Siyasət

Jirinovskini Azərbaycana kim gətirmişdi?

26 Noyabr 2015 21:39
23 Şərh     Baxış: 13 290

Rusiyanın Liberal Demokratik Partiyasının (RLDP) sədri Vladimir Jirinovskinin son günlərdə Azərbaycan və Türkiyə əleyhinə verdiyi açıqlamalar geniş müzakirələrə səbəb olub. Partiya sədri rus təyyarəsinin vurulmasının ardından açıq şəkildə türklərə qarşı mübarizədə erməni və kürdlərdən istifadə edilməsinin vacibliyindən danışıb. 

"Türkiyə məsələsini başqa əllər vasitəsilə həll etmək lazımdır. Ermənilər türklərə nifrət edir, əgər biz onlara qərb ərazilərini azad etməyə icazə versək, onlar məmnuniyyətlə torpaqlarını azad edəcəklər. Kürdlər bizim köməyimizi gözləyirlər. Əgər biz kürdlərə desək ki, sizin müstəqilliyinizi tanıyırıq o zaman paytaxtı Diyarbəkir olan müstəqil Kürdüstan yaranacaq. Beləliklə də Şərqi Anadoluda yeni dövlət mövcud olacaq. Bununla yanaşı, biz Böyük Ermənistanın yaranmasına da şərait yaradacağıq", - deyə Jirinovski bildirib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, daim ölkəmizə qarşı açıqlamaları ilə gündəmə gələn Jirinovski son iki ayda Azərbaycan lehinə fikirlər səsləndirirdi. Buna səbəb də, onun iki ay öncə ölkəmizə səfər etməsi, prezident səviyyəsində görüşlər keçirməsi idi. Son açıqlamalarından sonra  RLDP sədrinin Azərbaycana təmtəraqlı səfərinin hansı qurum tərəfindən təşkil  edilməsi barədə daha çox iddialar səslənməyə başlayıb. Ən çox adı keçən qurumlardan biri, Milli Məclisin nəzdində fəaliyyət göstərən Azərbaycan-Rusiya parlamentlərarası dostluq qrupudur. 

Dostluq qrupunun üzvü olan Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa Jirinovskinin dəvətində heç bir rollarının olmadığını bildirdi: "İşçi qrupu var. Əvvəllər dostluq qrupu gedirdi, indi isə, parlamentlərarası əlaqələr qrupu adlanır. Bu qruplara ona görə daxil olmuşuq ki, qonşu ölkələrlə əlaqələrdə müəyyən maraqlarımız var. Ən azından prosesləri izləməyimizə normal yanaşılmalıdır. Amma qruplar formal xarakter daşıyır. Ad olaraq fəaliyyət göstərir. Jirinovskinin dəvətində heç bir rolumuz olmayıb. Ona qarşı münasibətim müsbət deyil. Amma onun Azərbaycana dəvət olunmasına, ölkəmizlə münasibətlərinə normal yanaşıram. Ən normal addımlarımızdan biridir. Azərbaycanla bağlı sərsəm çıxışlarının azalması xeyrimizədir. Türkiyəyə qarşı fikirləri Rusiyanın mövqeyidir, o, ifadə edir. Rusiya hakimiyyətinin mesajlarını ötürən bir şəxsdir. Bu cür açıqlamalara alışmalıyıq. Təhdiddən necə müdafiə olunmağın yollarını düşünməliyik. Türkiyə ilə münasibətlərin gərginləşməsi Rusiyanın özünə ziyandır. Hamı ilə dost olub, Türkiyə ilə münasibətlər gərgin olsaydı, anlaşılan idi. Amma hazırda Rusiyanın əksər dövlətlərlə münasibətləri xoş deyil. İranla müvəqqəti maraqları üst-üstə düşdüyünə görə yaxındır. İranın yüksək qatında olmasa da, alt təbəqəsində müsəlman düşüncəsində olan insanlar var. Buna görə də, Rusiya İran üçün də təhlükədir. Məsələlər Rusiyanın xeyrinə deyil. Türkiyə ilə onsuzda Rusiyanın əbədi dostluğu olmayıb. Rusiyanın hədələri mənasızdır. Sadəcə Türkiyə siyasətini düzgün qurmalıdır ki, az zərərlə çıxsın".

Politoloq Elxan Mehdiyev Jirinovskinin Azərbaycana səfərinin rəsmi şəkildə təşkil olunduğunu qeyd etdi: "Onun bura gəlməsi və sonrakı bəyanatları göstərdi ki, Azərbaycana dəvət olunması düzgün addımdır. Çünki, o, tonunu 80% dərəcədə dəyişdi. Hətta anti-erməni çıxışları da oldu. O, artıq son günlərdə kölgədə qalıb. Rus kanallarında Türkiyə əleyhinə siyasi şərhçilər açıq şəkildə kampaniyaya başlayıblar. Terror təşkilatlarının törətdikləri vəhşiliklər türklərin üzərinə atılır. Türk kanallarına baxırsan, demokratik yanaşma gedir, debatlar təşkil olunur. Məsələlərin iki tərəfə də təsir etməməsi üçün balanslı siyasət aparılır. Rusiyada tamam əksidir. Sovet dövründə almanlara və ABŞ-a qarşı aparılan kampaniya indi türklərə tətbiq edilir. Bu çox təhlükəlidir. Artıq əlamətləri üzə çıxır. Rusiyada qanun hakim deyil. Özbaşınalıq baş alıb gedir".

Politoloq Jirinovskinin erməni və kürdlərdən türklərə qarşı mübarizədə istifadə olunması fikirlərinə də toxundu: "Jirinovskinin tarixdən xəbəri var. O, 100 il bundan əvvəl Osmanlı imperiyasında baş verənlərdən danışır. O zaman çar imperiyası erməni və yunanlardan istifadə etmişdi. Jirinovski həmin siyasətin davam etməsini istəyir. Bunu təkcə o demir. Telekanallara ekspert adında çıxardıqları şəxslər də deyirlər. Rusiya hakimiyyəti türklərə qarşı qisas almaq siyasətini açıq şəkildə büruzə verir".

Qeyd edək ki, rusiyalı deputatlar qondarma "erməni soyqırımının" inkarına görə 500 min rubl məbləğində cərimə və 5 ilə qədər azadlıqdan məhrum etmə cəzasını tətbiq etməyi təklif edirlər.

Yeni qanun layihəsi Rusiya Dumasına müzakirəyə çıxarılması üçün təqdim edilib. Qanun layihəsinə əsasən, 1915-1922-ci illər ərzində Osmanlı Türkiyəsində baş verən qondarma "erməni soyqırımının" inkar edilməsi, həmçinin bu cinayətlərə dəstək verilməsi 300 min rubl və ya iki illik əmək haqqı məbləğində cərimə, yaxud 3 ilə qədər azadlıqdan məhrum etmə cəzasını tətbiq etmək təklifi edilir.

Əgər "soyqırım" KİV-in istifadəsi ilə inkar edilirsə, tətbiq olunan cərimə məbləğinin yuxarı həddini 500 min rubla qədər, azadlıqdan məhrum etmə cəzasını isə, 5 il müddətinə qədər qaldırmaq təklif olunur.

E.Mehdiyev bu məsələyə də münasibət bildirdi: "Bunu təkcə erməni məsələsi üzərinə gətirmək doğru deyil. Hesab edirəm ki, bununla Rusiyada qanunun aliliyini göstərmək istəyirlər. Rusların soyqırım məsələsindəki mövqeləri məlumdur".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.