Siyasət

Sumqayıtda köhnə lift qalmayacaq - SƏRƏNCAM

13 Oktyabr 2015 18:04
Baxış: 677

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sənəddə deyilir:

"Son illərdə Sumqayıt şəhərində çoxmənzilli binaların sakinlərinin yaşayış şəraitinin yaxşılaşdırılması, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, o cümlədən lift təsərrüfatının yenidən qurulması sahəsində müəyyən işlər görülmüşdür.

Bu istiqamətdə tədbirlərin davam etdirilməsinin vacibliyini və əhalinin müraciətlərini nəzərə alaraq, Sumqayıt şəhərində lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi, dövlət mənzil fonduna aid olan çoxmənzilli binalarda istismara yararsız daha 76 liftin yeniləri ilə əvəz edilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Sumqayıt şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3,7 milyon (üç milyon yeddi yüz min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.