Siyasət

"Azərbaycan Prezidenti türkdilli dövlətlərin xüsusi xidmət orqanlarını terrora qarşı birgə fəaliyyətə çağırdı"

9 Oktyabr 2015 15:41
Baxış: 513

Məlumdur ki, bu gün Azərbaycanda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 18-ci iclası keçirilir. Konfransda xüsusi xidmət orqanlarının rəhbərləri iştirak edir. Azərbaycan Prezidenti İlham Əliyev konfrans iştirakçılarını qəbul etdi. Dövlət başçısı çıxışında Azərbaycanı XX əsrin əvvəllərindən başlayaraq terrordan zərər çəkən bir dövlət kimi qeyd etdi. Prezident İlham Əliyev, eyni zamanda, müstəqillik illərində erməni terrorçuları tərəfindən ərazimizdə 30-dan artıq terror aktının törədilməsini bildirdi.

Bunu Trend Beynəlxalq İnformasiya Agentliyinin Baş direktorunun müavini, siyasi şərhçi Arzu Nağıyev deyib.

A.Nağıyev bildirib ki, bu terror aktları nəticəsində minlərlə günahsız insan həyatını itirib: "Biz beynəlxalq terrorçuluğun nədən ibarət olduğunu, mahiyyətinin nə olduğunu üzərimizdə hiss etmişik. Bunun qarşısının alınması üçün tədbirlərin görülməsi qarşımızda dayanan ən vacib məsələlərdən biridir. Çox təəssüf ki, Azərbaycan erməni terrorizmi ilə üz-üzə qaldı və bununla tək mübarizə apararaq bu gün müəyyən qədər həmin terrorun qarşısını alıb. Lakin buna baxmayaraq, bizim bir milyondan çox qaçqın və məcburi köçkün ordumuz əmələ gəldi. Azərbaycan Prezidenti İlham Əliyev onu da qeyd etdi ki, bu qədər qaçqın və məcburi köçkünə və təcavüzkarın kimdən ibarət olmasının məlum olmasına baxmayaraq, beynəlxalq təşkilatlar buna dəqiq qiymət verə bilmədi, bunun qarşını almaq üçün heç bir addım atmadı. Azərbaycan öz gücü, bacarığı, xüsusi xidmət orqanlarının hesabına bu təcavüzün qarşısını müəyyən qədər aldı".

A.Nağıyev xatırladıb ki, Xocalı faciəsini rəsmi soyqırım kimi 10-dan çox dövlət tanıyıb: "Məgər bu soyqırımın məsuliyyəti Ermənistan rəhbərliyinin üzərində deyilmi? Bəli, məsuliyyət Ermənistan rəhbərliyinin üzərindədir. Azərbaycan Prezidenti bunu da qeyd etdi".

Siyasi şərhçi vurğulayıb ki, bugünkü Ermənistan rəhbərləri terror əməliyyatları həyata keçirmiş dəstənin başçıları olub: "Lakin beynəlxalq təşkilatlar buna lazımi qiymət verə bilmədi. Məlumdur ki, istər Ermənistan prezidenti, istər müdafiə naziri, ölkənin bundan əvvəlki prezidentləri, qondarma "Dağlıq Qarabağ respublikası"nın indiki rəhbərlərinin hamısı səhra komandirliyindən, Qarabağ kartı üzərindən, insanların qanı bahasına gəlib həmin vəzifələri tutan şəxslərdir. BMT tərəfindən qəbul edilən 4 qətnamənin heç biri yerinə yetirilmir. Bunun səbəbkarı məhz Ermənistan və onun arxasında dayanan havadarlarıdır. Bütün bunların hamısı beynəlxalq hüquqa ziddir. Prezident İlham Əliyev dəfələrlə bunu öz çıxışında qeyd etdi. Tarixi Azərbaycan torpağı və Sovet dövründə respublika yox, vilayət muxtariyyəti olan Dağlıq Qarabağla yanaşı, onun ətrafındakı 7 Azərbaycan rayonu da işğal edilib. Bu rayonlarda ermənilər heç vaxt yaşamayıblar. Yaşayıblarsa da, kiçik qruplar şəklində, Azərbaycanın himayəsi altında yaşayıblar. Lakin bu gün həmin torpaqlar ermənilər tərəfindən zəbt olunub. Tarix dəfələrlə sübut edib ki, işğalçılarla, onun apardığı siyasətlə oynamaq düzgün nəticə vermir. Bu istər faşizmdə, istərsə də digər məsələlərdə özünü göstərib".

A.Nağıyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, bu gün türkdilli dövlətlərin xüsusi xidmət orqanlarının qarşısına qoyduğu məqsədlərdən biri öz dövlətlərinə qarşı olan təhdidlərin qarşısını almaq üçün fikir, məlumat mübadiləsi aparmaqdır: "Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 18-ci iclası elə bir ərəfədə keçirilir ki, radikal islam adı ilə İŞİD qrupları ərəb ölkələrində bəd niyyətlərini həyata keçirirlər. Azərbaycanın sərhədlərindən çox da uzaq olmayan yerlərdə terror hadisələri törədirlər. Yəni, bu gün təhdidlərin sayı artıb. Bu təhdidlərlə bağlı bütün dünya indi böyük fəlakətin, müharibə ilə üz-üzədir. Buna görə, Azərbaycan Prezidenti çıxışında dəfələrlə türkdilli dövlətlərin xüsusi xidmət orqanlarının məlumat mübadiləsinin vacibliyini qeyd edərək bildirdi ki, məhz dost olkələrin xüsusi xidmət orqanlarının rəhbərlərinin qarşısına qoyduğu məsələ bundan ibarət olmalıdır".

A.Nağıyev əlavə edib ki, xüsusi xidmət orqanları öz işlərini BMT və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələrin və qərarların yerinə yetirilməsi istiqamətində qurmalıdırlar: "Erməni dairələri beynəlxalq birliyi aldatmağa çalışır, qeyri-qanuni addımlar atırlar. Bunların qarşısını almaq üçün türkdilli dövlətlərin xüsusi xidmət orqanları birləşməli, məlumat mübadiləsi aparmalı və bu istiqamətdə müvafiq qərarlar qəbul etməlidirlər".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.