Siyasət

Amerika strategiyasının prinsipləri: əsassız hücumlar və "yumşaq güc" siyasəti

26 Avqust 2015 10:55
0 Şərh     Baxış: 899

Avropa və ABŞ-dakı müəyyən qüvvələrin Azərbaycana yönəlmiş tamamilə əsassız xarakter daşıyan vaxtaşırı hücumları "ikili standartlar" sistemindən geniş şəkildə istifadə edən Qərb siyasətinin faktiki olaraq "trendinə" çevrilir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Qərbin "ikili standartlar" siyasətindən istifadə etməsi məlum faktdır və bunun Azərbaycan üçün qəbuledilməzliyi isə beynəlxalq platformaların tribunalarından dövlət rəhbərliyi səviyyəsində dəfələrlə bəyan edilib. Amma indi bu barədə danışmayacağıq.

Ölkəmizin imicini zədələmək cəhdi ilə Azərbaycanı nüfuzdan salmaqda maraqlı olan Qərbdəki müəyyən qüvvələr Azərbaycanda baş verən proseslərə siyasi don geyindirərək öz "ideyalarını" söz azadlığı və insan hüquqları ilə bağlı sözdə demokratik dəyərlər adı altında bizə qəbul etdirməyə çalışırlar. Qərbdə Azərbaycana qarşı aparılan bənzər saxta piar kampaniyası ilə biz artıq "Avroviziya" mahnı müsabiqəsi ərəfəsində və qısa müddət öncə keçirilmiş birinci Avropa Oyunları zamanı qarşılaşmışıq. Azərbaycana qarşı dövlətin daxili işlərinə növbəti dəfə müdaxilə cəhdləri hazırda həbsdə olan Leyla və Arif Yunusların işinin məhkəmə prosesi ilə bağlı edilib. Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsi avqustun 13-də Sülh və Demokratiya İnstitutunun (hüquqi qeydiyyatı olmayan bir qurumdur) direktoru Leyla Yunusu 8 il 6 ay, onun həyat yoldaşı Arif Yunusu isə 7 il müddətinə azadlıqdan məhrumolunma cəzasına məhkum edib. Son dərəcə iqtisadi xarakter daşıyan qeyri-qanuni fəaliyyət, daha dəqiq desək, böyük ölçüdə fırıldaqçılıq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılması faktlarının ifşa edilməsi ilə bağlı bu məhkəmə prosesinə Qərbdə birmənalı olaraq siyasi motivasiya verdilər, bu isə, əlbəttə ki, gerçəkliklə uzlaşmır və rəsmi Bakının sərt reaksiyası ilə nəticələndi.

Həqiqət ondadır ki, ABŞ-ın özündə də insan hüquq və azadlıqlarının müdafiəsi məsələləri ilə bağlı vəziyyət, yumşaq desək, heç də mükəmməl deyil. Bunu, ilk növbədə, məhkum vətəndaşların sayı sübut edir, belə ki, buradakı məhkumların ümumi sayı istənilən inkişaf etmiş ölkəni bir xeyli qabaqlayır. Statistika göstərir ki, Birləşmiş Ştatların əhalisi dünya əhalisinin 5 faizini təşkil etsə də, Yer kürəsindəki məhbusların dörddə biri ABŞ-ın payına düşür. Bu, dünyadakı hər beş məhbusdan birinin ABŞ həbsxanalarında olduğunu təsdiq edən ciddi göstəricidir. Hesablamalara görə, bu, 2 milyon 200 mindən çox amerikalı deməkdir. Beləliklə, məhbusların saxlanılması hər il israfçı ABŞ xəzinəsinə 60 milyard dollara başa gəlir. Açıq deyək ki, bu, olduqca ciddi məbləğdir.

ABŞ-da dəmir barmaqlıqlar arasına düşməkdən heç kim sığortalanmayıb, çünki bu "müstəqil və hüquqi" dövlətdə zərərsiz zarafatdan başlayaraq ağır cinayətə qədər istənilən hadisə həbsə səbəb ola bilər. Demək olar ki, bütün ştatlarda həbs müddətləri diqqət çəkir, qəbul edilən hökmlərin sayı da olduqca nəzərəçarpandır.

Belə bir təəssürat yaranır ki, ABŞ-da hər beşinci şəxs hüquq mühafizə orqanının əməkdaşı, hər ikinci şəxs isə cinayətkardır.

Əslində, mövcud məlumatlara görə, son üç il ərzində ABŞ-dakı məhbusların sayı 2,3 milyona çatıb, bu isə faktiki olaraq dünya rekordu hesab olunur, belə ki, hər 100 min ABŞ vətəndaşından 751-i barmaqlıqlar arxasındadır.

