Siyasət

Prezident İlham Əliyev: "Gələn il də ölkəmizin uğurlu inkişafı üçün heç bir problem görmürəm" - FOTO

6 Oktyabr 2015 23:54
Baxış: 5 334

23:54

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da "Göyçay" Su Elektrik Stansiyasının açılışında iştirak edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyevin 2009-cu il 16 noyabr tarixli Sərəncamı ilə kiçik su elektrik stansiyalarının respublikada geniş tətbiq edilməsi məqsədilə xüsusi proqramlar hazırlanıb. Mütəxəssislərin araşdırmalarına görə, respublikanın müxtəlif bölgələrində dağ çayları və suvarma kanalları üzərində yüzlərlə kiçik su elektrik stansiyasının tikintisini həyata keçirmək mümkündür. Bu stansiyalardan istifadə bir tərəfdən elektrik enerjisinin istehsalında yanacağa qənaət edilməsinə imkan verir, digər tərəfdən isə ətraf mühitə heç bir zərər yetirmir. Dövlətimizin başçısının Sərəncamına uyğun olaraq, respublikanın bir sıra bölgələrində kiçik su elektrik stansiyalarının tikintisi davam etdirilir. Gücü 3,1 meqavat olan "Göyçay" kiçik su elektrik stansiyası isə artıq istismara hazırdır.

"Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev 2010-cu ilin fevralında Prezident İlham Əliyev tərəfindən təməli qoyulan bu stansiyanın əsas komponentləri barədə dövlətimizin başçısına məlumat verdi.

Prezident İlham Əliyev stansiyanı işə saldı.

Şirvan kanalının Göyçay rayonunun Bığır kəndi ərazisindən keçən hissəsində tikilmiş stansiya ildə 20 milyon kilovat-saat elektrik enerjisi istehsal etməyə imkan verəcək. Bu isə Göyçay rayonunun tələbatının 25 faizini təşkil edir. Stansiyanın ərazisi 5 hektardır, burada geniş yaşıllaşdırma və abadlıq işləri aparılıb, köməkçi tikililər inşa edilib. Burada hər birinin gücü 1,03 meqavat olan üç hidroaqreqat, suqəbuledici və tutumu 4500 kubmetr olan təzyiq hovuzu, hər birinin uzunluğu 28,4 metr olan üç dəmir-beton təzyiq qurğusu quraşdırılıb. Burada, həmçinin turbin zalı və su nəqledici kanal yaradılıb, 10 kilovoltluq yarımstansiya və elektrikverici xətlər çəkilib.

 * * 

Oktyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Göyçay Rayon Mərkəzi Xəstəxanasının binasında əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına məlumat verdi ki, dördmərtəbəli, 170 yerlik xəstəxana və ikimərtəbəli konsultativ poliklinika əsaslı şəkildə yenidən qurulub. Ümumi sahəsi 12 min kvadratmetrə yaxın olan xəstəxana binası əsas, yoluxucu xəstəliklər və digər korpuslardan ibarətdir. Xəstəxananın müalicə korpusunda qəbul, şüa-diaqnostika, rentgen, kompyuter-tomoqrafiya, ginekologiya, urologiya, travmatologiya, terapiya, anesteziologiya-reanimasiya şöbələri, cərrahi əməliyyat bloku və laboratoriya var.

Rayon Mərkəzi Xəstəxanası ən müasir tibbi avadanlıq və ləvazimatlarla təmin olunub. Mərkəzi xəstəxanada və poliklinikada 102 həkim və 223 tibb işçisi əhaliyə xidmət göstərir. Xəstəxananın laboratoriyası da analizlərin dəqiq aparılması üçün zəruri avadanlıqla təchiz edilib. Bu tibb müəssisəsi müasir kompyuter-tomoqrafiya, qrafik və skopik rentgen, rəqəmsal flüoroqrafiya aparatları ilə təchiz olunub. Buradakı ultrasəs müayinə, süni nəfəs və narkoz, fizioterapiya və tibbi bərpa, otolarinqologiya, stomatologiya və oftalmologiya aparatları dünyanın aparıcı ölkələrində istifadə edilən tibbi avadanlıqdır. Xəstəxananın müasir reanimasiya və kardioloji avadanlığı, həmçinin əməliyyatxana üçün səyyar rentgen aparatı vətəndaşlara yüksək səviyyədə tibbi xidmət göstərməyə imkan verir.

Bütün bunlar göstərir ki, müasir Azərbaycanı modern texnologiyaların tətbiq olunduğu məkana çevirmək məqsədini qarşıya qoyan Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə yenidən qurulan səhiyyə müəssisələri regionlarda ilk dəfə açıq ürək əməliyyatı və qaraciyərin köçürülməsi kimi mühüm nailiyyətlərə imza atıb. Ötən illər ərzində regionlarda yüzlərlə tibb ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası və ya yenidən qurulması səhiyyə sisteminin köklü şəkildə inkişafından xəbər verir. Yeni tikilən tibb ocaqları, ölkəyə gətirilən müasir tibbi avadanlıq ilk növbədə bir məqsədə - Azərbaycan əhalisinin sağlamlığını qorumaq kimi mühüm missiyanın yerinə yetirilməsinə xidmət edir.

Xəstəxana ilə tanışlıqdan sonra dövlətimizin başçısı tibb ocağının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Prezident İlham Əliyev dedi:

- Xoş gördük. Bu gözəl xəstəxana ilə tanış olarkən ürəkdən sevinirəm. Çünki Göyçayda belə gözəl tibb mərkəzi yaradılıb, ən müasir avadanlıqla təchiz edilib, yüksək şərait var. Bu, ilk növbədə ölkəmizin qüdrətini göstərir. Çünki bu gün Azərbaycanın hər yerində gözəl tibb mərkəzləri yaradılır və bu mərkəzlər dünyanın ən yüksək standartlarına cavab verir. Dünyanın ən qabaqcıl tibb mərkəzlərində hansı avadanlıq varsa, burada da var. Belə də olmalıdır.

On il bundan əvvəl birinci regional inkişaf proqramı icra olunanda demişdim ki, hər bir şəhərdə ən müasir standartlara cavab verən xəstəxana, ya diaqnostika mərkəzi, tibb ocağı olmalıdır. İndi nəinki Bakıda, hər bir rayonda belə gözəl tibb mərkəzləri var.

Bu gün Ucarda rayon xəstəxanasının açılışında iştirak etdim, indi isə Göyçayda. Demək olar, elə bir şəhər yoxdur ki, orada müasir tibb ocağı olmasın. Mənə verilən məlumata görə, burada yüzlərlə tibb işçisi çalışır. Bu da iş yerləri deməkdir. Əminəm ki, xəstələrə gözəl xidmət göstəriləcək. Müalicə almaq üçün Bakıya getməyə ehtiyac qalmır. Əminəm ki, siz həkimlər xəstələrə yaxşı baxacaqsınız və onlar burada şəfa tapacaqlar.

Xüsusilə doğum şöbəsi məni çox sevindirir. Çünki son vaxtlar bu sahəyə çox böyük diqqət göstərilir. Aparılan islahatlar nəticəsində Azərbaycanda uşaq ölümü kəskin şəkildə aşağı düşüb, ana ölümü də həmçinin. Ona görə müasir doğum evlərinin, doğum şöbələrinin yaradılması bu sahədə işimizi daha da qabağa aparacaq. Çünki hələ sovet dövründə Azərbaycanda uşaq ölümünün səviyyəsi digər respublikalarla müqayisədə yüksək idi. Biz isə son illər ərzində bu statistikanı kəskin şəkildə aşağı salmışıq. Növbəti illərdə biz inkişaf etmiş ölkələrin səviyyəsinə qalxmalıyıq. Çünki buna nail olmaq üçün bütün imkanlar var. İlk növbədə, səhiyyənin maddi-texniki bazası yaradılıb. Demək olar ki, sıfırdan yaradılıb, Bakıda və bütün bölgələrdə.

İndi həkimlər öz peşəkarlıqlarını artırırlar, təkmilləşmə prosesi gedir, müasir avadanlıq var. Azərbaycanda səhiyyə sahəsində əldə edilmiş nəticələrin əsaslı səbəbləri var. Bu da maddi-texniki bazanın möhkəmləndirilməsi və səhiyyənin keyfiyyətcə yeni pilləyə qalxmasıdır.

İnsan sağlamlığı sosial məsələlər arasında ən birinci yerdədir və bu gün Azərbaycanda bu sahədə gözəl nəticələr var. Ancaq insan sağlamlığı üçün təkcə tibbi xidmət kifayət etməz. Digər şərtlər də olmalıdır. O şərtlər də artıq var.

