Siyasət

Balina kimi ölən uşaq

3 Sentyabr 2015 22:05
Baxış: 5 961

Ötən gün Türkiyə sahillərində uşaq cəsədinin tapılması insanlığın uçurumun astanasında olduğunu bir daha göstərdi. Həmin görüntü Sudanda leşyeyənin aclıqdan sürünən uşağın arxasınca getməsinin əks olunduğu fotonu xatırladır.

1993-cü ildə çəkilmiş həmin fotonun üstündən 22 il keçsə də, dünyada yaxşılığa doğru dəyişən heç nə yoxdur. Günahsız uşaqların belə aciz şəkildə ölməsi və ölümə bu qədər yaxın olması artıq adiləşib.

Sahildə ölü tapılmış 3 yaşlı Aylan Suriyadan Avropaya keçmək istəyən mühacirlərin arasında olub. O, yaxşı gələcək üçün valideynləri tərəfindən Suriyanın Ayn əl-Ərəb (Kobani) şəhərindən dəniz vasitəsilə Avropaya aparılırdı. Aylanın sonu isə özünü sahilə vuran balina kimi oldu. Özü balaca olsa da, Aylanın ölümünə səbəb olan problem balina qədər böyükdür.

Günahsız uşaqlar üçün ölüm və əzabkeş həyat arasında seçim aparan kimlərdir? Bunun cavabını bilmək üçün balıq kimi ölən və heyvanlara yem olan uşaqların hansı coğrafiyadan olduğuna baxmaq kifayət edir.

Əsrlərdir var-yoxu talan edilən Afrika və müharibələrdən başı açılmayan Yaxın Şərq. Hər iki region özünü demokratiya və insan hüquqlarının "qoruyucu mələyi" hesab edən Qərbin qanla çəkdiyi yoxsulluq və müharibənin əks olunduğu rəsm əsəridir.

İndi həyatlarının dözülməz olmasında böyük pay sahibi olan Avropa mühacirləri qəbul etməyə həvəslə yanaşmır və bu məsələdə kvota tətbiq edir. Amma Qərb mühacirlərin gəldiyi ölkələri talayarkən heç də aza qane olmurdu və indi də olmur.

Ümidsizlik və çarəsizlikdən ölümü gözə alan mühacirlər Avropaya pənah aparır. Avropa isə müxtəlif bəhanələrlə onları geri çevirir, bəzən isə xristian mühacirləri qəbul etməyə hazır olduğunu bəyan etməklə mənəvi dəyərlərdən nə qədər uzaqlaşdığını göstərir.

Daim insan hüquqlarından danışann Qərb yəqin, mühacirləri insan hesab etmir ki, onlara belə laqeyd münasibət göstərir. Baş verən proseslər demokratiya və insan haqlarının Qərbin sadəcə siyasi kartları olduğunu nümayiş etdirir.

Bu dəhşətli mənzərənin formalaşmasında Qərb qədər region ölkələrinin hökumətlərinin də günahı var. Onlar hakimiyyəti saxlamaq üçün hətta minlərlə günahsız insanın həlak olmasına göz yummağa hazırdırlar. Digər təqsirkar isə guya İslam dininin keşiyində dayanan silahlı qruplaşmalardır.

Sudanda çəkilmiş fotonun müəllifi Kevin Karter bir il sonra - 1994-cü ildə intihar etmişdi. Fotoqraf ölməzdən qabaq yazdığı qeyddə həmin anın onu həmişə izlədiyini bildirmişdi. Görəsən, Aylanın ölümündə günahkar olan siyasətçilər bu görüntüdən sonra siyasi intihara hazırdırlarmı?

Məftun Salmanov,

Trend

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.