Siyasət

Supergüclər Yaxın Şərqdə: qarşılıqlı ittihamların yeni dalğası

25 Noyabr 2015 19:05
0 Şərh     Baxış: 1 134

Dünya terror təhlükəsindən yaxa qurtara bilmir. Uzun müddətdir ki, Yaxın Şərqdə tüğyan edən silahlı toqquşmalar, terror aktları bəşəriyyəti çətin vəziyyətə salıb. Xüsusilə Fransada həyata keçirilən silsilə terror aktları məsələnin ciddiliyindən xəbər verir. Böyük dövlətlərin həmin hadisədən sonra real surətdə terrora qarşı birləşəcəkləri gözlənilən idi. Lakin son günlər müxtəlif mənbələrdən yayılan informasiyalar bununla bağlı ciddi şübhələrin qalmaqda olduğuna dəlalət edir. ABŞ və Rusiya arasında qarşılıqlı ittihamlar artır. Hətta Avropanın belə tam səmimi olmadığından bəhs edilir. Bu şəraitdə terrorla səmərəli mübarizə imkansız görünür. Qəribədir ki, dünyanın böyük dövlətləri hələ də bunlardan lazımi nəticələr çıxarmayıblar. O halda qlobal miqyasdakı geosiyasi-hərbi risklərin qaldığını demək olar. Eyni zamanda, yeni təhlükəsizlik sisteminin yaranmasından da söhbət açmaq çətindir.

Geosiyasi dilemma: kimdir günahkar?

"Böyük İyirmiliy"in Türkiyədəki sammitindən sonra superdövlətlərin Suriya məsələsində ortaq razılığa gəlməyə yaxın olduqları barədə məlumatlar yayıldı. O cümlədən Rusiya ilə Qərb arasında müəyyən yumşalmaların müşahidə edildiyi bildirildi. Lakin sonrakı hadisələr göstərdi ki, vəziyyət mürəkkəb olaraq qalır. Hətta ABŞ prezidenti Moskva ilə Tehrana qınayıcı mesaj göndərib. Kreml də öz növbəsində Vaşinqtonun İŞİD-ə qarşı mövqeyinin tam məlum olmadığı haqqında danışıb.

Bu barədə xarici işlər naziri Sergey Lavrov fikir bildirib. Onun sözlərinə görə, ABŞ bir tərəfdən İŞİD-in zəifləməsinə çalışır, digər tərəfdən isə onun Bəşər Əsəd rejiminə qarşı daha güclü olmasının tərəfdarıdır. S.Lavrov deyib: "ABŞ və onun müttəfiqləri Bəşər Əsədin mövqeyinin İŞİD-in hesabına zəiflədilməsinə nail olmaq istəyirlər, ancaq eyni zamanda, ekstremistlərin hakimiyyəti zəbt etməsini arzulamırlar" (bax: Лавров: США щадят ИГ для ослабления позиций Асада / "Взгляд", 17 noyabr 2015).

Rusiyalı nazir həmin fikrin faktlarla təsdiq olunduğunu bəyan edib. Belə ki, ABŞ və onun müttəfiqləri Suriyada terror təşkilatına qarşı 30 mindən çox uçuş həyata keçirib, lakin onun hərbi və ticari infrastrukturuna heç bir ciddi ziyan vurmayıblar. Rusiya Xarici İşlər Nazirliyinin yeni çağırışlar və təhlükələr üzrə departamentinin direktoru İlya Roqaçov daha konkret faktlardan danışıb. O, "Kommersant" qəzetinə verdiyi müsahibədə bildirib ki, ABŞ-ın başçılıq etdiyi koalisiya güclərinin hava zərbələri endirməsinə baxmayaraq, İŞİD geniş surətdə qanunsuz neft biznesi yarada bilib (bax: "Если ничего не предпринимать, то террористическая угроза приобретет для нас еще более серьезные масштабы", "Коммерсантъ", 20 noyabr 2015).