Bu gün biz Göyçayda içməli su layihəsinin açılışını qeyd etdik. Təmiz içməli su artıq bir müddətdir ki, əhaliyə verilir. Bütün şəhər şəbəkəyə qoşulmuşdur. Uzun illər ciddi problem kimi qalan içməli su problemi artıq aradan götürülüb. Digər bölgələrdə olduğu kimi, bu gün biz Ucar şəhərində də içməli su layihəsinin açılışını qeyd etdik.

Bildiyiniz kimi, son aylar ərzində görülmüş tədbirlər nəticəsində dərman preparatları bazarında da müsbətə doğru çox ciddi dönüş yaranmışdır. İnsanlar artıq bunu gündəlik həyatlarında hiss etməyə başlamışlar. Bəzi dərmanların qiymətləri bir neçə dəfə aşağı düşmüşdür. Eyni zamanda, keyfiyyətə də böyük diqqət göstərilir. Bu məsələ tədricən öz həllini tapır. Əminəm ki, ilin sonuna qədər əksər dərman preparatlarının qiymətləri aşağı düşəcək. Çünki dövlət bu sahəni öz nəzarətinə götürüb.

Biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq və açıq bazar hər şeyi tənzimləyir, o cümlədən qiymətləri. Ancaq biz gördük ki, Azərbaycanda dərman preparatlarının qiyməti qonşu ölkələrlə müqayisədə yüksəkdir. Başladıq bu məsələni araşdırmağa, gördük ki, burada çox böyük boşluqlar var, həm qaydalarda, həm tənzimləmə mexanizmlərində. Ona görə indi dövlət bu missiyanı öz üzərinə götürüb. Bütün dərmanların qiyməti hər bir satış məntəqəsində eyni olacaq. Keyfiyyət də yüksək səviyyədə olacaq. Bu, çox ciddi sosial təşəbbüsdür. Eyni zamanda, insanların sağlamlığına, xüsusilə yaşlı nəslin sağlamlığına bunun bilavasitə böyük təsiri var.

Beləliklə, Azərbaycanda sosial siyasət elə səviyyəyə qalxıb ki, digər ölkələrdə də öyrənilə bilər. Çünki həm bazar iqtisadiyyatı, həm də sosial məsələlər paralel şəkildə həll olunur. Sosial sahə nə deməkdir? İnsanları narahat edən, onları maraqlandıran, problemlərini həll edən bir sahədir. Baxmayaraq ki, 2015-ci il iqtisadi cəhətdən ağır il olmuşdur, - il artıq başa çatır, - heç bir sosial proqramda yubanma olmamışdır. Əksinə, hətta iqtisadiyyat üçün ağır olan 2015-ci ildə belə gözəl xəstəxanalar açılır.

Bu yaxınlarda mən Ağsu rayonunda səfərdə idim. Gördüm ki, vaxtilə orada mənim təşəbbüsümlə başlanmış xəstəxana binasının tikintisi yarımçıq qalıb. Maraqlandım, dedilər, vəsait problemdir, yəni, yoxdur. Bakıya qayıdan kimi dərhal Prezidentin ehtiyat fondundan Səhiyyə Nazirliyinə 10 milyon manat vəsait ayrıldı ki, orada o işlər başa çatsın. Yəni, güclü iradə olan yerdə hər şey etmək mümkündür. Xəstəxanalar, məktəblər, uşaq bağçaları, digər sosial obyektlər, təbii ki, infrastruktur layihələri, içməli su, qazlaşdırma - budur insanların normal həyatı üçün lazım olan əsas amillər.

İndi mənə verilən məlumata görə, Göyçayda ilin sonuna qədər qazlaşdırma 96 faizə çatacaq. Heç Azərbaycan üzrə qazlaşdırma 96 faizə çatmayıb. Hazırda təxminən 60 faiz səviyyəsindədir, 96 faizə çatacaq.

Kənd yolları tikilir. Bu gün Ucar-Göyçay avtomobil yolunun açılışını qeyd etdik. Siz də yəqin ki, tez-tez o yoldan istifadə edirsiniz, indi o fərqi görürsünüz. Bütün bunlar böyük vəsait tələb edən layihələrdir. İnfrastruktur sektoruna qoyulan vəsaitin büdcəyə qayıtma ehtimalı çox azdır, demək olar ki, sıfıra bərabərdir. Biz bunu nə üçün edirik? İlk növbədə insanlar üçün. Digər tərəfdən, ölkəmizin inkişafı üçün. Ona görə regional inkişaf proqramı əgər 2004-cü ildə qəbul olunmasaydı, bəlkə də bu işlərin böyük əksəriyyəti heç görülməzdi. Çünki biz bütün işləri planlı şəkildə aparırıq. Birinci regional inkişaf proqramında əsas məsələlər öz əksini tapmışdı. Bu proqram artıqlaması ilə icra edildi. İkinci proqram 2009-cu ildə qəbul edildi, icra olundu. Üçüncü proqram artıq icradadır, 2018-ci ildə başa çatacaq. O vaxta qədər bütün infrastruktur məsələləri, sosial məsələlər artıq başa çatacaq. Yəni, normal inkişaf üçün əsas şərtlər artıq təmin edilir.

Əlbəttə, biz gələcəyə baxırıq. 2016-cı il də iqtisadiyyat üçün asan il olmayacaq. Biz bunu bilirik və bilməliyik. Ancaq mən gələn il də ölkəmizin uğurlu inkişafı üçün heç bir problem görmürəm. Bütün sosial proqramlar icra ediləcək, iqtisadi inkişaf təmin olunacaq. Azərbaycana xarici və daxili investisiyaların qoyuluşu təmin ediləcək. Ölkəmizdə təhlükəsizlik, sabitlik tam şəkildə qorunacaq.

Bu gün dünyada gedən prosesləri biz hamımız izləyirik. Görürük ki, bizim bölgədə hansı faciəli, dəhşətli hadisələr baş verir. Azərbaycanda sabitlik, inkişaf, rifah, təhlükəsizlik təmin edilir. Hər şey müqayisədə müəyyən olunur. Yaxşı vaxtlarda adama elə gələ bilərdi ki, elə hər yerdə yaxşıdır. Ancaq bu gün baxın, bizim region, Orta Şərq, Avropa böhran içindədir. İndi bəzi ölkələrdə həm iqtisadi, həm siyasi, həm hərbi, həm də mənəvi böhran yaşanır. O ölkələr bəyan etdikləri dəyərlərə sadiq qala bilmirlər. Ancaq bizim bəyan etdiyimiz dəyərlər göz qabağındadır. Milli mənəvi dəyərlər, azərbaycançılıq, milli, dini dözümlülük, tolerantlıq, sosial-iqtisadi inkişaf və öz gücümüzə güvənməyimiz bizim inkişafımızı şərtləndirən əsas amillərdir.

Göyçay rayonunda gedən abadlıq-quruculuq işləri məni çox sevindirir. Mən sonuncu dəfə beş il bundan əvvəl Göyçayda olmuşam. Buna baxmayaraq, buradakı işlər daim diqqət mərkəzində olubdur. Ancaq burada gördüklərim məni çox sevindirir. Şəhər daha da gözəlləşir, abadlaşır. Göyçay çox gözəl şəhərdir. Tarixən də belə olub. Əsası da möhkəm qoyulub. Burada şəhərsalma prinsipləri qorunub. Demək istəyirəm ki, Göyçayda olan şəhərsalma mexanizmləri, prinsipləri heç də hər şəhərdə yoxdur. Şəhər çox gözəldir, yaşıllıq boldur. İndi aparılan təmir-bərpa işləri, parkların salınması, ictimai yerlərin yaradılması şəhəri daha da gözəlləşdirir.

Göyçay bu gün Azərbaycanın ən gözəl şəhərlərindən biridir. Bu, məni çox sevindirir. Mən sizi bu münasibətlə ürəkdən təbrik edirəm. Sizə deyə bilərəm ki, biz rayonun və şəhərin inkişafı üçün böyük işlər görəcəyik. Sizi mərkəzi xəstəxananın açılışı münasibətilə bir daha təbrik edirəm.

x x x

Sakin: Möhtərəm cənab Prezident, görülən bütün işlər Sizin diqqət və qayğınızın nəticəsidir. Buna görə Sizə dərin minnətdarlığımızı bildiririk, "Çox sağ olun" deyirik. Daim var olun, Allah daim Sizi qorusun, Azərbaycan xalqına Sizi çox görməsin.

Prezident İlham Əliyev: Sağ olun.

Sakin: Hörmətli cənab Prezident, Sizi bu çinarlı, gözəl Göyçayımızda görməkdən qürur duyuruq. Vaxt tapıb Göyçaya gəldiyinizə görə Sizə minnətdarıq.

Bu gün Siz bir çox obyektlərin açılışında olmuşunuz. Xüsusən də bu səhiyyə ocağının açılışına görə Sizə çox minnətdarlıq edirik. Bu, Sizin qayğınızın nəticəsidir. Biz də çalışacağıq ki, bu etimadı doğruldaq, əhaliyə gözəl tibbi xidmət göstərək.

