Siyasət

Azərbaycana sığınan erməni Bakıda rəssam işləyə bilər

9 Oktyabr 2015 11:14
Baxış: 1 574

Vaan Martirosyan və həyat yoldaşı hələlik də olsa, Azərbaycanda bir iş tapa biləcəklər.

Bunu Milli.Az-a Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin sədri Novella Cəfəroğlu deyib.

Onun sözlərinə görə, Ermənistandan qaçaraq Azərbaycana sığınan "Milli Azadlıq Hərəkatı"nın rəhbəri Vaan Martirosyan və ailəsi hələ ki, başqa dövlətə getmək fikrində deyillər və bundan sonra burada, Azərbaycanda, Bakıda qalıb yaşamaq istəyirlər: "Vaan Martorosyan və ailəsi buradakı vəziyyətlərindən qətiyyən narazı deyillər, hər şey yaxşıdır. Ona görə də elə Azərbaycanda da qalmaq arzusundadırlar. Vaanın məhz Bakıda qalıb burada işləmək fikri vardı. İndi hamının başı parlament seçkilərinə qarışıb. Ona görə də seçkilərdən sonra, təxminən bir aya özü bununla bağlı ictimaiyyətə açıqlama verəcək. Vaanın özü rəssamdır, həyat yoldaşı isə ssenaristdir. Yəqin ki, onlar hələlik də olsa, Azərbaycanda bir iş tapa biləcəklər".

N.Cəfəroğlu həmçinin qeyd edib ki, V.Martirosyanın Azərbaycana gəlişindən sonra Ermənistanda Sarkisyan rejiminə qarşı münasibət çox dəyişib və artıq çoxları çəkinmədən iqtidara qarşı çıxış edərək narazılıqlarını bildirirlər: "Artıq ermənilər, xüsusən də erməni deputatları və hüquq müdafiəçiləri Qarabağ məsələsini də önə çəkərək deyirlər ki, bu, Ermənistana heç bir xeyir gətirmədi. Bu, əvvəllər mümkün olmayan bir şey idi. Martirosyanın Azərbaycana gəlməsi onlara əlavə güc verməklə yanaşı, vadar edir ki, Sarkisyan rejiminə qarşı çıxsınlar".

Qeyd edək ki, Ermənistan "Milli Azadlıq Hərəkatı" təşkilatının rəhbəri Vaan Martirosyan və ailəsi bu ilin sentyabr ayında Ermənistandan qaçaraq Azərbaycandan siyasi sığınacaq istəyiblər. Müxalif yönümlü fəaliyyətinə görə Ermənistanda dövlət orqanlarının və vəzifəli şəxslərin təzyiqlərinə məruz qaldığını deyən V.Martirosyan özünün, həyat yoldaşı və azyaşlı övladının təhlükəsizliyini təmin etmək üçün ən münasib ölkə kimi məhz Azərbaycanı seçib.

İlkin İzzət

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.