Siyasət

İranla Rusiya arasında strateji əlaqələr mövcuddur

28 Avqust 2015 22:38
Baxış: 1 008

Rusiya İranın etibarlı və güclü qonşusudur və iki ölkə arasında əlaqələr strateji və çoxşaxəlidir. Milli.Az xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini və bu ölkənin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi İbrahim Rəhimpur Trend-ə eksklüziv müsahibəsində deyib.

Onun sözlərinə görə, hər iki ölkənin prezidentləri arasında çox yaxşı dostluq münasibəti var. "Müxtəlif rəsmilər arasında müzakirələr və fikir mübadilələri həmişə olub. Bu əməkdaşlıq hər iki ölkə üçün faydalıdır.

İ.Rəhimpur İran və Rusiya arasında iqtisadi münasibətlərin qane edici olmadığını deyib. Onun sözlərinə görə, "Prezident Həsən Ruhaninin hakimyyəti dövründə (2013-cü ilin ikinci yarısından) iqtisadi əlaqələr gücləndirildi və ümid edirik ki, Çinlə qurduğumuz yaxşı iqtisadi əlaqələr kimi, Rusiya ilə də yaxşı iqtisadi əlaqələr qura biləcəyik.

İrana qarşı tətbiq olunan Qərbin sanksiyalarından öncə, Rusiya 2011-ci ildə İrana 3.4 milyard dollar həcmində ixracat və bu ölkədən 350 milyon dollar dəyərində idxalat edib. Lakin 2013-cu il ixracat 1.2 milyard, idxalat isə 433 milyon dollar təşkil edib.

2005-ci il iki ölkə arasında ticari dövriyyə 2 milyard dollar təşkil edib, hansı ki, eyni ildə İran-Çin arasında ikitərəfli ticari dövriyyənin həcmi təxminən 9 milyard dollar idi. Hazırda İran və Çin arasında ticari dövriyyə 50 milyard dollara yaxındır.

XİN rəsmisi bildirib ki, təhlükəsizlik və hərbi sahədə də İran və Rusiya əməkdaşlıq edir: "İki ölkə arasında hərbi, təhlükəsizlik, təhsil sahəsində əməkdaşlığın olması təbiidir. Ona görə ki, bu regiona həmişə kənar güclər tamah salır. Buna görə də əməkdaşlığımızın olması şərtdir".

Rusiya 2007-ci ildə havadan müdafiə üçün istehsal etdiyi S300 zenit-raket komplekslərinin İrana satışı ilə bağlı İranla müqavilə bağlasa da, 2010-cu ildə sanksiyalara görə, bu müqaviləni dayandırdı. Lakin Rusiya prezidenti Vladimir Putin 2015-ci ilin aprel ayında S-300 zenit-raket sistemlərinin İrana satışına qoyulan qadağanı ləğv edib.

Rusiya həmçinin İranın Buşehr şəhərində ölkənin yeganə nüvə elektrik stansiyasını tikib.

İ.Rəhimpur bildirib ki, İran və Rusiya Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində də əməkdaşlığını davam etdirir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.