Prezident İlham Əliyev: Çox yaxşı, çox sağ olun.

x x x

Sonda xatirə şəkli çəkdirildi.

22:19

Oktyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Göyçaya səfəri çərçivəsində Şahmat Məktəbinin açılışında iştirak edib.

Dövlətimizin başçısı Şahmat Məktəbinin rəmzi açılışını bildirən lenti kəsdi.

Azərbaycanda şahmatın qədim ənənələri var. Bu ənənələrin davamı olaraq ölkəmiz dünya şahmat arenasında həmişə mühüm nailiyyətlər əldə edib. İdmanın bu müdrik növü ilə məşğul olanlarda düşünmək, hadisələri qabaqlamaq və düzgün qiymətləndirərək, onları proqnozlaşdırmaq qabiliyyəti daha üstün olur. Məhz bu amilləri nəzərə alan ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ötən əsrin 70-ci illərində respublikamızın əksər rayonlarında şahmat məktəbləri tikilib. Bu, ölkəmizdə şahmatın kütləvi xarakter almasında həlledici rol oynayıb.

Müstəqilliyimizin ilk illərində həmin məktəblərin əksəriyyəti yararsız hala düşüb. Lakin 1993-cü ildən sonra ulu öndər Heydər Əliyev, 2003-cü ildən sonra isə Prezident İlham Əliyev yeni şahmat məktəblərinin inşasına xüsusi diqqət yetiriblər. Gənclərin istifadəsinə verilən şahmat məktəbləri bütün zəruri avadanlıqla təchiz edilir, onların idmanın bu qədim növünün sirlərinə yiyələnmələri üçün maksimum şərait yaradılır. Göyçayda yüksək zövqlə inşa edilən Şahmat Məktəbi də bu qəbildəndir.

Məktəbin binasında ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin idmançılar, o cümlədən şahmatçılarla görüşlərində, dövlətimizin başçısının müxtəlif regionlarda şahmat məktəblərinin açılışlarında çəkilən fotoları nümayiş olunur.

Bildirildi ki, Göyçay Şahmat Məktəbinin binası 1983-cü ildə istifadəyə verilib. Ötən ildən burada əsaslı yenidənqurma işlərinə başlanılıb. Binanın birinci mərtəbəsində 60 yerlik kiçik yarış zalı, kompyuter, müəllimlər və üç sinif otağı yaradılıb. Məktəbin 90 yerlik böyük yarış zalı da müasirliyi ilə diqqəti cəlb edir. ikinci mərtəbədə dörd sinif otağı yaradılıb. Məktəbin məzunlarının və şagirdlərinin müxtəlif beynəlxalq səviyyəli yarışlarda qazandıqları kuboklar, layiq görüldükləri fəxri fərmanların nümayiş olunduğu guşə də xüsusi maraq doğurur.

Qeyd edildi ki, hazırda məktəbdə təhsil alan 251 şagirdə şahmatın sirlərini 11 müəllim öyrədir. Məktəbin orijinal dizaynı şahmatın sirlərini öyrənənləri daha da ruhlandırır. Burada yeniyetmə və gənclərin şahmat kompozisiyalarını daha dərindən öyrənmələri üçün müxtəlif əyani vəsaitlərdən və informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə olunur. Respublikamızın bütün bölgələrində fəaliyyət göstərən belə şahmat məktəblərində zəngin təcrübə toplayan məktəblilər beynəlxalq səviyyəli yarışlara qatılaraq ölkəmizi yüksək səviyyədə təmsil edirlər.

Sonda məktəbin müəllim və şagirdləri dövlətimizin başçısı ilə xatirə şəkli çəkdirdilər.

22:19

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Ucar şəhərinin su təchizatı sisteminin yenidən qurulması layihəsinin başa çatdırılması münasibətilə təşkil olunan mərasimdə iştirak edib.

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin prezidenti Qorxmaz Hüseynov dövlətimizin başçısına məlumat verdi ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində bölgələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Proqram çərçivəsində həyata keçirilən "Ucar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi" 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla rayon mərkəzində 22 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihə çərçivəsində 37 min nəfər əhalinin yaşadığı 15 kəndə də içməli suyun verilməsi nəzərdə tutulur. Ümumilikdə bu layihədən 59 min nəfər faydalanacaq. Layihə çərçivəsində Ucar Sukanal İdarəsi üçün müasir tələblərə cavab verən yeni inzibati bina tikilib.

Prezident İlham Əliyev idarənin binasında yaradılmış şəraitlə tanış oldu.

Məlumat verildi ki, ümumi sahəsi 720 kvadratmetr olan binada müasir tələblərə cavab verən "SCADA" idarəetmə mərkəzi yaradılıb. Onun vasitəsilə suyun mənbədən istehlakçıyadək ötürülməsi onlayn rejimdə tənzimlənəcək. Bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri də Coğrafi İnformasiya Sisteminin yaradılmasıdır. Ucar şəhərində də tətbiq olunmuş bu sistem sayəsində gələcəkdə bütün şəbəkə infrastrukturu coğrafi məlumatlar bazasına əsaslanan rəqəmsal xəritələrin tətbiqi ilə idarə ediləcək. Bu sistem dünyanın iki nüfuzlu müsabiqəsinin qalibi olub.

Diqqətə çatdırıldı ki, 2011-ci ilin oktyabrında icrasına başlanılan "Ucar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsi dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. Ucar şəhərini və ətraf kəndləri içməli su ilə təmin etmək üçün Ağsu rayonu ərazisində Girdimançayın yatağında yerləşən Külüllü su mənbəyi seçilib. Burada sugötürücü qurğu, mənbənin yaxınlığında Ucar şəhərini təmin etmək üçün hər birinin tutumu 3750 kubmetr olan 2 su anbarı tikilib. Anbarlardan Ucar şəhərinə 57 kilometr özüaxımlı magistral su kəməri çəkilib. Artıq bu kəmərdən Ucar şəhərinin yaxınlığındakı Gəraybəyli və Qarabörk kəndlərinə içməli su verilib. Ucar şəhərində inşası nəzərdə tutulan 120 kilometr içməli su şəbəkəsinin inşası tam yekunlaşıb, 4891 ünvana birləşmə verilib və smart sayğaclar quraşdırılıb. İçməli su təchizatının dayanıqlığını təmin etmək üçün şəhərdə hər birinin tutumu 1500 kubmetr olan 2 su anbarı tikilib. Hazırda Ucar şəhərinin bütün abonentləri fasiləsiz içməli su ilə təmin olunur.

Bildirildi ki, şəhər üzrə layihələndirilən 88 kilometrlik kanalizasiya şəbəkəsinin 20 kilometrlik hissəsi də hazırdır. Şəhərdə yaranacaq tullantı suları gələcəkdə inşa ediləcək və məhsuldarlığı sutkada 10 min kubmetr olacaq təmizləyici qurğuda zərərsizləşdiriləcək.

Həmçinin qeyd olundu ki, Ucar şəhərində mərkəzləşdirilmiş su təchizatı sistemləri 1970-ci illərin sonlarında yaradılıb. Şəhərə içməli su Göyçay rayonunun Potu kəndi ərazisində yerləşən subartezian quyulardan verilirdi və "Azərsu" ASC şəhər sakinlərinin 55 faizinə xidmət göstərirdi. Əhalinin qalan hissəsi tələbatını kanal və arx sularından istifadə etməklə ödəyirdi. Kanalizasiya sistemi indiyə qədər mövcud olmayıb.

Sonra Prezident İlham Əliyev şəbəkəyə suyun verilməsini bildirən düyməni basdı.

Bununla Ucar şəhərinin 24 saat fasiləsiz su ilə təmin olunması prosesi uğurla yerinə yetirildi.

Diqqətə çatdırıldı ki, idarənin binasında müasir tipli yeni laboratoriya da qurulub. Burada içməli suyun vacib 14 parametri öyrəniləcək. Daha geniş və dəqiq analizlərin aparılması zərurəti yarandıqda nümunələr xüsusi təyinatlı maşınlarda Bakıdakı mərkəzi laboratoriyaya göndərilir. İdarənin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə nəqliyyat vasitələri və xüsusi texnikalar alınıb.

Daha sonra Ucar ictimaiyyətinin nümayəndələri ilə görüşən dövlətimizin başçısı İlham Əliyev dedi:

- Ucar rayonunda olmağımdan çox məmnunam. Şadam ki, Ucar rayonu uğurla, sürətlə inkişaf edir. Bir neçə il bundan əvvəl burada bir sıra açılışda iştirak etmişəm, o cümlədən Heydər Əliyev Mərkəzinin açılışında. O vaxtdan bu günə qədər rayon çox sürətlə inkişaf edir, böyük quruculuq, abadlıq işləri aparılır, binalar tikilir, parklar salınır. Bu, məni çox sevindirir. Çünki mən çox istəyirəm ki, Azərbaycanın hər bir rayonu abad, gözəl olsun, şəhərlər gözəlləşsin, insanlar üçün bütün lazımi şərait yaradılsın. Şadam ki, Ucar rayonunun siması sürətlə dəyişir və gözəlləşir.

