Siyasət

Hulusi Akar: "Azərbaycan və Türkiyə silahlı qüvvələrinin əməkdaşlığı davam edəcək"

6 Oktyabr 2015 18:30
Baxış: 645

Möhkəm əsasda qurulan Türkiyə-Azərbaycan əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə çatıb.

Bunu Trend-ə Türkiyə Baş Qərargahının rəisi ordu generalı Hulusi Akar deyib.

Onun sözlərinə görə, Türkiyə və Azərbaycan gücü ümumi tarix və mədəniyyətə əsaslanan ölkələrdir ki, bu da iki ölkə arasında möhkəm əlaqələrin təminatıdır: "Bu kontekstdə mühüm aspekt Azərbaycan və Türkiyə silahlı qüvvələrinin əməkdaşlığıdır".

H.Akar qeyd edib ki, hazırda Türkiyə və Azərbaycan silahlı qüvvələri arasında tədris, hərbi təlimlər və müdafiə sənayesi sahələrində əməkdaşlıq həyata keçirilir: "Azərbaycan və Türkiyənin silahlı qüvvələri bir-biri ilə biliklərini, hərbi gücün artırılması təcrübələrini bölüşürlər və bu əməkdaşlıq bundan sonra da davam edəcək".

Baş Qərargah rəisi əlavə edib ki, Azərbaycan Ordusunun 7 mindən çox hərbçisi Türkiyənin hərbi təhsil müəssisələrində tədris keçiblər: "Hazırda həmin müəssisələrdə 245 azərbaycanlı hərbçi təhsilini davam etdirir".

Ordu generalının sözlərinə görə, "TURAZ Kartalı", "TURAZ Şahini" və Quru Qoşunlarının birgə hərbi təlimləri hər iki ölkənin silahlı qüvvələri arasında əməkdaşlığın səviyyəsinin bariz nümunəsidir: "Türkiyə müdafiə sənayesi sahəsində böyük uğurlar qazanıb və Azərbaycanın müdafiə sənayesinin inkişaf səylərini diqqətlə izləyir. Texnologiyaların ötürülməsi və müdafiə sənayesi nümunələrinin birgə istehsalı bu sahədə iki ölkə arasında əməkdaşlığn daha yüksək səviyyəyə çatdıra bilər".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.