Siyasət

Media azadlığının Qərb modeli və ikili standartlar

5 Sentyabr 2015 12:15
Baxış: 542

Bu günlərdə Azərbaycanda bir jurnalistin yazdığı statusa görə məişət zəminində döyülməsi və daha sonra xəstəxanada vəfat etməsi, ona paralel olaraq, yenə də məişət zəminində şikayət əsasında həbs olunan və daha sonra Cinayət Məcəlləsinin bir neçə konkret maddəsi ilə ittiham olunan "Azadıq" radiosu müxbirinin məhkəmə prosesi xaricdən olan bəzi "insan hüquqları" və "ifadə azadlığı" psevdo-təəssübkeşləri üçün sanki göydəndüşmə bir fürsət oldu. Onlar bu fürsətdən istifadə edərək, sanki Azərbaycanın ünvanına "qara piar" yarışına çıxdılar. Twitter, Facebook kimi sosial şəbəkələr onların nəzərində "məharətlərini" göstərmək üçün əlverişli arena rolunu oynadı. Hətta öz "missiyalarına" sədaqətlərini göstərməyə o qədər aludə oldular ki, ədəb-ərkan, hüquq çərçivəsi belə qalmırdı.

Bu hadisələrin fonunda, dünyanın ən inkişaf etmiş 2 ölkəsində son 1 həftədə yaşanan 2 hadisə sanki əhəmiyyət belə kəsb etmirdi: ABŞ-da 2 media mənsubunun canlı yayında güllələnməsi, Fransada isə yenə 2 media mənsubunun Mərakeş Kralına qarşı şantaj hazırlama ittihamı ilə həbs olunması sadəcə adi bir hadisə təəssüratı yaratdı.

Sual olunur: necə olur ki, Azərbaycanda məişət zəminində döyülən media mənsubu üçün dəridən-qabıqdan çıxan, Azərbaycanda mətbuatın azad fəaliyyəti üçün lazımi şəraitin yaradılmadığını iddia edən həmin rəsmilər ABŞ-da hər kəsin gözü qabağında 2 müxbirin gülləboran edilməsini sakitcə qarşıladı? Məgər bunların hər ikisi eyni qəbildən deyildimi? Hətta yeri gələndə, ABŞ-dakı qətlin baş verməsində hüquq-mühafizə orqanlarının məsuliyyəti Azərbaycandakına nisbətən daha artıq deyildimi?

Eyni şəkildə, Azərbaycanda böhtanla əlaqədar jurnalist məsuliyyətə cəlb olunanda bunun ifadə azadlığına zidd olduğunu bildirən qurumlar şantajı nədən cinayət hadisəsi kimi qəbul edir və ona qarşı cəza tədbiri görürlər? Böhtanla şantaj arasında mahiyyət etibarilə nə fərq var? Şantaj böhtanın ictimailəşməmiş forması deyilmi? Şantaj böhtan xarakterli materialın çap olunması təhdidi deyilmi? Hətta o materialın böhtan deyil, həqiqəti əks etdirmə ehtimalı da yoxdurmu? O zaman nədən ifadə azadlığının simvolu olan Qərbdə o yazının dərc olunmasının qarşısı alınmalı idi? O zaman izin versəydilər, həmin media nümayəndələri materiallarını dərc etsəydi...

Bu iki hadisə diqqəti Avropada media mənsublarına qarşı hücumlara çəkdi. Araşdırmalar göstərir ki, belə hallar Avropada heç də az deyil. Belə ki, 2015-ci ilin 8 ayı ərzində Avropa İttifaqına üzv və namizəd ölkələrdə media mənsublarına qarşı müxtəlif kateqoriyalar üzrə 931 hadisə qeydə alınmışdır ki, onlardan 23-ü İngiltərənin, 55-i Fransanın, 60-ı Almaniyanın, 28-i İspaniyanın, 6-sı Portuqaliyanın, 7-si Avstriyanın, 99-u Macarıstanın, 73-ü isə İtaliyanın payına düşür. Hadisələrin mahiyyətinə gəlincə, bunlardan 7-si ölüm, 126-sı fiziki cəza, 80-i həbs, 181-i senzura ilə əlaqəlidir[1].

Ancaq media azadlığı carçıları bir dəfə də olsun bu ölkələrdən bəhs etdilərmi? Belə olan halda, öz gözündə tiri görməyib başqalarının gözündə tük axtarmağın mənası nədir? Bütün bunlar ikili standartların bariz nümunəsi deyilmi?

Newtimes.az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.