Eyni zamanda, rayonun bütün sosial və infrastruktur layihələri də uğurla icra edilir. Onların arasında, əlbəttə, içməli su layihəsi birinci yerdədir. Çünki təmiz içməli su insan sağlamlığı üçün əsas şərtdir. Bildiyiniz kimi, içməli su və kanalizasiya layihələrinin icrası ölkəmizdə çox geniş vüsət almışdır. Bir neçə il bundan əvvəl qarşıya vəzifə qoyulmuşdur ki, hər bir şəhərimizin içməli su və kanalizasiya problemi həll olunsun. Artıq bir müddətdir ki, Ucar şəhərinin içməli su problemi öz həllini tapıb. Gözəl, təmiz su mənbəyindən su verilir. Mənə verilən məlumata görə, bütün evlərin su təminatı artıq təşkil edilibdir. Bu, böyük tarixi nailiyyətdir. Çünki Azərbaycanda bütün dövrlərdə içməli su problemi çox ciddi problem olaraq qalmışdır. Sovet dövründə müəyyən işlər görülmüşdür. Ancaq biz bu məsələni tam şəkildə həll edə bilməmişdik. Siz də yaxşı bilirsiniz ki, vaxtilə fasilələrlə, sutkada bir neçə saat su verilirdi, ya verilmirdi. İndi isə bu problem aradan götürülüb. Əminəm ki, 2-3 il ərzində bütün başqa rayonlarda da bu məsələ öz həllini tapacaq. Çünki bir çox rayonlarda artıq bu, həll olunubdur. Ucar rayonunda təkcə şəhərə deyil, eyni zamanda, 15 yaşayış məntəqəsinə də, kəndlərə də su verilir. Kanalizasiya layihəsi isə 2017-ci ildə başa çatacaq və beləliklə, bu məsələ tamamilə aradan götürüləcəkdir.

Digər infrastruktur layihələri icra edilir. Bu ilin sonuna qədər qazlaşdırma tam şəkildə təmin ediləcəkdir, təxminən 90 faizə çatacaqdır. Bu da böyük nailiyyətdir. Çünki əvvəlki illərdə qazlaşdırma çox aşağı səviyyədə idi, hətta rayon mərkəzinin özü qazsız qalmışdı. Bu gün isə demək olar ki, bütün kəndlərə qaz xətləri çəkilir və bu da böyük nailiyyətdir. Çünki bu, həm insanlara rahatlıq verir, həm də qazdan istifadə etmək iqtisadi cəhətdən daha səmərəlidir.

Elektrik enerjisi layihələri, xüsusilə "Azərişıq" təşkil olunandan sonra daha da sürətlə aparılır. Kənd yolları tikilir. İndi Bakı-Ucar magistral yolu tikilir, az hissəsi - Kürdəmir-Ucar hissəsi qalıb ki, o da yaxın zamanlarda başa çatacaq. Göyçay-Ucar avtomobil yolu bu gün istifadəyə veriləcək.

Ucar rayonunda sosial obyektlər yaradılır, Gənclər Mərkəzi tikilib, parklar salınır. Yəni, Azərbaycan belə inkişaf etməlidir, hər bir yerdə quruculuq, abadlıq aparılmalı və sosial inkişaf olmalıdır. Sosial sahə insanları ən çox maraqlandıran və bəzi hallarda narahat edən bir sahədir. Bu gün yeni Rayon Mərkəzi Xəstəxanasının açılışını da qeyd etdik. Xəstəxana göz oxşayır, ən yüksək dünya standartlarına cavab verir. Burada şərait də, avadanlıq da ən yüksək səviyyədədir.

Bax, bizim yanaşmamız bundan ibarətdir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşı üçün nə lazımdırsa, o da olmalıdır. Amma buna nail olmaq üçün əlbəttə ki, iqtisadiyyatımız daha da güclü olmalıdır, daha da sürətlə inkişaf etməlidir. Regionların inkişaf proqramının məqsədi məhz bundan ibarətdir ki, bölgələrdə, kəndlərdə, qəsəbələrdə, rayon mərkəzlərində lazımi şərait yaradılsın, insanlar rahat yaşasınlar, iş yerləri açılsın, yaxşı məvacib alsınlar, biznes imkanları genişlənsin. Deyə bilərəm ki, bizim bu əsas prioritet istiqamətlər Ucar rayonunun timsalında öz əksini tapır.

Bu gün quşçuluq fabriki ilə tanış oldum. Çox müasir bir sənaye müəssisəsidir. Həm iş yerlərinin yaradılması, həm yerli istehsalın gücləndirilməsi və ən əsası odur ki, biz indi özümüzü ərzaq məhsulları ilə tam şəkildə təmin etməliyik. Bu fabrik işə düşəndən sonra biz özümüzü quş əti ilə 100 faiz təmin edirik. Amma 10 il bundan əvvəl heç özümüzü 50 faiz də təmin etmirdik. Xaricdən asılı idi, idxaldan asılı idi, xaricə pul ödənilirdi. İndi pul Azərbaycanda qalır, yerli sahibkarlar işləyir, pul qazanır, işçilərə əmək haqqı verirlər. Özü də bu fabrikdə işləyənlərin əksəriyyəti qadınlardır. Bu da qadınlar üçün iş yerləridir. Bax, düşünülmüş siyasət olan yerdə inkişaf da var. Azərbaycanda düşünülmüş siyasət aparılır. Məhz buna görə biz bütün bölgədə, dünyada yaşanan böhranlı şəraitdən, sınaqdan şərəflə çıxırıq. Həmişə demişəm, Azərbaycan sabitlik, təhlükəsizlik məkanıdır. Azərbaycan vətəndaşı təhlükəsizlik şəraitində yaşayır və yaşamalıdır, sabitlik şəraitində yaşayır və yaşamalıdır. Ancaq ölkə bu təqdirdə inkişaf edə bilər. Harada ki, təhlükəsizlik, sabitlik pozulur, orada ölkə dağılır, iqtisadiyyat çökür, sosial problemlər yaşanır və başqa xoşagəlməz hallar üzə çıxır.

Biz Azərbaycanda elə siyasət aparırıq ki, bütün mümkün olan risklərdən özümüzü qoruyaq, sığortalayaq və buna nail oluruq. Nəyə görə? Çünki xalqla iqtidar arasındakı birlik bunu şərtləndirir. Ona görə ki, Azərbaycan iqtisadi sahədə, beynəlxalq aləmdə müstəqil, düşünülmüş siyasət aparır. Bizi ancaq Azərbaycan xalqının maraqları maraqlandırır. Azərbaycan xalqının marağında nə varsa, o da olacaq. Əgər maraqlarımızın kənarlarında hər hansı bir təşəbbüs göstərilirsə, biz o təşəbbüsə qoşulmuruq. Ona görə, bəzi hallarda təzyiqlərə də məruz qalırıq. Ancaq biz əsas məqsədi təmin edirik - Azərbaycanın təhlükəsizliyi, inkişafı, insanların rifahı və xoşbəxtliyi.

Bu gün dünyada, bölgədə yaşanan xoşagəlməz mənzərə bir daha Azərbaycanın uğurlu inkişaf modelini ortaya qoyur. Bizim ölkə nümunədir. Mən ona görə demirəm ki, özümüzü tərifləyək, qüsurlar da çoxdur. Ancaq indi dünyada gedən ümumi proseslərə baxdıqda görürük ki, Azərbaycanda həm ictimai proseslər, həm də iqtisadi inkişaf düzgün məcrada gedir. Baxmayaraq ki, neftin qiyməti iki dəfədən çox aşağı düşüb, gəlirlərimiz azalıb Azərbaycan vətəndaşı bunu hiss etməməlidir. Maaşlar, pensiyalar vaxtında verilir, islahatlar aparılır, beynəlxalq imicimiz gündən-günə güclənir. Çünki bu uğurlu inkişaf modelinin təməlində əlbəttə ki, düşünülmüş siyasət dayanır. Biz həmişə çalışmışıq və çalışırıq ki, daxili resurslara arxalanaq. Ona görə, heç kimdən asılı deyilik. Ona görə, özümüz öz həyatımızı qurmuşuq və yaxşı həyat qururuq.

