Siyasət

Cəmiyyəti aldadan mənzərə çəkilir

3 Avqust 2015 09:15
1 Şərh     Baxış: 1 328

Ermənistan prezidenti Serj Sarkisyan vəzifəsini tərk edəndən sonra həbs olunmaq və varidatını tam itirmək təhlükəsindən qurtulmaq, mümkün təqiblərin qarşısını almaq üçün yenidən dövlət başçısı seçilmək, yaxud da ölkəni parlament respublikasına çevirərək baş nazir olmaq niyyətində deyil.
Onun arzusu parlament spikeri vəzifəsidir ki, belədə ən azı 4 səlahiyyət müddətində, yəni 20 il də hakimiyyətdə qalaraq ölkəni idarə edə biləcək.

Sarkisyanı arzusunun reallaşacağı dönəmə aparan yol isə konstitusion islahatlarla bağlıdır. Ermənistanın ali qanununa edilməsi nəzərdə tutulan dəyişikliklər və yenilənmələrdən sonra ölkədə real hakimiyyət rıçaqlarının tam əksəriyyəti prezident və ya baş nazirdə yox, parlament spikerində olacaq.
Yerevandakı iqtidar komandası qarşısına qoyduğu məqsədə çatmaq üçün ən müxtəlif yollara əl atır ki, onların arasında süni gündəmin formalaşması heç də son yerlərdən birini tutmur.
Sosioloji sorğuların nəticələri adı ilə cəmiyyətə təqdim olunan rəqəmlər də bəhs etdiyimiz məqsədin reallaşdırılmasına yönəlib.

"Gallup" şirkəti Ermənistanda keçirdiyi yeni rəy sorğusunun nəticələrini açıqlayıb. Sonuclara görə, rəyi soruşulanların 46 faizi ölkədə konstitusion dəyişiklikləri və islahatları zəruri, qaçılmaz sayır.
Bu rəqəmlərin nə qədər gerçək olduğunu bilmirik. Daha doğrusu, Ermənistan vətəndaşlarının ölkədə konstitusion islahatlara və dəyişikliklərə belə can atmaları əsla inandırıcı təsir bağışlamır.
Yerevandakı müxalifətçilər, ekspertlər və analitiklər də "Gallup"ın sorğusunun sonuclarına inanmırlar. Məsələ heç də kimlərin və necə sorğu keçirmələri yox, belələrinin Ermənistanda ümumiyyətlə sosiologiyanı bir elm kimi rüsvay etmələridir.

İş ondadır ki, Ermənistana dövlət müstəqilliyi hədiyyə verilən gündən bəri ölkədəki vəziyyət hakimiyyətin istəklərindən, siyasi konyunkturdan asılı dəyişib. Yerevanda iqtidardan asılı olan və rejimin "yemlədiyi" sosioloqlar da sorğuları bir proses kimi elə rüsvay ediblər ki, cəmiyyət belə nəticələrə inanmır. 

Ermənistan kimi dövlətlərdə sosiologiyaya etibar yalnız normal cəmiyyətin yaranması, indiki kriminal oliqarxiya və bandit təsəvvürlü insanlar toplusundan ibarət hakimiyyətin xalqın seçimi ilə iqtidara gələnlərlə əvəzlənməsindən sonra mümkün ola bilər.
Ölkədə real konstitusion islahatlar başlamazsa və vətəndaşların hüquqları normal səviyyədə təmin olunmazsa, yaşananların real sosioloji mənzərəsini əldə etmək mümkün olmayacaq. 
İndiki vəziyyətdəsə Ermənistandakı durumla bağlı vətəndaşların nə fikirləşdikləri barədə hansısa sosioloji sorğuların nəticələrinə inanmaq sadəlövhlükdür.

Halbuki istənilən formada ciddi siyasi və ya başqa formatdakı ictimai fəaliyyət, habelə proseslərin mahiyyətini anlamaq və təhlil etmək üçün sosioloji araşdırmalar ən önəmli ünsürlərdən biri sayılır.
Məhz bu səbəbdən də indi Ermənistanda konstitusion islahatların tərəfdarları və ya dəyişikliklər istəyənlər sayı ilə bağlı göstəriciləri yox, Yerevanın mərkəzindəki Bağramyan prospektində etiraz aksiyası keçirənlərin statistikası sıravi ermənilər üçün daha önəmli sayıla bilər. Sosioloqlar məhz indi cəmiyyəti maraqlandıran məsələlər, narahat edən problemlərlə bağlı kütlənin real mövqelərini, rəyini araşdırmalı, üzə çıxarmalıdırlar.

Elektroenerji tariflərinin artırılmasına etiraz edənlərin həftələrdən bəri Bağramyan prospektindən çəkilməmələri də əslində, ciddi sosioloji presedentdir.
Ermənistandakı siyasi partiyalar, xüsusilə də müxalifətdəki qüvvələr həmin aksiyalara başçılıq edə bilmədikləri, daha doğrusu, cürət etmədikləri üçün prosesləri izləməklə məşğuldurlar. 
Ermənilər üçün də saxta sosioloji mənzərələrin tərtibi, yalançı sorğuların təşkili və guya kütlənin əhvalını, istəklərini əks etdirən hesabatların hazırlanması yox, hakimiyyətin göstərişi ilə tələsik hazırlanmış qondarma "konstitusion gündəm"in yaramazlıq səviyyəsini göstərən araşdırmalar daha vacibdir.

Ermənistanın sosial maraqları Serj Sarkisyan iqtidarının formalaşdırdığı "konstitusion islahatlar gündəmi" layihəsində yox, Bağramyan prospektindədir. Gərçi ermənilər qismən də olsa, normal ölkədə yaşamaq, iqtisadiyyatdakı səfalət və siyasətdəki ətalətə son qoymaq istəyirlərsə, iqtidarın uydurma gündəm formalaşdırma cəhdlərinə aldanmamalı, real gündəmi yaratmalıdırlar.
Onlar cəmiyyətin adından aparılan psevdosiyasi və sistemdaxili sövdələşmələrə son qoymasalar, istənilən formada etiraz aksiyalarının, yürüşlərin və mitinqlərin heç bir mənası olmayacaq.

Orxan Hun
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.