Diqqəti bir məsələyə də çəkmək lazımdır ki, beynəlxalq hüquq müdafiə qruplarının heç birinin hesabatında ABŞ-dakı siyasi məhbuslar və fəallar haqqında məlumat verilmir. Yenə də inanmaq çətindir ki, ABŞ kimi "demokratik" ölkədə bir nəfər də olsa siyasi məhbus yoxdur və bu məntiqlidir.

Yeri gəlmişkən, ABŞ saytlarından birinin dərc etdiyi məlumata görə, ABŞ-ın insan hüquqları təşkilatları ölkədə 100 siyasi məhbusun olduğunu bildirirlər (Quantanamo həbs düşərgəsi nəzərə alınmadan). Mənbə göstərir ki, ikinci yerdə Rusiya dayanır, burada hər 100 min insana 627 məhbus düşür. Digər ölkələrdə bu rəqəm olduqca aşağıdır. İngiltərədə hər 100 min insana 151, Almaniyada 88, Yaponiyada isə 63 məhbus düşür. Bütün ölkələr üzrə orta göstərici 125 nəfərdir ki, bu da ABŞ-dakının altıda biri deməkdir.

Afroamerikalıların hüquqları ilə məşğul olan digər insan hüquqları təşkilatı ölkədə 83 siyasi məhbusun olduğunu bildirir. Xüsusilə bu məsələ ilə bağlı məlumatların faktiki statistikasının "Human Rights Watch" və ya "Amnesty International" kimi məşhur "ədalət təbliğatçılarının" hesabatlarında yer almadığını nəzərə alsaq, şübhəsiz ki, bu rəqəmlər o qədər də inandırıcı deyil.

Az qala bütün dünyaya demokratik əsaslar və insan hüquqları ilə bağlı öz görüşlərini qəbul etdirməyə çalışan amerikalılar istənilən başqa ölkənin daxili işinə qarışmaqla beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozurlar. Və bu baxımdan, Azərbaycan "demokratik" cəmiyyətin Qərb inkişafı modelinin kənardan qəbul etdirilməyə çalışıldığı yeganə ölkə deyil. Bənzər mesajlar Vaşinqtondan keçmiş sovet məkanının digər respublikalarının da ünvanına göndərilir.

Məsələn, bir müddət öncə ABŞ növbəti dəfə Belarus hakimiyyətini bütün siyasi məhbusları dərhal və qeyd-şərtsiz azad etməyə çağıraraq onların siyasi hüquqlarını tanımağı tələb etdi. Eyni zamanda, ABŞ-ın diplomatik dairələri Belarusun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini dəstəklədiklərini bəyan etdilər. Göründüyü kimi, amerikalılar bir tərəfdən "yumşaq güc" siyasəti yürüdür, digər tərəfdən isə hamı tərəfindən qəbul edilmiş beynəlxalq siyasi prinsiplərə riayət edilməsinə olan "sədaqətlərini" nümayiş etdirirlər.

Amerikalılar dünyanı ölkəmizin ərazi bütövlüyü məsələsində öz dəstəklərinə, Dağlıq Qarabağ münaqişəsinin həllinə (yalnız sülh yolu ilə) sözdə yardım göstərməyə hazır olduqlarına hər vəchlə inandıraraq, lakin eyni zamanda, guya azadlıq və demokratiya hüquqlarının pozulması bəhanəsi altında dövlətin daxili işlərinə qarışmaqla oxşar siyasəti Azərbaycana qarşı da yürütməyə çalışırlar.

Heç kəsə sirr deyil ki, daxili və xarici siyasətini özünün milli maraqları çərçivəsində həyata keçirən müstəqil Azərbaycan siyasi nüfuzu və gücündən asılı olmayaraq heç bir ölkənin müdaxilə siyasətini qəbul etmir və bu, ölkə rəhbərliyi səviyyəsində dəfələrlə bəyan edilib. Məhz buna görə, rəsmi Bakı bənzər hücumları Azərbaycanın məhkəmə sisteminin müstəqilliyinə qarşı hörmətsizlik kimi qiymətləndirərək növbəti dəfə ABŞ Dövlət Departamentinin nümayəndələrinin, həmçinin Avropanın "hüquq müdafiəçilərinin" əsassız ittihamlarına kəskin şəkildə cavab verdi. Gələcəkdə də "xeyirxahlarımızın" bənzər saxta cəhdlərinin baş verməsi istisna edilmir, çünki Azərbaycan özünün regiondakı aparıcı oyunçu mövqeyini möhkəmləndirəcək və beynəlxalq münasibətlər sistemində əmin addımlar atacaq ki, bu da Qərbdəki paxılları yenə də əsəbiləşdirəcək...

Newtimes.az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.