Bununla bərabər, hamımız yaxşı bilirik ki, hələ görüləsi işlər çoxdur, həm mərkəzdə - Bakıda, həm bütün bölgələrdə quruculuq, abadlıq, inkişaf, islahat və sosial ədalət - bütün bu məsələlər daim diqqət mərkəzindədir. Mənim bölgələrə mütəmadi səfərlərimin məqsədlərindən biri də odur ki, vəziyyətlə tanış olum, soruşum işlər necədir, hansı məsələlər insanları narahat edir, incidir ki, biz onları həll edək. Bax, biz bu yolla gedirik və əminəm ki, yaxın bir neçə il ərzində ölkə qarşısında duran bütün əsas infrastruktur və sosial məsələlər öz həllini tapacaq.

Bax, Ucar rayonunda içməli su problemi həll olundu. Qazlaşdırma bu ilin sonuna qədər demək olar ki, tam həll olunacaqdır. Kənd yolları tikilibdir. Ancaq hələ ki, ehtiyac var, yenə də tikiləcək. Çoxmənzilli binaların təmiri əlbəttə ki, təşkil edilməlidir. Biz bu məqsədlə əlavə tədbirlər görəcəyik. Sahibkarlığın inkişafı daha da sürətlə getməlidir. Yeni müəssisələr yaradılmalıdır. İnfrastruktur layihələri başa çatandan sonra bizim diqqət mərkəzində olan əsas məsələlər kənd təsərrüfatı, sənaye istehsalıdır.

Bu gün quşçuluq fabriki ilə tanış olarkən mənə, ümumiyyətlə, Aran iqtisadi rayonunda və Ucar rayonunda gedən proseslər, ayrılmış kreditlər haqqında məlumat verildi. Dövlət öz tərəfindən sahibkarları dəstəkləyir, güzəştli kreditlər verir, texnika, gübrə ilə təmin edir, şərait yaradır, siyasi dəstək də var. Sahibkar da gərək işləsin. Yerli icra orqanları da kömək etsin, mane olmasın. Onda sahibkarlıq daha da sürətlə inkişaf edəcək. Mən demişəm, bir daha demək istəyirəm, iqtisadiyyatımız elə işləməlidir ki, biz neftin qiymətindən asılı olmayaq. Hələ ki, asılıyıq. Bax, neftin qiyməti iki dəfədən çox düşüb, gəlirlərimiz azalıb. Ancaq biz qeyri-neft sektorumuzu daha da sürətlə inkişaf etdirsək, onda neftin qiyməti düşdü, ya qalxdı o qədər də əhəmiyyət daşımayacaq. Bax, bu, əsas istiqamətlərdir və bu istiqamətlər prioritet təşkil edir.

Əminəm ki, Ucar rayonu bundan sonra daha da gözəlləşəcək. Çünki siz burada belə gözəl şərait yaratmısınız. Mən buna çox sevinirəm. Mən son dəfə burada 2011-ci ildə olmuşam, çox böyük dəyişikliklər var. Dəyişikliklər münasibətilə sizi təbrik edirəm və yeni uğurlar arzulayıram.

x x x

Rayon ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısına göstərdiyi diqqət və qayğıya görə minnətdarlıq etdilər.

Sakin: Xoş gəlmisiniz, cənab Prezident. Bu gün xalqımız üçün çox böyük xeyirxah işlər görürsünüz. Onların biri də bu gün rayonumuza çəkilən yeni su xəttidir. Ona görə bütün ucarlılar adından Sizə təşəkkür edirəm. Allah Sizi qorusun.

Prezident İlham Əliyev: Sağ olun. Bu gün Gənclər Mərkəzi də açılıb. Çox gözəl, funksional mərkəzdir, gənclər istifadə etməlidir. Orada həm intellektual, həm əyləncə yerləri var, stolüstü oyunlar, müxtəlif tədbirlər keçirilə bilər. İndi hər bir şəhərdə gənclər mərkəzləri yaradılır. Bu da mənim göstərişimlə həll olunan məsələdir. Çünki indi gənclərin bir mərkəzi olmalıdır ki, orada yığışsınlar, danışsınlar, asudə vaxtlarını mənalı keçirsinlər. İndi Ucarda da Gənclər Mərkəzi var.

Sakin: Biz Sizin qayğınızı daim üzərimizdə hiss edirik. Buna görə çox sağ olun.

Prezident İlham Əliyev: Sağ olun.

Sakin: Cənab Prezident, işığımız, suyumuz, qazımız, asfalt döşənmiş küçələrimiz var. Hər cür şəraitimiz var. Mən deyə bilərəm ki, bəlkə də dünyada ən yaxşı yaşayan xalqlardan biri bizik. Bunu mən cəsarətlə deyirəm. Allaha şükür, Sizin sayənizdə hər şey var. Bax, burada dayanan sadə insanlar Sizinlə görüşürlər. Bu sadə insanların adından deyirəm ki, Allah Sizi qorusun. Bizim əmin-amanlığımızın təminatçısı Sizsiniz. Bu əmin-amanlığı qoruyun. Biz Sizdən bunu xahiş edirik. Sizin arxanızda dağ kimi xalq dayanıb. Siz buna 100 faiz əmin ola bilərsiniz. Çox sağ olun.

Prezident İlham Əliyev: Sağ olun.

21:55

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib.

Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Yeni Azərbaycan Partiyası ölkəmizin bugünkü sürətli inkişafında, respublikanın beynəlxalq nüfuzunun artmasında, bütün sahələrdə əldə olunan tərəqqidə xüsusi rola malikdir. Partiya ölkənin tərəqqisinə, dövlətçiliyin möhkəm təməllər üzərində qurulmasına çox mühüm töhfələr verir. Bu gün partiyanın sıralarının genişlənməsi və fəaliyyətinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması cəmiyyətdə bu siyasi quruma olan hörmət və inamdan qaynaqlanır. Ümumi məqsədlər və amallar naminə fəaliyyətdə partiyanın rayon təşkilatlarının da rolu danılmazdır. Respublikanın bütün bölgələrində Yeni Azərbaycan Partiyasının rayon təşkilatları üçün inşa olunan inzibati binalar müasirliyi ilə seçilməklə yanaşı, həm də yerləşdiyi şəhərin, rayonun gözəlliyinə əlavə çalarlar qatır. Bu binalarda səmərəli işləmək üçün maksimum şərait yaradılır. Partiyanın Göyçay rayon təşkilatının yeni inzibati binası da bu baxımdan mühüm əhəmiyyətə malikdir.

Azərbaycan Prezidenti ikimərtəbəli binada yaradılan şəraitlə tanış oldu.

Foyedə ümummilli lider Heydər Əliyevin büstü qoyulub. Yeni Azərbaycan Partiyasının yaradıcısı ulu öndər Heydər Əliyevin və partiyanın sədri, dövlətimizin başçısı İlham Əliyevin bu siyasi qurumun fəaliyyəti ilə bağlı müxtəlif tədbirlərdə çəkilmiş fotolarından ibarət stend quraşdırılıb. Dövlətimizin başçısının rayona səfərləri zamanı çəkilən fotolar da burada nümayiş etdirilir.

Binada akt zalı, elektron kitabxana, Yeni Azərbaycan Partiyası rayon təşkilatının Qadınlar Şurası və Gənclər Birliyi üçün otaqlar var. Binadakı 120 yerlik konfrans zalında istər təşkilatın fəaliyyəti, istərsə də rayonun həyatında baş verən mühüm ictimai-siyasi hadisələrlə bağlı tədbirlər keçirmək mümkündür.

Bildirildi ki, Yeni Azərbaycan Partiyasının Göyçay rayon təşkilatının 7663 üzvü var. Onların 4378-i qadın, 3006-sı isə gəncdir. Onlar rayonun ictimai-siyasi, sosial-iqtisadi həyatına mühüm töhfələr verir, aparılan abadlıq-quruculuq və yenidənqurma işlərində fəal iştirak edirlər.

* * * 

Oktyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Göyçayda Gənclər Mərkəzinin açılışında iştirak edib.

Dövlətimizin başçısı Gənclər Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu.

Ölkəmizdə gənclər siyasətinin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər ardıcıl xarakter alıb. Azərbaycanda gənclər siyasətinin formalaşdırılması, yeni inkişaf mərhələsinə qədəm qoyması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu sahənin inkişafı 2003-cü ildən sonra yeni müstəvidə davam etdirilib. 2005-2009-cu illəri əhatə edən "Azərbaycan Gəncliyi Dövlət Proqramı" bu baxımdan çox mühüm rol oynayıb. Hazırda həyata keçirilməkdə olan "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı bu tədbirlərin məntiqi davamıdır. Gənclərin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik, milli mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Gənclərin asudə vaxtının səmərəli təşkili, onların müxtəlif peşə və sənətə yiyələnməsi məsələsi də daim diqqətdə saxlanılır. Bu baxımdan bölgələrdə yaradılan gənclər mərkəzləri müstəsna əhəmiyyət kəsb edir.

