənar dövlətlər arasında kimsəni gözləmədən və kiməsə bel bağlamadan hərbi-dəniz qüvvələrimizi sürətlə inkişaf etdirməli, hərbi ekspertlərin "dəmir yumruq" qismində səciyyələndirdikləri hərbi gücümüzü formalaşdırmalıyıq.
Çağdaş dünya düzəni indi əfsuslar olsun ki, "ədalət güclünün tərəfindədir" prinsipinə əsaslanır. Güclü ordusu, hərbi-dəniz qüvvələri olmayan ölkələr proseslərin sonunda qalmaq, hadisələrin aryerqardında yer tutmaq məcburiyyətindədir.
Azərbaycan müstəqilliyinin ilk günlərindən bəzi ölkələrin ona "biçmək" istədiyi bu rolu rədd edib, silahlı qüvvələrini inkişaf etdirib. Son illərdə həmin inkişaf daha aktivdir və belə fonda hərbi-dəniz qüvvələrimizin potensialının artırılması, ən son hərbi texnologiyalar, silah və texnika ilə təchizatı xüsusi əhəmiyyət kəsb edir.

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.