Siyasət

250 milyardı Azərbaycandan necə keçirməli?

4 Oktyabr 2015 10:23
Baxış: 2 907

Bu istək baş tutarsa, daşımalardan Rusiya ildə milyardlarla dollar qazana bilər

Ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə ötən əsrin sonlarında gördüyü işlər ölkəmizə Asiya ilə Avropanı birləşdirən mühüm tranzit dövləti statusu qazandırdı. Bununla da Azərbaycan TRASEKA-nın keçdiyi ölkələr arasında aparıcı rola malik dövlətə çevrildi. Bu gün tarixi İpək yolunun ölkəmizdən keçməsi müxtəlif sahələrin inkişafına təkan verir. Asiya ilə Avropa arasında məsafə nə qədər qısa olsa da, bir-biri ilə sıx iqtisadi-ticari əlaqələrlə bağlıdır və ölkəmiz bundan bacarıqla faydalanır.

Hazırda Asiyadan Avropaya daşınan yüklərin çox hissəsi dəniz yolu - Süveyş kanalı vasitəsilə həyata keçirilir. Əvvəllər bu marşrutla daşınan yüklərin nəqliyyat xərcləri baha başa gəldiyi üçün istehsalçı və alıcılara sərf etmirdi. Belə hal haqlı narazılığa səbəb olurdu. Lakin bir-biri ilə ciddi rəqabət aparan gəmiçilik şirkətləri bu vəziyyətdən çıxmaq üçün bir sıra tədbirlər həyata keçirdi. Onlar daşınan malların maya dəyərini aşağı salmaq üçün iritonnajlı, daha sürətli gəmilərdən istifadə etməyə başladılar. Nəticədə daşınan yüklərin maya dəyərini 3 dəfə aşağı salmağa nail oldular. Hazırda 21 min kilometr məsafəni 30-35 sutkaya qət etməklə bir konteyneri sifarişçilərə 850 dollara çatdırırlar.

Rusiya bu istiqamətdə daşınan yüklərin bir hissəsinin öz ərazisindən keçməsinə çalışır. Bu məqsədlə Çin və digər Asiya ölkələrinə Transsibir marşrutundan istifadəni təklif edir, aparılan danışıqlarda bunun daha sərfəli marşrut olduğunu sübut etməyə çalışır.

Şimal qonşumuzun təklif etdiyi marşrut dəniz yolu ilə Süveyş kanalından keçən marşrutdan 10 min kilometr qısadır. Amma hazırda Asiyadan Avropaya daşınan yüklərin cəmi 1 faizi Rusiya ərazisindən tranzit olunur. Şimal qonşumuz bu rəqəmi 10-15 faizə çatdırmaq niyyətindədir. Məqsəd ənənəvi marşrutla daşınan 250 milyard dollar dəyərində yükün bir hissəsinin ölkə ərazisindən tranzitinə nail olmaqdır. Əgər bu istək baş tutarsa, daşımalardan Rusiya ildə milyardlarla dollar qazana bilər, lakin şimal qonşumuz bununla da kifayətlənmək fikrində deyil. Çinlə danışıqlar apararaq ikinci Transsibir dəmir yolunun çəkilməsinə də nail olmaq istəyir. Ən maraqlısı isə budur ki, Rusiya Çinə ənənəvi Süveyş kanal marşrutu əvəzinə, yüklərin Şimal Buzlu okeanla daşınmasını da təklif edir. Bu marşrutun çatışmayan cəhəti onun il boyu işlək olmamasıdır. Hazırda Rusiya tərəfi Çinə birgə elmi tədqiqatlar aparmaqla bu marşrutdan il boyu istifadə etməyin mümkün olduğunu sübut etməyə çalışır. Şimal Buzlu okean marşrutunun Süveyş kanalı marşrutundan üstün cəhəti odur ki, malları bu yolla Çindən Avropaya ənənəvi marşrutdan 10 gün tez çatdırmaq mümkündür. Bu, ticarətdə xüsusi önəm daşıyan bir haldır. Yeri gəlmişkən qeyd edək ki, Misir də gözləmə mövqeyini tutmayıb. Hiss edəndə ki, Süveyş kanalının yükləri tez keçirmək imkanı getdikcə məhdudlaşır, ikinci kanalın tikintisinə start verib. 

