Siyasət

Bako Saakyanın rus ordeni

3 Avqust 2015 23:59
0 Şərh     Baxış: 972

Separatçı Dağlıq Qarabağın lideri Bako Saakyanın rəsmi saytında göstərilir ki, o, "Rusiya Federasiyasının 1-ci dərəcəli "Böyük Pyotr" ordeni" ilə təltif edilib.

Milli.Az "Azadlıq Radiosu"na istinadən bildirir ki, bu orden Rusiya dövlətinin rəsmi təltiflərinin sırasında yoxdur.

1-ci dərəcəli "Böyük Pyotr" adlı ordeni 2008-ci ildə qanunsuz olaraq dövlət təltiflərinin bənzəri olan orden və medallar hazırladığına görə ləğv olunmuş ictimai təşkilat - Təhlükəsizlik, Müdafiə və Hüquq-Mühafizə Akademiyası təsis edib.

B.Saakyan rəsmi saytında özünü bu akademiyanın həqiqi üzvü kimi təqdim edib.

2015-ci ilin iyulunda erməni jurnalist Vaqram Aqacanyan Rusiyanın Ermənistandakı səfirliyinə müraciət edərək Saakyanı hansı elmi fəaliyyətinə görə akademiya üzvü seçildiyini, ona hansı xidmətlərinə görə "Böyük Pyotr" ordeni verildiyini soruşur.

Azərbaycandakı sosial media fəalları bu müraciətə istinadən avqustun 3-də Rusiya dövlətini separatçıların liderinə orden verməkdə qınayıb.

İnternet resurslarında qeyd edilir ki, Təhlükəsizlik, Müdafiə və Hüquq-Mühafizə Akademiyası adlı ictimai təşkilat 2000-ci ildə Rusiya Təhlükəsizlik Şurası katibinin 1-ci müavini Mixail Fradkovun yardımı ilə yaradılıb.

2002-ci ilin avqustunda təşkilat Dövlət Duması Təhlükəsizlik Komitəsinin elmi-ictimai mərkəzi kimi təsdiqlənib (milli təhlükəsizlik sahəsində qanunvericilik fəaliyyətinin elmi-təhqiqat təminatı üçün).

Təşkilatın ordeni Saakyana nə vaxt verməsi haqda məlumat əldə etmək mümkün olmayıb.

2005-ci ildə Qırğızıstanın (sonradan devrilən) prezidenti Kurmanbek Bakiyevin də belə bir ordenə layiq görüldüyü barədə məlumat yayılmışdı. Amma ona ordeni dövlət məmurları yox, sözügedən akademiyanın vitse-prezidenti təqdim etmişdi. 
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.