Siyasət

"ABŞ-Ermənistan münasibətlərində yeni keyfiyyət mərhələsi yaranıb"

4 Sentyabr 2015 15:03
Baxış: 726

ABŞ-Ermənistan münasibətlərində yeni keyfiyyət mərhələsi yaranıb. Bu keyfiyyət mərhələsi Ermənistanın daxili iqtisadi-siyasi həyatını əhatə etməklə yanaşı, Türkiyə ilə sərhədlərin açılması və Qarabağ məsələsini də əhatə edib.

Trend xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloq bildirib ki, ABŞ Ermənistandakı Qərbin bütün iştirak payını öz əlində təmərküzləşdirmək kursu götürüb:

I. Global Contour şirkəti gözlənilmədən Ermənistan hökumətilə Vorotan SES-in alınması ilə bağlı müqaviləni tamamlayıb. Bu prosesdə sərt mövqeyi yumşaldıb. Nəzərdə tutulan pulun bir qismini müqavilə imzalanmamışdan öncə Ermənistan hökumətinin hesabına köçürüb. Bu müqavilə imzalanmamışdan əvvəl ABŞ-dakı erməni təşkilatlarının təmsilçiləri, ABŞ-ın maliyyə naziri Cek Lyu ilə görüşüb ona "erməni soyqırımının 100 illiyində" Yerevana səfər etdiyi üçün minnətdarlıqlarını bildiriblər. O vaxt ABŞ-ın maliyyə nazirinin Ermənistana səfərinin əsas məqsədi Vorotan SES-lə bağlı müqaviləni imzalamaq idi. O zaman bu baş tutmadı. İndi erməni təşkilatları müqavilənin imzalanacağını onun diqqətinə çatdırıblar. Bəzi Qərb ekspertləri ABŞ-ın Ermənistanın daxili həyatında iştirakını artırdığını və Ermənistanın ABŞ-la əməkdaşlığa hazır olduğunu qeyd edirlər.

Mərkəz rəhbərinin sözlərinə görə, Ermənistandakı antirus mətbuat isə bu müqavilənin imzalanmasını 3 parametrlə xarakterizə edib:

a) ABŞ və İran Ermənistana daxil olur.
b) Ermənistan Rusiyanın iqtisadi köləliyindən çıxarılır.
c) Ermənistan enerji müstəqilliyi əldə etməyə başlayır.

II. Səfir R.Mills baş nazir O.Abramyanla Amulsar qızıl yatağındakı vəziyyətlə tanış olub. Bu yatağı Britaniya şahzadəsi II Çarlz almaq istəyirdi. Britaniyanın Dağlıq Qarabağ məsələsində Ermənistana yaxınlaşması, B.Saakyanı Britaniya parlamentinə və Chatham House-a dəvət etməsi Gürcüstan ərazisində Cənubi Osetiya ilə inzibati sərhəddə Bakı-Supsa neft kəməri üçün problem yaradıb. Bakı-Supsaya problem yaratmaq BP-yə problem yaratmaq deməkdir. Ona görə Britaniyanın geri çəkildiyini, Ermənistandakı öz payını ABŞ-a verdiyini və ABŞ-ın da bunu qəbul etdiyini deməyə kifayət qədər ciddi əsas var.

III. Fransanın "Orange" kompaniyasının öz 100%-lik səhmlərini "UCom" şirkətinə tələm-tələsik satıb. "UCom" şirkətinin sahibi Ermənistanın maliyyə naziri Q.Xaçaturyandır. Daha çox ABŞ-a meylli şəxsdir.

IV. Səfir R.Mills Ermənistan parlamentində Ermənistan-ABŞ dostluq qrupunun rəhbəri, vitse-spiker Ermine Naqdalyanı bu vəzifədən istefa verməyə çağırıb. Səbəb E.Naqdalyanın Rusiyanın Ermənistanda yaratdığı "Qriboyedov" klubunun üzvü olmasıdır.

V. USAID Ermənistanda biznesin siyasətdən ayrılması istiqamətində fəaliyyətini gücləndirib. R.Mills korrupsiyaya qarşı mübarizədə Ermənistana ABŞ-ın adından yardım vəd verib. R.Mills sələfi C.Heffern kimi Ermənistan hökumətinin iclaslarında idarəçi-koordinator rolunda çıxış etməyə hazırlaşır.