Qeyd olundu ki, Göyçay Gənclər Mərkəzinin tikintialtı sahəsi 3400 kvadratmetr olan ikimərtəbəli binasının inşası yüksək zövq və keyfiyyətlə həyata keçirilib. Burada gənclər üçün hərtərəfli şərait yaradılıb. Binanın foyesində Ulu Öndərin büstü qoyulub, Ümummilli Liderin Göyçaya səfərlərini, sakinlərlə görüşlərini əks etdirən fotolardan ibarət stendlər yaradılıb. Mərkəzdə Prezident İlham Əliyevin həyat və fəaliyyətini, həmçinin gənclərlə görüşlərini əks etdirən fotoguşələr də var.

Burada rayon gəncləri boulinq zalı, qolf, intellektual oyunlar otaqları, kafe, rəqs studiyası, xarici dil kursları, rəsm, xalçaçılıq, poliqrafiya, heykəltəraşlıq dərnəkləri və fotostudiyaların xidmətindən yararlana biləcəklər. Mərkəzdə 60 yerlik böyük iclas və 15 yerlik konfrans zalları var. Bu zallarda rayon gənclərinin müxtəlif tədbirləri keçiriləcək.

Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.

21:46

Oktyabrın 6-da Göyçay Şəhər Uşaq Musiqi Məktəbi binasının açılışı olub.

Açılışda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib.

Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.

Azərbaycanda mədəniyyət sahəsinə dövlət səviyyəsində qayğı gündən-günə güclənir və bu sahədə çalışanların iş şəraitinin müasir tələblər səviyyəsində qurulması üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Bu tədbirlər paytaxtla yanaşı, regionlarda da geniş vüsət alıb. Son dövrlərdə bölgələrdə müasir tipli yeni mədəni infrastruktur yaradılıb, çoxlu mədəniyyət və incəsənət obyekti tikilərək istifadəyə verilib. Göyçayda inşa olunmuş uşaq musiqi məktəbinin binası da bu sırada mühüm yer tutur.

Hələ kiçik yaşlarından uşaqların incəsənətin bu növünə marağını artırmaq, onların musiqi intellektini istədikləri istiqamətə yönəltmək məqsədilə zövqlə tikilən binada işlərin keyfiyyətlə həyata keçirilməsinə xüsusi diqqət yetirilib. Binanın ətrafında geniş abadlıq və yaşıllaşdırma işləri görülüb.

Ümumi sahəsi 650 kvadratmetr olan ikimərtəbəli binanın foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulub. Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin mədəniyyət və incəsənət xadimləri ilə görüşlərini, həmçinin bu sahəyə göstərdikləri diqqət və qayğını nümayiş etdirən fotolar var. Binada müxtəlif mədəni tədbirlərin keçirilməsi üçün 80 yerlik konsert zalı yaradılıb. Məktəbin fortepiano, skripka, qarmon, xalq çalğı alətləri, tar, kaman, xanəndəlik şöbələrində uşaqlar zəngin incəsənətimizin və musiqimizin sirlərinə yiyələnirlər. Bütün sinif otaqları zəruri alət və avadanlıqla təchiz olunub.

Qeyd edildi ki, məktəbdə 430 şagirdin musiqi təlimi ilə 107 müəllim məşğul olacaq. Musiqi məktəbinə 7-13 yaşlı uşaqlar qəbul edilir. Burada təhsil müddəti 5-7 ildir.

* * * 

Oktyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Göyçaya səfəri çərçivəsində rayon mərkəzinə təmiz içməli suyun verilməsinə başlanılıb.

Dövlətimizin başçısı əvvəlcə "Göyçay şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsi ilə tanış oldu.

"Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov Prezident İlham Əliyevə məlumat verdi ki, layihə Azərbaycan hökuməti və Asiya İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən "Şəhər su təchizatı və kanalizasiya layihəsi" və "Su təchizatı və kanalizasiya investisiya proqramı" çərçivəsində həyata keçirilir. Layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Göyçay şəhərində 43 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.

"Şəhər su təchizatı və kanalizasiya layihəsi"nin icrasına 2008-ci ildə başlanılıb. Bu mərhələdə Göyçay şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə üç subartezian quyusu qazılıb, sugötürücü kamera və xlorator binası, hər birinin həcmi 2000 kubmetr olan iki anbar inşa edilib. Eyni zamanda, "Göyçay Sukanal" Törəmə Səhmdar Cəmiyyəti üçün yeni ofis binası və istehsalat bazası inşa edilib, zəruri maşın və mexanizmlər alınıb.

Diqqətə çatdırıldı ki, "Su təchizatı və kanalizasiya investisiya proqramı" layihəsinin icrasına isə 2012-ci ildə başlanılıb. Bu mərhələdə Göyçay şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə iki subartezian quyusu qazılıb. Gələcəkdə daha üç quyunun qazılması nəzərdə tutulur. Görülən işlər çərçivəsində artezian zonasında hər birinin tutumu 500 kubmetr olan iki anbar tikilib, buradan şəhərə qədər 5,6 kilometr uzunluğunda magistral su xətti çəkilib. Layihə çərçivəsində inşası nəzərdə tutulmuş 147 kilometr uzunluğunda içməli su şəbəkəsinin tikintisi tam yekunlaşıb, 9761 ünvana birləşmə verilib. Hər bir abunəçi smart tipli sayğacla təmin olunub. Hazırda şəhərin bütün əhalisi fasiləsiz içməli su ilə təmin edilir.

Şəhərin kanalizasiya infrastrukturunun yenidən qurulması işləri çərçivəsində layihələndirilmiş 123 kilometr uzunluğunda kanalizasiya şəbəkəsinin inşası da başa çatdırılıb. Göyçay şəhərində tullantı sularının təmizlənməsi məqsədilə məhsuldarlığı sutkada 20 min kubmetr olan qurğu tikiləcək. Layihənin icrası 2016-cı ildə tam başa çatdırılacaq.

Qeyd edildi ki, Göyçay şəhərinin mərkəzləşdirilmiş içməli su təchizatı sistemi 1930-1970-ci illərdə mərhələlərlə yaradılıb və istismara yararsız vəziyyətdə idi. Yeni layihə icra olunana qədər abonentlərə içməli su sutkada 1 saat olmaqla qrafiklə verilirdi.

Prezident İlham Əliyev Göyçay şəhərinə təmiz içməli suyun verilməsini bildirən düyməni basdı.

Sonra xatirə şəkli çəkdirildi.

21:11

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Göyçaya səfəri çərçivəsində Bayraq Meydanı kompleksində yaradılan şəraitlə tanış olub.

Ötən əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin atributu olan üçrəngli, ay-ulduzlu bayrağın yenidən Azərbaycanın müstəqillik rəmzinə çevrilməsi ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri sayəsində mümkün olub. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra milli bayrağımız ilk dəfə Ulu Öndər tərəfindən Naxçıvanda qaldırılıb. İndi bu bayraq dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarında, mötəbər mərasimlərdə dalğalanır. Hər bir azərbaycanlı dövlət bayrağını özünün iftixar mənbəyi hesab edir. Bu mühüm amili şərtləndirən əsas səbəblərdən biri də Prezident İlham Əliyevin dövlət atributlarımıza xüsusi ehtiramla yanaşmasıdır. Fərəhli haldır ki, dünyanın ən hündür bayraq dirəyinin ucaldığı Bakıdan sonra ölkənin əksər bölgələrində üçrəngli bayrağımızın şərəfinə meydanlar yaradılır, bununla bağlı xüsusi layihələr həyata keçirilir.

Bildirildi ki, Göyçayda Bayraq Meydanının və Muzeyinin inşasına bu ilin aprelində başlanılıb. Muzeyin qarşısında hündürlüyü 66 metr olan bayraq dirəyi ucaldılıb. Burada dalğalanan bayrağın eni 12, uzunluğu isə 24 metrdir. Meydan dövlət rəmzlərinin təbliği və gənc nəslin dövlətçilik ənənələrinə sədaqət ruhunda tərbiyə edilməsi işinin yaxşılaşdırılması məqsədilə inşa olunub. Bayraq Meydanının ərazisində geniş abadlıq-quruculuq işləri görülüb.

Prezident İlham Əliyev Bayraq Muzeyi ilə də tanış oldu.

Diqqətə çatdırıldı ki, muzeydə ölkəmizin tarixində mövcud olmuş dövlətlərin bayraqları, şəhərlərin gerbləri, Azərbaycanın orden və medallarının nümunələri sərgilənir. Muzeydə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin dövlət bayrağına bəslədikləri hörmət və ehtiramı özündə əks etdirən tarixi fotolar böyük maraqla qarşılanır. Müasir səviyyədə inşa olunan bu meydan indi rayonun ən gözəl məkanlarından birinə çevrilib.

* * * 

Oktyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Göyçayda Gənclər Mərkəzinin açılışında iştirak edib.

Dövlətimizin başçısı Gənclər Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu.

