Siyasət

"Antirus Serj Sərkisyanın Çinlə əlaqələrə can atması..."

26 Avqust 2015 11:17
Baxış: 654

Antirus Serj Sərkisyanın Çinlə əlaqələrə can atması həm də onun ABŞ-a sonadək inanmadığının əlamətidir.

Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloqun fikrincə, indi Ermənistan üçün siyasətin alfa və omeqası İrandır. Belə ki, prezident Serj Sərkisyan BRIKS, ŞƏT və AİB-in sammitində çıxışını və keçirdiyi görüşlərini məhz İrana həsr eləmişdi: "İranla altılıq arasında müqavilə imzalanıb. Qərbin İranla münasibəti düzəlir. İrana pul gələcək. Ermənistan Qərbdən qorxmadan İranla əməkdaşlıq edəcək. İran isə daha böyük güclə antitürkiyə və antiazərbaycan siyasət aparacaq. Ona görə Ermənistanı daha da gücləndirmək istiqamətində planlar reallaşdıracaq. Bunun üçün ilk növbədə rəsmi Tehran İran-Ermənistan dəmiryolunu tikəcək. İkinci addımı isə Ermənistanla iqtisadi əlaqələrə geniş stimul verəcək.Ermənistanın Baş naziri, nazirləri, bütün ictimai-siyasi mühit bu qənaətdədir. Ermənistanın təsəvvüründəki İran belədir. Real İran fərqlidir. Bu barədə bir neçə dəfə yazmışıq və yaxın zamanlarda da bu mövzuda yeni tezislərimizi təqdim edəcəyik. Çünki İran Ermənistanı başlı-başına buraxmaq niyyətində deyil.

Hal-hazırda İranla Ermənistan arasında illik mal dövriyyəsi təxminən 25 milyon dollardır. Amma vaxtilə İranla Ermənistan arasında mal dövriyyəsi 500 milyon dollar idi. İranla Ermənistan arasındakı mal dövriyyəsinin İranla Azərbaycan arasındakı mal dövriyyəsinə təxminən bərabər olan vaxtlar da olub. Sünik vilayətində İrana otlaq verməkdən imtina etdikdən sonra iqtisadi tərəfdaş kimi Ermənistanın iç üzü İran üçün tamamilə açıqlandı. Rusiyanın təhdidi ilə müəyyən iqtisadi, enerji layihələrindən imtinanın mahiyyətini başa düşmək olardı. Amma İran Ermənistan üçün əlverişli iqtisadi şərtlərlə otlaq icarəyə götürməyi təklif edir. Ermənistan bunu rədd etdi. İran Ermənistanda qəssabxanalar tikməklə özünün mal və qoyun ətinə olan ehtiyacını ödəmək istədi. Ermənistan bunu da rədd etdi. Burada Ermənistanın Qərbin İrana qarşı oyunlarında iştirakına toxunmuram".

M.Əhmədoğlu hesab edir ki, İranın Ermənistana münasibəti Ermənistan rəhbərliyinin ümumilikdə siyasi düşüncəsinin və analitik qabiliyyətinin bərbad vəziyyətdə olduğunun göstəricisidir: "Elə bu düşüncə Ermənistanı vadar edir ki, İran-Ermənistan dəmiryolunun çəkilməsindən imtina etməsin. Guya Çinin 2 şirkəti İran-Ermənistan dəmiryolu ilə bağlı iki layihə hazırlayıb, ilin sonunadək Ermənistana təqdim edəcəklər. Çin şirkətlərinin İran-Ermənistan dəmiryolunun tikintisində iştirakına dair rəsmi Yerevanın yaydığı məlumatlar kəskin ziddiyyətlidir.

Əvvəla, Çin şirkətləri İran-Ermənistan dəmiryolunun tikintisini reallaşdırmaq üçün yaradılmış "Rasia" kompaniyasının potensial iştirakçıları sırasında idi. İndi hamıya bəlli oldu ki, fırıldaqçı Cozef Borkovskinin blefdə və fırıldaqda özündən geri qalmayan Ermənistanın nəqliyyat və rabitə naziri Q.Beqlaryan və prezidenti S.Sərkisyanla təsis etdiyi şirkət müasir Ermənistanın ən böyük blef tarixlərindən birinə çevrildi. Amma Cozef Borkovski ortalığa bu dəmiryolu ilə əlaqədar analitik tədqiqat işi qoya bildi. Ermənistan hökuməti Borkovskinin bu analitik materialda aktuallaşdırdığı bir sıra suallara cavab verə bilmədi. Onlardan ikisini yada salaq. Birincisi, Borkovski Ermənistan hökumətindən İran-Azərbaycan-Rusiya dəmiryolunun işə düşməyəcəyinə təminat istəmişdi. Ermənistan hökuməti Borkovskiyə bu təminatı verə bilmədi. İkincisi, Borkovski Ermənistan hökumətindən Mehri-Naxçıvan dəmiryolunun işə düşməsinə razılıq verməyəcəyi barədə təminat istədi. Ermənistan hökuməti Mehri-Naxçıvan dəmiryolunun işə düşməsinə rəsmi Yerevanın indiki mövqeyini dəyişməyəcəyinə də təminat verə bilmədi. Lakin Borkovskinin qaldırdığı 7 məsələdən bu iki sual indi də aktualdır.