Rusiya nəqliyyat nazirinin müavini Çingiz İzmayılov Rusiya Dövlət Dumasında etdiyi çıxışında qeyd edib ki, Transsibir marşrutuna ən real rəqib kimi Çin, Orta Asiya və Avropanı birləşdirən TRASEKA nəqliyyat dəhlizini görür. Nazir müavini vurğulayıb ki, bu marşrut Transsibir və "Şimal-Cənub"la rahat rəqabət aparmaq imkanına malikdir. Buna görə də ölkəsinin bu marşrutlarla rəqabət aparması üçün bir sıra güzəştlərə getməsi vacibdir.

Dünya təcrübəsi göstərir ki, istənilən dövlətin iqtisadi inkişafının və ümumi təhlükəsizliyinin fundamental şərtlərindən biri nəqliyyat dəhlizlərinin mövcudluğu və əsas nəqliyyat növlərinin bir neçəsinin vacib istiqamətlər üzrə hərəkətinin təmin olunmasıdır. Əks halda, hər hansı ciddi iqtisadi inkişafdan, ümumi təhlükəsizliyin təmin edilməsindən söhbət belə gedə bilməz.

Hazırda ölkəmiz quru, hava, su, dəmir yolu vasitəsilə müxtəlif istiqamətlər üzrə dünyaya çıxışa malikdir. Bu da müxtəlif nəqliyyat vasitələri ilə beynəlxalq iqtisadi əlaqələrin qurulmasında, eləcə də idxal-ixrac əməliyyatlarının həyata keçirilməsinə geniş imkanlar yaradır. 

Ölkədaxili nəqliyyat infrastrukturunun müasir dünya standartlarına uyğunlaşdırılması xarici iş adamlarının ölkəmizə sərmayə yatırmasında mühüm rol oynayır. Belə ki, beynəlxalq nəqliyyat dəhlizlərinə çıxış və daxili infrastrukturun mükəmməl olması xarici investorları özünə cəlb edən amillərdən biridir və bu səbəbdən mükəmməl nəqliyyat-kommunikasiya sistemi olmayan ölkədə biznes sahəsində uğur qazanmaq, sadəcə, mümkün deyil. 

Tarixi İpək yolunun bərpası Azərbaycan, eləcə də Avropa və Asiya ölkələri üçün böyük önəm daşıyan layihədir. Avropa-Qafqaz-Asiya beynəlxalq dəhlizi olan TRASEKA-nın keçdiyi dövlətlər sırasında ölkəmizin xüsusi yeri var. Buna görə də tarixi İpək yolunun bərpasına həsr olunmuş mühüm konfrans da 1998-ci il sentyabrın 8-də Bakıda keçirilmişdir. 9 dövlət başçısının, 13 beynəlxalq təşkilat və 32 ölkənin nümayəndə heyətinin iştirakı ilə keçirilən həmin konfransda "Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş" imzalanmışdır. Bu layihənin icrası sayəsində Azərbaycan ərazisindən keçməklə daşınan tranzit yüklərin həcmi ildən-ilə çoxalır, ölkəmizin siyasi, strateji əhəmiyyəti artır. Azərbaycan bu sahədə də həm yük, həm də sərnişin daşımaları ilə artıq regional mərkəzə çevrilib. 

Coğrafi vəziyyətimiz güclü nəqliyyat infrastrukturu ilə də təmin olunmanı tələb edir. Bu məqsədlə həyata keçirilən layihələr - dəniz ticarət limanının tikintisi, Bakı-Tbilisi-Qars dəmir yolunun inşası bir-biri ilə sıx bağlıdır. Həmin dəhlizlər - Şimal-Cənub, Şərq-Qərb dəhlizləri, Azərbaycan üzərindən keçməklə ölkədə yaradılan və yaradılacaq nəqliyyat infrastrukturu həm özünə, həm də qonşu ölkələrə xidmət göstərəcək. 