VI. Səfir R.Mills Ermənistan və Türkiyə turoperatorlarının Yerevanda keçirilən görüşündə iştirak edib. O, iki ölkəni mədəni, tarixi baxımdan bir-birinə yaxınlaşdıran elementlərin, ayıran elementlərdən daha çox olduğunu bildirib.

VII. ABŞ-ın Dağlıq Qarabağ siyasəti yenidən ermənilərin maraqlarına uyğun qurulub. Yalnız qısa müddət ABŞ-ın Qarabağ siyasəti obyektivliyə və ya Azərbaycanın maraqlarına cavab verib. ABŞ-ın ermənipərəst mövqeyinin tarixi və müasir əsasları mövcuddur. Tarixi əsas ermənilərin ABŞ-ın diktəsilə SSRİ-nin dağılmasında iştirak etməsidir.

Politoloq sonra vurğulayıb ki, müasir əsaslar isə 2 fundamental qrupa bölünür: "Ermənilər Rusiyanın əleyhinədirlər və həmişə ABŞ-ın antirusiya sifarişini yerinə yetirməyə hazırdırlar. Moskvada ermənilərin strukturlaşması buna onların imkanı olduğunu deməyə əsas yaradır. İkinci əsas isə Yaxın Şərqdə, o cümlədən İranda ermənilərin ABŞ-ın əlində alət olması bu gün ABŞ-a çox vacibdir. Amerikalı həmsədr C.Uorlik BMT BA-nın növbəti sessiyasının açılmasına 20 gün qalmış Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünə çağırış edib. Amerikalı həmsədr C.Uorlik son 2 ildə ABŞ-da BMT müstəvisində Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə çalışıb. Bu məqsədlə bəzən Azərbaycan və Ermənistan prezidentlərinin digər məkanlarda görüşünün əleyhinə çıxıb və bir neçə dəfə belə görüşləri pozub. İndi Uorlikin prezidentlərin deyil, xarici işlər nazirlərinin görüşünə çağırış etməsi Amerikanın mövqeyində erməni faktorunun güclü olduğunu nümayiş etdirdi".

M.Əhmədoğlu hesab edir ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin əleyhinədir: "İranla yaxınlaşdıqdan sonra ABŞ Dağlıq Qarabağ məsələsini tənzimləyəcəksə, bu kontekstdə bir sıra proseslər yarımçıq qala bilər. Eləcə də indi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi Rusiyanın xeyrinədir. Ən azı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi hesabına Rusiyanın Cənubi Qafqaza kommunikasiya imkanları genişlənəcək. Üçüncüsü, ABŞ Yaxın Şərqdə ermənilərdən alət kimi istifadə edir".

Politoloq sonra əlavə edib ki, ABŞ-ın mövqeyi ədalətli və ya Azərbaycanpərəst olan kimi S.Sərkisyan ABŞ-dakı erməni təşkilatları ilə birlikdə Yaxın Şərq ermənilərini ABŞ-a təqdim etməklə vəziyyəti yenidən öz xeyirlərinə dəyişdilər:

VIII. Ermənistan müdafiə nazirinin birinci müavini D.Tonoyanın başçılıq etdiyi nümayəndə heyəti xüsusi missiya ilə ABŞ-da səfərdə oldu. Antirusiya mahiyyətli bu görüş zamanı Dağlıq Qarabağ münaqişəsi də xüsusi müzakirə edildi.

IX. 10 il ərzində ABŞ Ermənistanın Müdafiə Nazirliyinə 41.2 milyon dollar vəsait ayırmışdır - "Məlumatlı Vətəndaşlar İttifaqı".

X. Keçmiş dövlət katibi, indi Demokrat partiyasından prezidentliyə əsas namizəd Hillari Klinton Kim Kardaşyan və onun əri K.Uestlə selfi çəkdirdi. ABŞ-da Kim Kardaşyanın antirekord qırması fonunda H.Klintonun prezidentliyə namizədlik ərəfəsində belə addım atması onun üçün erməni faktorunun nə qədər əhəmiyyətli olduğunu göstərir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.