Digər tərəfdən, Çin öz siyasətini bütün dünyaya yayır. Bu zaman qarşıdurmalardan istifadə etmək və konfliktlərə dəstək verməkdən tamamilə uzaq durur. Ermənistanın dediyi senari üzrə Çin şirkətləri İran-Ermənistan dəmiryolunun tikintisində iştirak edəcəklərsə, bu, Çinin antiazərbaycan mövqeyinin təzahürü kimi qəbul edilə bilər. Ermənistan senarisinə uymaqla Çin Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirir, Azərbaycan torpaqlarının işğalda qalmasında, Naxçıvanın Ermənistan tərəfindən blokadada qalması məsələsində rəsmi Yerevana yardım etmiş olur. Çin Cənubi Qafqaz regionunda kimin kim olduğunu çox gözəl bilir. Bunun sübutu var. Serj Sərkisyanın Çində imzaladığı bəyannamədə ərazi bütövlüyü prinsipinə iki maddədə dəstək verilir. Millətlərin öz müqəddəratını təyin etmə prinsipi barədə heç nə yoxdur. Çin sanki Ermənistanla bu sənədi imzalamaqla özünün regional siyasətini Azərbaycana təqdim etmiş oldu. Eləcə də hal-hazırda Çin Cənubi Qafqaz regionunda Türkiyə ilə rəqib olmağa hazır deyil. Ermənistanın bu arzularına da Çin tərəfi adı çəkilən bəyannamədə heç bir reaksiya vermədi".

Mərkəzin direktoru qeyd edib ki, rəsmi Yerevanın yaydığı məlumatlarda ziddiyyətlər təkcə bunlar deyil: "Çinin SSESS şirkəti ən azı üç dəfə Ermənistanda olub. Hətta "Nairitit"i işə buraxmaq ona təklif olunub. Bu şirkət hələ ki, Ermənistanı öyrənir. Digər ziddiyyət Baş nazirin fikirləri ilə bağlıdır. Ovik Abramyan yaxın vaxtlarda Çin şirkətlərilə İran-Ermənistan dəmiryolunu tikməklə bağlı danışıqlar aparmaq məqsədilə yaxınlarda Çinə səfər edəcəyini açıqlasa da, bəzi yüksək rütbəli məmurlar artıq layihələrin Ermənistana təqdim olunduğunu bildirirlər. Nəqliyyat və rabitə naziri Q.Beqlaryan isə bildirdi ki, yalnız ilin sonlarında Çin şirkətləri layihə təklif edəcəklər. Baş nazir O.Abramyan "Baza"da diaspor ermənilərinin gənclərilə görüşdə açıqca bildirdi ki, İran-Ermənistan dəmiryolu məsələsində Rusiyanın mövqeyi nəzərə alınmır. Başqa sözlə, baş nazir O.Abramyan antirusiya mövqeyi ortalığa qoydu. Onun bu antirusiya mövqeyi sirr deyil. Yalnız Rusiyada ermənilərin ovsunladığı böyük bir qrup siyasətçi düşünür ki, Ermənistan Rusiyanın dostudur, hətta Kreml və Rusiya XİN-də elə siyasətçilər və diplomatlar var ki, onların fikrincə, ermənilər olmasaydı, rusların heç vaxt heç bir dövlətçiliyi olmazdı".

Politoloq bildirib ki, rəsmi Yerevanın indiki dövrdə Çinə belə yapışması onun siyasətinin digər tərəfinin də üstünə işıq salır: "Əgər Ermənistan İran-ABŞ yaxınlaşmasına həqiqətən inanırsa, o zaman dəmiryolunu ABŞ şirkətləri çəkməli idi. Amma Ermənistan Çin Xalq Respublikasına ümidlidir. Deməli, Ermənistanın ABŞ-a inanmı nümayiş etdirdiyi qədər deyil.

Ermənistanın "atmadığı", aldatmadığı dövlət yoxdur. Rusiya, İran, ABŞ, Avropaya müxtəlif vaxtlarda müxtəlif cür yalanlar danışıb. Müxtəlif blef mexanizmləri təklif edib. Ona görə də indi Ermənistanın nə gizli, nə də aşkar müttəfiqi yoxdur. Ermənistanın belə faciəli vəziyyətə düşməsinin əsas səbəbi onun qonşularına və tərəfdaşlarına münasibətinin sağlam niyyətli olmaması ilə əlaqəlidir. Erməni psixologiyası özgənin faciəsindən və konfliktlərdən pul qazanmağa öyrəşib. Bu psixologiya dəyişməlidir. Bunun üçün Ermənistan rəhbərliyi, xüsusilə prezident S.Sərkisyan dünyada mümkün olmayan addımı atmalıdırlar - dəyişib normal adam olmalıdırlar".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.