Siyasət

Azərbaycan ATƏT-in Minsk qrupundan imtina etsə...

24 Noyabr 2015 21:37
2 Şərh     Baxış: 797

ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü təşkil etmək üçün cidd-cəhdlə çalışırlar. Doğrudur, hələ görüşün yeri və vaxtı barədə razılaşma əldə olunmayıb, lakin həmsədrlər görüşün yaxın vaxtlarda keçiriləcəyinə ümid edirlər.

Münaqişənin nizamlanması üzrə danışıqların dövlət başçıları səviyyəsində aparılmasına cəhd, təbii ki, nizamlama prosesində müsbət addımdır. Amma unutmayaq ki, bu, prosesdə birinci dəfə deyil, yeni mənzərə deyil. Hətta prezidentlər səviyyəsində görüşün də konkret nəticəsi olmayıb. Və bu gedişlə - Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe ilə, Minsk qrupunun fəaliyyətsizliyi və ya "gözdən pərdə asan fəaliyyəti" ilə çətin ki, nəticə əldə olunsun.

Bütün bu görüş və dialoqların isə bir nəticəsi olur - həmsədrlər ənənəvi, artıq əzbərlədiyimiz, yeknəsəq bəyanatlar verirlər. Bu bəyanatlarda isə təxminən belə bir fikir də olur: "Münaqişənin həlli tərəflərin iradəsindən asılıdır. Minsk qrupu sadəcə tərəflərə münaqişənin həlli yollarını axtarmağa kömək etməyə səy göstərir".

"Təmas xəttində artan gərginlikdən narahat olan, dərin təəssüf hissi keçirən", AŞ PA-da münaqişə ilə bağlı Azərbaycanın haqlı mövqeyinin əks olunduğu qətnamə layihəsinin qəbulundan sonra, özü bir iş görmədiyi halda, iş görə biləcək başqa təşkilatların fəaliyyətinə qısqanclıqla yanaşan həmsədrlər sonuncu bəyanatlarında bir qədər də irəli getdilər: "Biz hakim, vəkil deyilik".

Bəli, siz sadəcə vasitəçisiniz...

Azərbaycan Xarici İşlər Nazirliyinin cavabı daha dəqiq oldu: "Həmsədrlərdən hakim və ya vəkil olmaq deyil, sadəcə danışıqlar prosesində münaqişənin həlli ilə əlaqədar beynəlxalq ictimaiyyətin iradəsini əks etdirən BMT Təhlükəsizlik Şurası və BMT Baş Assambleyasının müvafiq qətnamələri, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyasının sənədləri, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin aidiyyəti qərarlarının icrasını təmin etmələri tələb olunur".

Minsk qrupunun 23 il 8 aydır davam edən "fəaliyyət"i Azərbaycana nə verdi? Ümumi götürsək, heç nə. Elə XİN-in təbirincə desək, ATƏT-in Minsk qrupunun bu cür mövqeyi yalnız Ermənistanın maraqlarına, qeyri-məqbul status-kvonun saxlanmasına xidmət edir.

İndi isə təxmin edək. Bütün bunları nəzərə alaraq, Azərbaycan Minsk qrupundan imtina etsə nə baş verər? İlk növbədə, Avropa Azərbaycanı beynəlxalq hüquq, onun norma və prinsipləri deyilən "adı var, özü yoxlar"a hörmət etməməkdə, Minsk qrupu danışıqlar prosesinin ruhuna xələl gətirməkdə, Ermənistan isə "təcavüzkar siyasət"də ittiham edər. Bir qədər də irəli getsək, Azərbaycana qarşı sanksiyaların tətbiqi gündəmə gətirilər, bəlkə qəbul da edilər. Gün kimi aydındır ki, Qərbin, Avropanın beynəlxalq hüququn norma və prinsipləri anlayışı təcavüzkar ölkə ilə təcavüzə məruz qalan ölkə arasında fərq qoya bilməmək, Azərbaycanın xeyrinə qəbul edilən bir sıra qətnamələrə əhəmiyyət verməməkdən ibarətdir. Bütün bunların qarşılığında isə zaman-zaman Azərbaycanı tənqid etmək də var (?!)

Bu, artıq ikili deyil, üçlü, dördlü, beşli standartdır. Bu, Qərbin, Avropanın ikiüzlü deyil, çoxüzlü, hətta üzsüz siyasətidir.

Hərdən elə təəssürat yaranır ki, BMT-nin münaqişə ilə əlaqədar qəbul etdiyi 4 məlum qətnamə və digər mühüm sənədlər beynəlxalq ictimaiyyətin yadından çıxıb və bunu hər dəfə yada salmaq işi Azərbaycana tapşırılıb. Əgər dünyanın ən mötəbər təşkilatlarının qəbul etdikləri qətnamələri tətbiq etmək mexanizmi yoxdursa, Ermənistan adlı xırda dövlət üzvü olduğu ən mötəbər təşkilatların qərarlarına əhəmiyyət vermirsə və dünyanın aparıcı ölkələri Ermənistan adlı xırda dövlətlə "bacara bilmirsə", Azərbaycan 20 ildən çoxdur "yeyib-yatmaqdan", ildə 2-3 dəfə "copy past" bəyanat yaymaqdan və Uorlik bəyin "tvitter fəaliyyəti"ndən başqa bir iş görməyən Minsk qrupundan niyə imtina etməsin ki? Azərbaycanın bu uğursuz qrupdan imtina etmək üçün kifayət qədər səbəbi, əsası var.

Onsuz da Qərb, Avropa gündən-günə ermənipərəst mövqeyini gücləndirir, onsuz da ATƏT və onun Minsk qrupu Azərbaycana dəstək vermir, onsuz da Azərbaycanı yeri gəldi-gəlmədi, tənqid edirlər. Bu tənqidlərin isə yalnız "it - karvan" effekti olur. Azərbaycan Minsk qrupundan imtina etsə, növbəti tənqidlər həmsədrlərin "səmərəli fəaliyyətini" "lazımınca qiymətləndirmədiyimizə" görə ünvanlanar...

Bəxtiyar Hacıyev
Trend

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.