Ölkəmizdə gənclər siyasətinin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər ardıcıl xarakter alıb. Azərbaycanda gənclər siyasətinin formalaşdırılması, yeni inkişaf mərhələsinə qədəm qoyması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu sahənin inkişafı 2003-cü ildən sonra yeni müstəvidə davam etdirilib. 2005-2009-cu illəri əhatə edən "Azərbaycan Gəncliyi Dövlət Proqramı" bu baxımdan çox mühüm rol oynayıb. Hazırda həyata keçirilməkdə olan "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı bu tədbirlərin məntiqi davamıdır. Gənclərin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik, milli mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Gənclərin asudə vaxtının səmərəli təşkili, onların müxtəlif peşə və sənətə yiyələnməsi məsələsi də daim diqqətdə saxlanılır. Bu baxımdan bölgələrdə yaradılan gənclər mərkəzləri müstəsna əhəmiyyət kəsb edir.

Qeyd olundu ki, Göyçay Gənclər Mərkəzinin tikintialtı sahəsi 3400 kvadratmetr olan ikimərtəbəli binasının inşası yüksək zövq və keyfiyyətlə həyata keçirilib. Burada gənclər üçün hərtərəfli şərait yaradılıb. Binanın foyesində Ulu Öndərin büstü qoyulub, Ümummilli Liderin Göyçaya səfərlərini, sakinlərlə görüşlərini əks etdirən fotolardan ibarət stendlər yaradılıb. Mərkəzdə Prezident İlham Əliyevin həyat və fəaliyyətini, həmçinin gənclərlə görüşlərini əks etdirən fotoguşələr də var.

Burada rayon gəncləri boulinq zalı, qolf, intellektual oyunlar otaqları, kafe, rəqs studiyası, xarici dil kursları, rəsm, xalçaçılıq, poliqrafiya, heykəltəraşlıq dərnəkləri və fotostudiyaların xidmətindən yararlana biləcəklər. Mərkəzdə 60 yerlik böyük iclas və 15 yerlik konfrans zalları var. Bu zallarda rayon gənclərinin müxtəlif tədbirləri keçiriləcək.

Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.

21:01

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Ucara səfərini başa çatdıraraq Göyçay rayonuna gəlib.

Dövlətimizin başçısı əvvəlcə Göyçay şəhərinin mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoydu.

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev rayonda görülən abadlıq-quruculuq işləri barədə Prezident İlham Əliyevə məlumat verdi.

Bildirildi ki, Göyçay şəhəri öz simasını sürətlə dəyişir. Xüsusilə son vaxtlar şəhərin ən görməli hissəsində yerləşən Heydər Əliyev Mərkəzinin ətrafındakı ərazidə böyük tikinti və abadlıq işləri görülüb. Mərkəzin yerləşdiyi ərazinin ümumi sahəsi 3 hektara çatdırılıb. Qısa müddətdə burada Gənclər Mərkəzi, Bayraq Meydanı və Bayraq Muzeyi, fəvvarə kompleksləri tikilib, mərkəzin qarşısında Ulu Öndərin ağ mərmərdən abidəsi ucaldılıb. Mərkəzin qarşısındakı ərazi başdan-başa abadlaşdırılıb. Burada genişmiqyaslı yaşıllaşdırma işləri görülüb.

Abidənin ətrafında yeni işıqlandırma sistemi qurulub, 500-dən artıq ağac, 10 mindən artıq gül və bəzək kolu əkilib, yaşıllıq zolağı salınıb. Parkda böyük monitor da quraşdırılıb. Burada ana və uşaq kafesi inşa edilib, uşaqlar üçün müxtəlif attraksionlar qurulub. Bir sözlə, burada rayon sakinləri və qonaqların istirahəti üçün hərtərəfli imkan yaradılıb.

* * *

Azərbaycan Respublikasının Prezident İlham Əliyev oktyabrın 6-da yenidən qurulan Göyçay-Ucar avtomobil yolunun açılışında iştirak edib.

"Azəryolservis" ASC-nin sədr əvəzi Saleh Məmmədov dövlətimizin başçısına Göyçay-Ucar avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, 3-cü texniki dərəcəli bu yolun uzunluğu 20 kilometrə yaxındır. Eni 12 metr olan yolda iki hərəkət zolağı var. Yol üzərində müxtəlif qovşaqlar, həmçinin bir dəmiryol körpüsü yerləşir. Bu yol Göyçay-Ucar istiqamətində avtomobillərin rahat hərəkətini təmin etməklə yanaşı, bölgədə gedən iqtisadi inkişaf proseslərinə də öz təsirini göstərəcək.

Dövlətimizin başçısı rəmzi açılışını bildirən lenti kəsdi.

Bu gün Azərbaycanda yol-nəqliyyat infrastrukturunun tamamilə yeniləşdirilməsi və müasirləşdirilməsi, bu sahədə əsaslı dəyişikliklərin yer aldığı proses uğurla davam etməkdədir. Ölkəmizin ərazisindən keçən beynəlxalq əhəmiyyətli magistral yolların müasir standartlar səviyyəsində tamamilə yenidən qurulması ilə yanaşı, regionları, həmçinin kənd və qəsəbələri birləşdirən avtomobil yollarının, yolayrıcıların və körpülərin inşasına və yenidən qurulmasına xüsusi diqqət yetirilir. Bu cür yolların müasir səviyyədə inşası regionların inkişafına müsbət təsirini göstərir, rayonların simasını əsaslı şəkildə dəyişdirir, həmçinin nəqliyyatın və əhalinin rahat, təhlükəsiz və maneəsiz hərəkətini təmin edir. Bu işlərin icrası həm də onu nümayiş etdirir ki, dünyanı bürümüş iqtisadi böhrana baxmayaraq, Azərbaycanda bütün sosial layihələr uğurla icra olunur. Bu isə dövlətimizin həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsidir. Bu siyasətin bəhrəsini isə hər bir Azərbaycan vətəndaşı öz həyatında hiss edir.

18:35

Oktyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ucar Tarix-Diyarşünaslıq Muzeyi üçün inşa olunan yeni binanın açılışında iştirak edib.

Dövlətimizin başçısı muzeyin yeni binasının rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyevə məlumat verildi ki, ümumi sahəsi 650 kvadratmetr olan bina bütün lazımi kommunikasiya xətləri və müvafiq avadanlıqla təchiz olunub.

Bu gün ölkəmizdə bir sıra yeni muzeylər tikilir, eləcə də mövcud olanları əsaslı şəkildə yenilənir. Qədim tarixi olan və geniş turizm potensialına malik Azərbaycan üçün bu cür muzeylərin yaradılması olduqca vacib məsələdir. Bu sırada Ucar Tarix-Diyarşünaslıq Muzeyi üçün tikilən yeni binanı göstərmək olar. Qədim tariximizin və mədəni irsimizin öyrənilməsi, gələcək nəsillərə çatdırılması baxımından Ucar Tarix-Diyarşünaslıq Muzeyi mühüm əhəmiyyətə malikdir. Muzeydə həm ölkəmizin, həm də Ucarın tarixini əks etdirən və turistlər üçün böyük maraq doğuran çoxlu sayda eksponat var. Bu eksponatlar bölgənin tarixini öyrənmək baxımından olduqca əhəmiyyətlidir. Bütün bunlar onu göstərir ki, ölkədə muzey işinin təşkilində əhəmiyyətli uğurlar qazanılıb. Gənc nəslin tarixi keçmişimizə maraq göstərməsini təmin etmək, onların vətənpərvərlik ruhunda tərbiyə olunması baxımından muzeylərin böyük rolunu nəzərə alaraq bu sahədə tədbirlərin daha da gücləndirilməsinə böyük diqqət göstərilir və bu məsələdə Ucar Tarix-Diyarşünaslıq Muzeyi xüsusi yeri ilə seçilir.

Ucar şəhərinin mərkəzində orijinal layihə əsasında inşa olunan Tarix-Diyarşünaslıq Muzeyinin yeni binası xüsusi dizaynı ilə də diqqəti çəkir.

---------

18:18

Oktyabrın 6-da Ucar rayonuna səfəri zamanı Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısına məlumat verildi ki, partiyanın inzibati binasının tikintisi yüksək standartlara uyğun həyata keçirilib. Ümumi sahəsi 600 kvadratmetr olan bina müasir inventar və avadanlıqla təchiz olunub.

Binanın foyesində Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyevin büstü qoyulub. Burada Ümummilli Liderin və Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyası ilə bağlı fəaliyyətlərini əks etdirən maraqlı fotolardan ibarət guşə var. Binanın 110 nəfərlik akt zalında partiyanın fəaliyyəti ilə bağlı müxtəlif tədbirlər keçirilə bilər. İnzibati otaqlarda səmərəli fəaliyyət üçün hərtərəfli şərait yaradılıb.