Bu təşkilata aid nəqliyyat vasitələri uzun müddətdir ki, Suriyada sərbəst hərəkət edir, neft daşıyır, onu satır və qazanc əldə edir. Koalisiyanın bombaları isə daha çox B.Əsəd ordusunun mövqelərinə düşüb. İŞİD yalnız Rusiya sentyabrın 30-dan orada hava hərəkatını gerçəkləşdirdikdən sonra ciddi itkilər verib. Onun neft obyektləri məhv edilir, istehkam və sığınacaqları dağıdılır.

Maraqlıdır ki, İ.Roqaçov hətta terror aktından sonra fransızların İŞİD-lə mübarizədə tam səmimi olmadıqlarından bəhs edir. Onun sözlərinə görə, Fransa qırıcılarının indi neft obyektlərini bombalamasının əsas səbəbi özünümüdafiədən çox, geosiyasi məqsədlərlə bağlıdır. Konkret olaraq isə İ.Roqaçov vurğulayır: "Təxmin edirəm ki, fransız tərəfdaşlarımız Suriya ordusunun qaçılmaz uğurlu hücumunu və yaxın zamanda neft rayonlarının... hökumətin nəzarətinə qayıdacağını nəzərə alırlar. Bir halda ki, Bəşər Əsəd və İŞİD onlar üçün eyni dərəcədə prioritet düşməndirlər, onda bu cür zərbələrlə hər ikisinə ziyan vururlar. Baxın, fransızlar İraq ərazisində analoji hədəfləri bombalamırlar" (bax: əvvəlki mənbəyə).

Ona diqqət yetirmək lazımdır ki, Moskvadan bu kimi informasiyalar Vaşinqtonun yaydığı bir sıra məlumatların fonunda gəlir. Prezident Barak Obama Filippində Asiya-Sakit okean İqtisadi Əməkdaşlığının sammitində bildirib ki, Suriyada siyasi islahatlar aparılmadan İŞİD-lə mübarizənin uğurlu olması mümkün deyildir. Bunun baş verməsi üçün isə B.Əsəd hakimiyyətdən getməlidir. "Nə qədər ki, Əsəd iqtidardadır, siyasi transformasiyalar mümkün deyildir" (bax: Обама: борьба с ИГ невозможна без политических реформ в Сирии / "ТАСС", 19 noyabr 2015).

Etimadsızlıq sindromu: terror təhdidi davam edir

Dünyanın iki böyük dövlətinin rəsmi dairələri arasında belə fikir ayrılıqlarının olması Suriya böhranının dərinliyini ifadə edir. Belə görünür ki, tərəflər hələ də narazılıqları aradan qaldırmayıblar. Vaşinqton B.Əsədin hakimiyyətdən getməsində israrlıdır. Üstəlik, o, İŞİD məsələsindən Dəməşqə və onu müdafiə edənlərə təzyiq vasitəsi kimi istifadə edir. Ekspertlər B.Obamanın açıqca Rusiya və İrana xəbərdarlıq etdiyindən danışırlar. O halda Suriyada terrora qarşı ortaq fəaliyyətdən söhbət açmağın hələ çox tez olduğu qənaəti yaranır.

Hətta Qərblə Rusiya-İran tandemi arasında bu məsələdə yeni gərginliklərin meydana çıxması ehtimalının yüksəldiyini demək olar. Məsələ ondan ibarətdir ki, Suriyada hərbi əməliyyatlarını intensivləşdirən Moskva son günlər terror hədəflərinə daha çox bombalar yağdırır. Bu zaman Moskva ilk növbədə "öz təhlükəsizliyini uzaq məsafədən qorumağa" çalışdığını bəyan etməkdən çəkinmir (bax: məs., "Если ничего не предпринимать, то террористическая угроза приобретет для нас еще более серьезные масштабы", "Коммерсантъ", 20 noyabr 2015).