Xəbər verildiyi kimi, bu yaxınlarda beynəlxalq Transxəzər nəqliyyat marşrutu üzrə iri həcmdə yüklərin daşınmasına start verildi. Avqustun 3-də Çinin Şixezi şəhərindən start götürən ilk sınaq konteyner qatarı Bakı (Ələt) Beynəlxalq Dəniz Ticarət Limanına daxil oldu. Həmin qatar 41 platforma vaqondan ibarət olmaqla 20 tonluq (FEU) 82 konteyner daşıyır. İlk sınaq konteyner qatarı iyulun 28-də Çinin Şixezi şəhərindən start götürərək iyulun 31-də Qazaxıstanın Aktau limanına, avqustun 3-də isə Azərbaycana - Bakı Beynəlxalq Ticarət Limanına çatıb. Bu, Şərqdən Avropaya gedən digər yollarla müqayisədə 550-600 kilometrlik qısa bir məsafə deməkdir. Bundan sonra konteyner qatarının mütəmadi olaraq Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu üzrə hərəkət etməsi planlaşdırılır. Beləliklə, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu özünün fəallıq dövrünə qədəm qoyur. Bu istiqamətdə yüklərin daşınması Bakı-Tbilisi-Qars dəmir yolu xətti fəaliyyətə başlanandan sonra genişlənərək özünün yüksək zirvəsinə çatacaq. Adı çəkilən nəqliyyat dəhlizi Şərqdən Avropaya kimi yüklərin qısa və təhlükəsiz daşınmasında ən əlverişli marşrut olacaq.

İlk sınaq qatarının ölkəmizə gəlməsi tarixi bir hadisədir. Bu, ölkəmizin beynəlxalq aləmdə tranzit ölkə kimi əhəmiyyətini daha da artırır. Gələcəkdə yeni nəqliyyat dəhlizi ilə yüklərin daşınması dünya iqtisadiyyatında əhəmiyyətli bir rol alacaq. Təkcə ölkəmizin deyil, regionumuzun, eləcə də Asiya ilə Avropanın nəqliyyat xətləri ilə bir-birinə bağlılığı artacaq, yüklərin sərfəli tariflərlə və təhlükəsiz daşınması təmin ediləcək. 

Sözsüz ki, qazanılan bu uğurlar ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Dövlət başçısının dəfələrlə qeyd etdiyi kimi, bu layihə ölkəmizə, regionumuza və ümumilikdə dünya iqtisadiyyatına mühüm töhfə verəcək.

Azərbaycanda ölkədaxili yolların salınması da unudulmur. Belə ki, təkcə ötən il 960 kilometr respublika və yerli əhəmiyyətli avtomobil yolları, 30 yeni körpü və yolötürücüləri tikilib və ya təmir olunub. Bundan əlavə, keçən il 960 min nəfər əhalisi olan 597 yaşayış məntəqəsini birləşdirən 1300 kilometr kənd yolları çəkilib.

Hazırda mükəmməl nəqliyyat-kommunikasiya infrastrukturunun formalaşmasını başa çatdırmaq üçün bölgələrdə mühüm layihələr həyata keçirilir. Ucqar kəndlərə belə, yüksək səviyyəli asfalt yollar çəkilir, çaylar üzərində müasir standartlara cavab verən körpülər salınır. Görülən işlər sayəsində bölgələrlə nəqliyyat-kommunikasiya əlaqələri gündən-günə yaxşılaşır. Bu həm yükdaşımalarda, həm də turizmin inkişafında özünü qabarıq şəkildə büruzə verir. 

Bu işin ölkə üçün prioritet sahə olduğunu çıxışlarında dəfələrlə qeyd edən Prezident Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında demişdir: "Bu yaxınlarda müxtəlif bölgələrdə kənd yollarının tikintisi ilə əlaqədar müvafiq sərəncamlar imzalanmışdır və yeni sərəncamlar da imzalanacaq. Kənd yollarının tikintisi üçün həm dövlət büdcəsindən, eyni zamanda, Prezidentin Ehtiyat Fondundan əlavə vəsait ayrılmalıdır ki, ilin sonuna qədər bu proses sürətlə davam etsin. Deyə bilərəm ki, son illər ərzində bu sahəyə çox böyük diqqət göstərilmişdir və bu diqqət hesabına bir çox kəndlərdə yeni yollar salınmışdır. Amma hələ elə kəndlər var ki, orada yollar bərbad vəziyyətdədir. Bizdə bütün informasiyalar var. Mən bölgələrdə olarkən yerli icra orqanlarının nümayəndələri ilə bu məsələləri müzakirə edirəm, göstərişlər verirəm. Onlar təkliflər verir və sonra bu təkliflər nəzərə alınır, məsələlər həllini tapır".

"Azərbaycan" qəzeti

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.