Siyasət

Enerjiniz yoxdursa, cəsarətiniz olsun!

6 Oktyabr 2015 22:26
Baxış: 696

Biri var, qatara mindirdiklərini mindirib, düşürdüklərini düşürəsən, bir də var qatarın arxasınca baxasan. Birinci uğurdur, ikinci isə faciə deyil. Qatara əlin çatmır, daha doğrusu, qatarın artıq gedib. Bununla barışırsan. Nə olar, hamı uğur qazanmaz ki?!

Ən dəhşətlisi odur ki, qatarı buraxıb, onun həzzini karuseldən çıxarasan. Özün üçün yellənəsən, hoppanıb düşəsən. Aşağıda olanda yuxarıdan dəm vurasan, yuxarıda olanda aşağıdan.

Mənasız söhbətlər, ritorikalar və ağlasığmaz manevrlər... Düz tapdınız. Müxalifətdən danışacağıq, ənənəvi müxalifətdən. Eynən karusel kimi fırlanan və yerində sayan insanlardan...

Parlament seçkilərinə sayılı günlər qalsa da, ənənəvi müxalifət partiyalarının bir qismi bu dəfə də seçkiləri boykot etdi. Bir qismi isə seçkilərə qatılsa da, diqqətini seçki hazırlığından daha çox siyasi ritorikaya yönəldib.

Görəsən, Azərbaycanda elə bir seçki olubmu ki, "müxalifət liderləri" əsas diqqətini mənasız mülahizələrə yox, seçki hazırlığına yönəltsinlər. Seçkilərin nəticələri açıqlanmamış saxtakarlıqdan danışan, cəmiyyəti meydanlara səsləyən "liderlər" bir dəfə olsun düz-əməlli seçkilərə hazırlaşmayıblar. Elə ona görədir ki, yerlərində sayırlar.

Bu qüvvələr bir dəfə də olsun seçicilərin səsini, cəmiyyətin etimadını qazanmağa çalışmayıblar. Gözləri yolda, əlləri ciblərdə olub.

Gözləyirlər ki, nə vaxt Avropa gəlib, bunları deputat "seçəcək", qarşılarında "yaşıl işıq" yandıracaq. Görəndə ki, seçkilərə qatılıb, heç bir nəticə əldə etmirlər, çox nadir hallarda seçkilərdə iştirak etməyə başladılar. Əslində, bu siyasi riyakarlıqdır, siyasi mədəniyyətin olmamasının göstəricisidir. Siyasi partiya seçkilərdə iştirak etməlidir. Əgər etmirsə, demək o siyasi partiya deyil. Ya kommersiya qurumudur, ya da "Təqaüdçülər birliyi".

Seçkiöncəsi siyasi palitraya nəzər salsaq görərik ki, ənənəvi müxalifət partiyaları bu dəfə də seçkilərdə iştirak etmirlər. Artıq rəqabətə enerjiləri, istefa verməyə isə mədəniyyətləri çatmır.

Azər Niftiyev
Trend

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.