Yeni Azərbaycan Partiyasının bölgələrdəki qurumları arasında Ucar rayon təşkilatı da fəaliyyəti ilə seçilir. 1993-cü ildə qurulan təşkilat hazırda 4 mindən çox siyasi həmfikiri bir araya toplayıb və onun üzvləri rayonun ictimai-siyasi, sosial-iqtisadi həyatına mühüm töhfələr verirlər, aparılan abadlıq-quruculuq və yenidənqurma işlərində yaxından iştirak edirlər. Partiyanın rayon təşkilatının üzvlərinin 35 faizini gənclər, 50 faizini isə qadınlar təşkil edir.

Ölkənin avanqard partiyasının rayon təşkilatları üçün bu cür müasir inzibati binaların tikilməsi ilk növbədə işçilərin yüksək səviyyədə fəaliyyət göstərmələrinə hesablanıb. Bu, eyni zamanda, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikanın ağır günlərində yaranan, çətin və şərəfli yol keçən, ölkənin çiçəklənməsində mühüm xidmətləri olan Yeni Azərbaycan Partiyasına dövlətimizin göstərdiyi diqqəti nümayiş etdirir.

X X X

Oktyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ucar Gənclər Mərkəzinin açılışında iştirak edib.

Dövlətimizin başçısına məlumat verildi ki, üçmərtəbəli binanın tikintisinə bu ilin əvvəlində başlanılıb və inşaat işləri oktyabr ayında başa çatdırılıb. Ərazisi 2 min kvadratmetr olan Ucar Gənclər Mərkəzi respublikada ən böyük gənclər mərkəzlərindən biridir.

Prezident İlham Əliyev mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Mərkəzin foyesində gənclərə daim diqqət göstərən ümummilli lider Heydər Əliyevin büstü qoyulub. Burada, həmçinin Ulu Öndərin ictimai-siyasi fəaliyyətinin müxtəlif məqamlarını, gənclərlə görüşlərini əks etdirən fotolardan ibarət guşələr yaradılıb.

Prezident İlham Əliyev mərkəzdə yaradılan şəraitlə tanış oldu.

Burada qurulan 7D formatlı kinozal orijinallığı ilə diqqəti cəlb edir. Xarici ölkələrdə istehsal olunan müasir avadanlıqların quraşdırıldığı zalda 7D formatlı filmlərin nümayişi üçün hər cür şərait yaradılıb. Elektron kitabxana və konfrans zalı da bütün lazımi avadanlıqla təchiz olunub. Burada, həmçinin atıcılıq salonu da təşkil edilib. Ən son avadanlığın quraşdırıldığı salonda gənclərin bu sahədə ibtidai hazırlıq keçmələri və onların interaktiv, pnevmatik silahlardan atəşaçma bacarıqlarının yüksəldilməsi üçün məqsədyönlü işlər aparılacaq.

Bildirilib ki, mərkəzin yaradılmasında əsas məqsəd yeniyetmələr arasında elmi-texniki biliklərin təbliği, onların elmi-yaradıcı təşəbbüslərinin artırılması, bu sahədə istedadlı gənclərin üzə çıxarılmasıdır . Mərkəzdə kompyuter bilikləri və xarici dil üzrə xüsusi kursların təşkili də planlaşdırılır. Akt zalı müasir üslubda qurulub. Burada gənclər üçün müxtəlif mövzularda tədbirləri keçirmək mümkün olacaq. Mərkəzdə gənclər kafesi də fəaliyyət göstərəcək. Bundan əlavə, mərkəzdə Prezident İlham Əliyevin gənclər siyasətini əks etdirən fotoguşələr yaradılıb. Yaradıcılıq mərkəzində gənclər həm sənət öyrənəcək, həm də onların əl işləri sərgilənəcək. Respublikada ilk dəfə olaraq bu mərkəzdə Aşıq məclisi və poeziya dərnəyi yaradılıb.

Qeyd edilib ki, mərkəzdə gənclərin istirahətini təmin etmək üçün stolüstü oyunlar, eləcə də kafe, bar, internet klub, internet kafe də fəaliyyət göstərir. Mərkəzdə gənclərin müasir texnoloji yeniliklərlə yaxından tanış olmalarına, onların bilik və bacarıqlarının inkişaf etdirilməsinə yönələn kurslar təşkil ediləcək. Burada yaradılan şərait gənclərin asudə vaxtlarının səmərəli keçməsinə imkan verəcək. Mərkəz, həmçinin gənclərin ictimai fəallığının yüksəldilməsində mühüm rol oynayacaq.

Dövlətimizin başçısı mərkəzin imkanlarından səmərəli istifadə edilməsi barədə tapşırıq və tövsiyələrini verdi.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Ucar rayonuna səfəri çərçivəsində "Fermer" yol-istirahət mərkəzində yaradılan şəraitlə də tanış olub.

Dövlətimizin başçısına məlumat verildi ki, kompleks 3 hektar ərazidə salınıb. İki hissədən ibarət olan kompleksin birinci hissəsinə Bakı-Gəncə magistral yolunun kənarında yerləşən yarmarka tipli satış məntəqəsi daxildir. Ümumi sahəsi 1200 kvadratmetr olan yarmarka Ucar və ətraf rayonlardan olan vətəndaşların yetişdirdikləri kənd təsərrüfatı məhsullarını rahat, heç bir müdaxilə olmadan istehlakçılara əlverişli şərtlərlə çatdırmalarına geniş imkan yaradır. Bundan əlavə, yarmarkada 24 saat fəaliyyət göstərən aptek və market də var. Ümumilikdə layihə çərçivəsində 80-ə yaxın sakin işlə təmin olunacaq.

Kompleksin ərazisində süni göl yaradılıb, istirahət binaları tikilib. Koteclərdən 2-si mətbəx olmaqla, 3-ü birotaqlı, 1-i ikiotaqlı, 1-i isə dördotaqlıdır. Burada xüsusi qonaq evi də tikilib. Kompleksdəki 80 nəfərlik banket zalında həm müəssisənin işçilərinə, həm də Ucar sakinlərinə xidmət göstəriləcək. Ərazidə geniş yaşıllıq zolağı salınıb, istirahət üçün bütün şərait yaradılıb.

----------

13:34

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Ucar Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışında iştirak edib.

Dövlətimizin başçısı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsdi.

Bildirildi ki, yeni xəstəxana üçün 4,4 hektar torpaq sahəsi ayrılıb. Bu ərazinin 1,2 hektarında 4 korpusdan ibarət ikimərtəbəli kompleks tikilib. Xəstəxana kompleksi Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunub.

Prezident İlham Əliyev tibb ocağında yaradılan şəraitlə tanış oldu. Burada ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkəmizdə səhiyyənin inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotostendlər quraşdırılıb.

Kompleksə cərrahiyyə, terapiya, pedriatriya, reanimasiya, ginekologiya, reanimatalogiya, diaqnostika, fizioterapiya, qəbul şöbələri, konsultativ poliklinika, perinetal mərkəz, labaratoriya, təcili tibbi yardım stansiyası və inzibati korpus daxildir. Xəstəxana 118 çarpayılıqdır. Şöbələrin hamısı ən müasir tibbi avadanlıqla təmin olunub.

Xəstəxanada yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev xidmətin yüksək səviyyədə təşkili ilə bağlı tapşırıq və tövsiyyələrini verdi.

-----------

13:08

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da "Ucar Aqro" MMC-nin quşçuluq sənaye kompleksi ilə tanış olub.

Dövlətimizin başçısına məlumat verildi ki, müəssisənin illik quş əti istehsalı gücü 9,5 min ton təşkil edir. Müəssisədə 65 çeşiddə istehsal edilən quş əti məhsulları "Mərcan" brendi ilə təqdim olunur.

Qeyd edildi ki, əsas istehsal prosesi beş sahədə - kəsim, soyutma, bölünmə, qablaşdırma və şoklama sahələrində aparılır.

Sonra Prezident İlham Əliyevə Aran iqtisadi rayonu üzrə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilən investisiya layihələri barədə məlumat verildi.

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Prezident İlham Əliyevə məlumat verdi ki, Aran iqtisadi rayonu üzrə 11 min 400-dək sahibkara 620 milyon manat civarında kredit verilib. Bunun 445 milyon manatını güzəştli kreditlər təşkil edir.

Daha sonra dövlətimizin başçısı quş əti emalı müəssisəsində və quş yetişdirmə fabrikində yaradılan şəraitlə tanış oldu.

----------

12:38

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Ucar rayonuna səfərə gəlib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə Ucar şəhərinin mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoydu.

Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov abidənin ətrafında görülmüş işlər barədə Prezident İlham Əliyevə məlumat verdi.

Bildirildi ki, ulu öndərin abidəsinin ucaldıldığı ərazidə son vaxtlar geniş abadlıq işləri görülüb, yaşıllıq zolaqları salınıb. Bura rayon sakinlərinin ən sevimli istirahət mərkəzlərindən birinə çevrilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.