Bundan başqa, Kreml açıq işarə edir ki, İŞİD-in maliyyələşdirilməsində Qərb dövlətlərinin, o cümlədən "Böyük İyirmiliy"ə daxil olan ölkələrin əli vardır. Təbii ki, bu, ciddi geosiyasi çalarları olan ittihamdır. Çünki belə məlum olur ki, Qərbin Suriyada əsas məqsədi terrorla mübarizə deyil. Əksinə, Qərb öz siyasi niyyətlərini həyata keçirmək üçün bir sıra terror qruplarını maliyyələşdirir. Bu isə Rusiyanı qane etmir. Həmin səbəbdən, Yaxın Şərqdə Qərb-Rusiya hərbi ixtilafının meydana gəlməsini istisna etmək çətindir.

Ekspertlər indi bu ssenaridən ehtiyat və həssaslıqla danışırlar. Məsələnin daha incə tərəfi Rusiyanın terrorun hədəfinə çevrilməsi barədə müəyyən proqnozların verilməsindən ibarətdir. Moskvada hesab edirlər ki, həmin istiqamətdə təhlükə artıb. İ.Roqaçov da yuxarıda qeyd olunan müsahibəsində bu haqda fikirlərini bildirib (bax: əvvəlki mənbəyə). Bu, Qafqaz və Mərkəzi Asiya istiqamətində Qərbin gizli savaşa başlaması anlamına gəlmirmi? Şübhəsiz, belə bir nəticə çıxarmağa sövq edən faktlar mövcuddur və onların bir qismi yuxarıda vurğulanıb.

Belə görünür ki, Avropa dövlətləri də Fransada baş verən terror faciəsindən kifayət qədər konstruktiv nəticələrə gələ bilməyiblər. Onlar əvvəlki mövqelərində qalacaqlarsa və Suriyadakı bəzi qruplara müxtəlif yollarla dəstək verəcəklərsə, Yaxın Şərqdə sabitliyin bərpası böyük şübhə altına düşəcək. O cümlədən İŞİD-in hələ bir çox ölkədə qan tökməsi ehtimalı yüksək olaraq qalır. Onun hətta ABŞ-ı hədələməsi təsadüfi deyil. Deyilənlərin fonunda isə Avrasiya məkanına terror hücumlarının ola bilməsi daha real görünür.

Aydındır ki, Suriya daxilində terror fəaliyyəti nə qədər davam edəcəksə, bütün dünya üçün təhdidlər də bir o qədər qalacaqdır. Kimlər tərəfindən həyata keçirilməsindən asılı olmayaraq, terror yalnız mənfi nəticələr verir. Bunun fonunda böyük dövlətlərin fikir birliyinə nail olmaq istəməmələri çox düşündürücüdür. Nəzərə almaq lazımdır ki, ümumiyyətlə, terrorun qlobal miqyasda kökü kəsilməsə, heç bir effektiv lokal hərbi zərbə müsbət dəyişikliklərə gətirib çıxara bilməz. Bu baxımdan, Rusiyanın İŞİD-lə hərbi mücadiləsinin də bir sərhədi vardır.

Dünyanın supergüclərinin Yaxın Şərqdə ortaq məxrəcə gələ bilməmələri Suriya böhranı ilə əlaqədar keçirilən Vyana görüşlərinin də əhəmiyyətini azaldır. Burada qəbul olunan qərarlara ikili münasibət davam edirsə, danışıqlar konkret effekt verə bilərmi? Belə çıxır ki, əvvəlcədən başlanan müəmmalı oyunlar davam edir. Terrorun Avropada yayılması və tədricən Rusiyaya keçməsi vəziyyəti daha da ağırlaşdıracaq. Bunun qarşısını isə yalnız kollektiv surətdə almaq mümkündür. Təəssüf ki, məhz həmin istiqamətdə tutarlı addımlar atılmır. Belə şəraitdə digər ölkələrin təhlükəsizliyinə də ciddi təhdidlərdən danışmaq olar. Nə vaxta qədər?

Newtimes.az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.