Siyasət

"ABŞ-ın demokratiya axtarışı Avropada demokratiyanı məhdudlaşdırmağa başlayıb"

4 Sentyabr 2015 13:32
Baxış: 486

ABŞ-ın Yaxın Şərqdə demokratiya axtarışı Avropada demokratiyanı məhdudlaşdırmağa başlayıb. ABŞ-ın Yaxın Şərq regionuna demokratiya yürüşü Avropaya güclü miqrant axını yaradıb. Miqrant axını Aİ-nin Şengen vizası rejimində dəyişiklik yarada bilər.

Trend xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloq bildirib ki, şengen vizası sərbəst yerləşmə azadlığının ən yüksək təşəkkülüdür: "Sərbəst yerdəyişmə azadlığı isə demokratiyanın ən vacib təkmil tərkib hissələrindən biridir. Beləliklə, Liviya, Suriya, İraq və digər Yaxın Şərq ölkələrindən gələn miqrant axınları Avropanı demokratik məhdudiyyətlər tətbiq etməyə vadar edə bilər. Diqqət çəkən məqam odur ki, indi miqrant axını mənbəyi olan əsas ölkələr (Liviya, İraq, Əfqanıstan) vaxtı ilə Qərbin demokratikləşdirmək istədiyi ölkələrdir. Paradoksal nəticə alınır. Liviyanı demokratikləşdirmək istəyən Qərb, nəticədə özü demokratiyadan geri çəkilməyə məcbur olur. Faciə burasındadır ki, Qərb bu gün Liviya, Suriya, İraq və Əfqanıstanda yaranan problemlərin, o cümlədən miqrant axını mənbəyinin özləri olduğunu etiraf etmirlər və bu istiqamətdəki dağıdıcı siyasətlərini davam etdirmək kursundadırlar. Suriya prezidenti Bəşər Əsədə qarşı münasibətlər bunu aydın göstərir".

Mərkəz rəhbəri bildirib ki, Ukrayna rəhbərliyi Qərbin münasibətindən məyus olsa da hələ ki, bunu gizlətməyi bacarır: "Ukrayna rəhbərliyinin ortaya qoyduğu və ya itirdiyi dəyərlər çox böyükdür. Faktiki olaraq eyni millət və din daşıyıcısı olan Ukrayna və rus xalqları bu gün düşmən vəziyyətindədirlər. Bunu prezident P.Poroşenko aşkar şəkildə bəyan etdi. P.Poroşenkonun Rus və Ukrayna xalqlarının düşmən olması barədə dediyi fikirlər ucuz siyasətdən başqa bir şey deyil. Ukrayna rəhbərliyi ucuz və ya bahalı olmasından asılı olmayaraq siyasəti də uduzublar. ABŞ prezidenti B.Obama Ukraynaya Rusiya ilə hərbi vəziyyəti gərginləşdirməməyi məsləhət bildi. Faktiki bu Rusiya ilə müharibə etməyi Ukraynaya qadağan etmək demək idi. Müharibədə Ukraynanın Rusiyaya qalib gəlmək şansı sıfırdır. Amma Ukrayna rəhbərliyi belə ümid edirdi ki, Qərbin əli ilə Rusiyanı hərbi məğlubiyyətə düçar edə biləcək. İndi Qərb nəinki Rusiya ilə müharibədən çəkinir, hətta Ukraynanı Rusiya ilə müharibədən çəkindirir. Faktiki olaraq Krımsız Ukrayna Qərbdə qəbul edilməyə başlanıb. Krımsız Ukraynanın qəbul edilməsində əsas faktor Rusiyanın Donbasla bağlı ehtiraslarından geri çəkilməsidir".

Politoloq qeyd edib ki, "Novorossiya" termini çoxdandır işləmir, RF-in fikrincə Donbas bufer zona kimi xüsusi statusla Ukraynanın tərkibində qalmalıdır: "ABŞ başda olmaqla Qərb RF-nin bu variantını qəbul edir. Qərb Ukraynaya tutduğu iradları artırır. Bu həm korrupsiya, həm demokratik inkişaf, həm də hərbi vəziyyətin gərginləşdirilməsi mövzularına aiddir. Rusiyanın beynəlxalq aləmdə siyasəti öz aktivliyini qoruyub saxlamaqdadır. Bir sıra keyfiyyətcə yeni elementlər də daxil edilib. Yaxın Şərq regionu dövlətlərinin Rusiya ilə münasibətlərə ciddi ehtiyacı yaranıb. Qısa müddət ərzində Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Gübeyr, Misirin prezidenti əs-Sisi, İordaniyanın kralı II Abdulla, Birləşmiş Ərəb Əmirliklərinin şahzadəsi Məhəmməd əl-Nəhayan Rusiyada oldular. Rusiya Yaxın Şərq regionu dövlətləri üçün geosiyasi qeyri-müəyyənlikdə ümid mənbəyinə çevrilir. Uzunmüddətli əməkdaşlığın modelləri, infrastrukturları hazırlanır. Hərbi-texniki əməkdaşlıqla yanaşı, Atom energetikası əməkdaşlığın aparıcı seqmentinə çevrilir. Yaxın Şərqi Rusiyanın qucağına atan ABŞ-ın siyasətidir. SSRİ külli miqdarda resurs sərf etsə də, buna nail ola bilmədi. Amma indi bu proseslər V.Putin üçün havayı əmələ gəlir.
ABŞ-ın demokratik yürüşü Şərq ölkələrində demokratiyanı möhkəmləndirə bilmədi. Əksinə, miqrant axını Avropanı demokratiyadan geri çəkilməyə məcbur edir".

M.Əhmədoğlu sonra əlavə edib ki, dünya yeni, xaosla müşayiət olunan, Rusiyanın arzuladığı geosiyasi düzən ərəfəsindədir: "Bunlar ABŞ-ın qüsurlu siyasətinin nəticəsidir. ABŞ bu siyasətinə görə üzr istəmir. Almaniyada, Yaponiyada casusluq fəaliyyətinə görə üzr istəyən ABŞ Liviyanın 3 yerə parçalanmasına, İraq və Əfqanıstanın ölü dövlətlərə çevrilməsinə görə üzr istəmək niyyətində deyil. Bəşər Əsədə hücumları isə dağıdıcı siyasətinin davam etdiyinin göstəricisidir. Görünür, ABŞ üçün səhvlərini etiraf edərək üzr istəməmək dağıdıcı demokratiyanın davamından daha vacibdir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.