Siyasət

Siyasi riyakarlığın ən bariz nümunəsi

29 Avqust 2015 10:56
Baxış: 1 125

Ksenofobiyanın, zorakılığın, dəhşətli qətllərin baş alıb getdiyi ABŞ-da bu günlərdə törədilən növbəti cinayət hadisəsi bu ölkənin özündə istisna olmaqla dünyanın bir çox KİV-lərinin əsas manşeti oldu. Söhbət Virciniya ştatının WDBJ7 televiziyasının əməkdaşları - 24 yaşlı reportyor Alison Parkerin və 27 yaşlı operator Adam Vardın canlı yayım zamanı odlu silahdan açılan atəşlə qətlə yetirilmələrindən gedir.

Ümumiyyətlə, ABŞ-da bu tip hadisələr, bir nəfərin əlinə odlu silah alıb qarşısına çıxanları gülləbaran etməsi, hətta orta məktəblərdə belə şagirdlərin kütləvi şəkildə güllələnməsi mütəmadi olaraq baş verdiyindən jurnalistlərin öldürülməsinə reaksiya verməmək də olardı. Çünki Amerikanın özülü hələ qitənin Qərbinə doğru genişlənmə zamanından soyqırımılar, qətliamlar, ağ adamların torpaq üstündə qanlı mübarizəsi üzərində qurulub. Ta o vaxtlardan indiyədək ABŞ-da hər il çoxlu sayda bu tipli qətllər baş verir. Bu ölkədə belə hadisələr zamanı qatilin öz əməlini xüsusi qəddarlıqla, manyakcasına həyata keçirməsi isə tək cəzasızlıq mühitinin deyil, Amerika cəmiyyətindəki aşınmanın göstəricisidir.
Bundan bir müddət əvvəl Azərbaycanda jurnalistin ölümünə səbəb olan bir hadisə baş vermişdi. "Facebook" sosial şəbəkəsində yazdığı statusa görə, jurnalist Rasim Əliyev bir neçə şəxs tərəfindən döyülmüş və xəstəxanada vəfat etmişdi. Hadisə baş verəndən sonra qısa müddət ərzində jurnalistin döyülməsində iştirak edən bütün şəxslər tutuldular və hazırda barələrində hüquq-mühafizə orqanları tərəfindən istintaq tədbirləri davam edir.
Bu hadisə jurnalistin peşə fəaliyyətinə görə, yəni çalışdığı KİV-də qələmə aldığı məqaləyə görə deyil, sosial şəbəkədə paylaşdığı bir statusa görə xuliqanlıq zəminində baş vermişdi. Lakin hər addımda Azərbaycana təzyiq etməyə çalışan xarici dairələr və onların yerli əlaltıları bu hadisənin əsl mahiyyətini görməzliyə vuraraq ölkəmizə qarşı qara piar həyata keçirmək istədilər. Ölkə daxilində isə "Azadlıq" və "Yeni Müsavat" qəzetləri məqsədyönlü şəkildə Rasim Əliyevin ölümünü siyasiləşdirərək bunu söz və ifadə azadlığına təzyiq kimi ictimaiyyətə sırımağa çalışdılar. Hətta ABŞ-ın Azərbaycandakı səfirliyi və Avropa Şurasının baş katibi hadisə ilə bağlı tələm-tələsik bəyanat yaydılar.
İndi isə ABŞ-da jurnalist öldürülüb. Özü də ikisi birdən, həm də peşə fəaliyyətlərini yerinə yetirən zaman. Üstəlik, odlu silahla qətlə yetiriliblər. Amma maraqlıdır ki, ABŞ-ın Azərbaycandakı səfirliyi jurnalist Rasim Əliyevin ölümünə reaksiya verdiyi halda, Virciniya ştatında iki jurnalistin qətliamı ilə nəticələnən faciəyə ABŞ-ın rəsmi dairələri heç bir reaksiya vermədilər. Sanki belə bir hadisə baş verməyib. Əslində elə bu cür məsələlər ABŞ rəsmi dairələrinin ən bariz ifşasıdır. Azərbaycanda az qala ən xırda bir məişət hadisəsini demokratiyaya calayan bu ölkənin Dövlət Departamentinin sözçüləri iki jurnalistin öldürülməsinə susaraq əsl mahiyyətlərini ortaya qoydular.
Elə bu susqunluğun da məntiqi davamı kimi maliyyələşdirdikləri KİV-lər iki jurnalistin qətlə yetirilməsini sadəcə sıradan, arxa səhifələrdə yer alan bir xəbər kimi yayımladılar. Amma onların bəzilərinin manşetində bir müddət əvvəl Rasim Əliyevin ölümü ilə bağlı xəbərlər yerləşdirilmişdi.
Azərbaycanda baş verməyən hadisədən "siyasi şou" düzəldən, L.Yunus kimi konkret cinayət əməlində təqsirləndirilən bir adamın məsuliyyətə cəlb edilməsinə çevik reaksiya verən "Freedom House", "Amnesty International", "Human Rights Watch" kimi təşkilatlar da ABŞ-da qaradərililərə qarşı zorakılıqlarda olduğu kimi, jurnalistlərin qətlə yetirilməsinə də münasibət bildirmədilər. Bütün bunlar təkcə antiazərbaycançı mövqenin deyil, siyasi riyakarlığın ən bariz nümunəsidir.
Qrantlar aldığı antiazərbaycançı şəbəkənin maraqlarına xidmət edən "Azadlıq" qəzetinin Rasim Əliyevin ölümündən yararlanmaq məqsədi güdən çoxsaylı yazılarının birinin başlığı belə idi - "Azərbaycanda daha bir jurnalist öldürüldü". Sanki Azərbaycanda hər il jurnalist qətlə yetirilir. Bu, belə deyil. Amma "Azadlıq"ın xidmət etdiyi ABŞ-da hər il jurnalistlərin məhz peşə fəaliyyətinə görə öldürülməsi faktdır. Son 5 ildə ABŞ-da peşə fəaliyyətinə görə qətlə yetirilən jurnalistlərin sayı 8-ə çatıb.
Jurnalist Rasim Əliyevin ölümünü siyasiləşdirməyə çalışanlardan biri də AXCP-nin sədri Əli Kərimli idi. Ağına-bozuna baxmadan ağzına gələni danışdı və şübhəsiz ki, dediklərinə özü də inanmadı. Əgər Ə.Kərimlinin cəsarəti varsa, bir dəfə də ABŞ-da jurnalistlərin peşə fəaliyyətlərini yerinə yetirən zaman qətlə yetirilmələrinə, bu cinayətin baş verməsinə yol açan səbəblərə münasibət bildirsin. Amma çətin ki bunu edə. Səbəbləri isə çoxdur.

"Azərbaycan" qəzeti

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.