Siyasət

Müsavat AXCP-ləşir

31 İyul 2015 20:56
Baxış: 980

Müsavat Partiyasında proseslər əvvəlcədən proqnozlaşdırılan istiqamətdə inkişaf etməkdədir və bu qurumun narazı üzvləri bir-bir Müsavat sıralarından uzaqlaşmaqdadırlar. Əslində həmin şəxslərin heç başqa çıxış yolu da yoxdur. Əgər bir partiyada - xaosun hökm sürdüyü Müsavatda onların səsi eşidilmirsə, fikirləri nəzərə alınmırsa, doğrudan da o partiyada qalmaqda heç bir məntiq yoxdur. Ona görə də diskriminasiyaya məruz qalmış şəxslər müxtəlif çıxış yolları axtarışındadırlar. Belə görünür ki, onlar ən ideal variantı tapıblar və ya bir müddət əvvəl reallaşan layihəni uğurla davam etdirirlər. Belə ki, hazırda icra edilən ən optimist variant partiyada qalaraq, üzvlükdən çıxmadan yeni bir təşkilat yaratmaqdır. Məlumdur ki, Müsavat Partiyasındakı gərginlik və narazılıq keçən ilin sonlarında baş tutan qurultaydan sonra son həddə çatdı və vəziyyət düzəlməkdənsə, razılıq əldə olunmaqdansa, mövcud durum hər gün bir az da pisləşir, qruplaşmalar və fərdlər arasındakı münasibətlər getdikcə lap dalana dirənir. Bu isə faktiki olaraq, partiyanın nəinki sözdə, rəsmən parçalanmasına səbəb olur. Qurultaydan sonra parçalanmanı rəsmiləşdirən ilk adam başqanlığa namizəd olmuş şəxslərdən biri - Qubad İbadoğlu olub. Onun yaratdığı hərəkatın prinsipləri ilə maraqlandıqda isə qəribə təzadlar meydana çıxırdı. Belə ki, həmin tezisləri Müsavat Partiyası özü də neçə illərdir ki, irəli sürüb və guya həmin şüarlarla fəaliyyət göstərir. Q.İbadoğlunun oxşar prinsiplərlə hərəkat yaratması birbaşa Müsavat əleyhinə atılan addım kimi qiymətləndirilir, Müsavatı bəyənməmək kimi başa düşülürdü. Bu qurumun yaradılması isə A.Hacılı tərəfdarı olan müsavatçılar tərəfindən kəskin etirazla qarşılanmış, partiyanın dağılmasına hesablanmış addım kimi qiymətləndirilmişdi. Onlar hətta bunu nizamnamədən kənar, qeyri-qanuni hərəkət adlandırırdılar. Müsavat başqanının müavini Nüşabə Sadıqlı açıqlamasında demişdi ki, belə hərəkatın yaradılmasına heç bir ehtiyac yox idi: "Müsavat Partiyasının nizamnaməsində üzvlərin partiyadan kənar hər hansı qurum formalaşdırması nəzərdə tutulmur. Bu hərəkatın yaradılması da təbii ki, nizamnamənin əleyhinədir".

Müsavat başqanlığına sabiq namizəd olmuş Tural Abbaslı isə bildirmişdi ki, hərəkat və təşkilat yaratmaq müsavatçıların da, digər şəxslərin də haqqıdır: "Nizamnamədə qeyd edilib ki, partiyanın üzvü istənilən hərəkat və təşkilatın sıralarına qoşula, lakin yalnız bir partiyanın, Müsavat Partiyasının üzvü ola bilər".

ADR-in yaradılmasına çox az sayda tərəfdar olsa da, əksəriyyət narazılıq edir, Q.İbadoğlunu belə qərara görə ciddi şəkildə qınayırdılar. Hələ o zaman Müsavatın getdikcə daha çox parçalanacağı, orada yalnız Hacılı və qardaşlarının qalacağı bildirilirdi. Səbəb kimi isə onların partiyanı inhisara aldıqları və heç bir fikri qəbul etmədikləri göstərilirdi. Deyilənlər təsdiqini tapmaqdadır və artıq partiyadan daha bir qrup şəxs ayrılaraq öz təşkilatlarını yaradıblar. Belə ki, bu dəfə Müsavat başqanlığına sabiq namizəd Tural Abbaslı özü yeni siyasi blokunu yaradıb. "Ağ blok" adlandırılan bu qurumun məqsədi müxtəlif partiyalarda təmsil olunan, lakin həmin təşkilatlarda yetərincə dəstəklənməyən gənclərin parlament seçkilərində birgə iştirakını təmin etməkdir. T.Abbaslı açıqlamasında deyib ki, Müsavat Partiyasının üzvlüyündən çıxmır, lakin seçkilərə "Ağ blok"un namizədi kimi qatılmağa üstünlük verir: "Azərbaycan cəmiyyətində artıq ənənəvi müxalifətdə olanlara inam yoxdur. Cəmiyyətimiz bəzi siyasətçilərin nəticəsi olmayan fəaliyyətindən yorulub. Seçkilərdən sonra blokun partiyaya çevriləcəyi də istisna olunmur. Daxili intriqalara enerji sərf etməkdənsə, niyə də öz partiyamızı yaratmayaq?!"

Q.İbadoğlunun hərəkatı yaratmasından sonra partiya rəhbərliyi tərəfindən Müsavat üzvlüyündən qovulduğunu nəzərə alsaq, T.Abbaslını da eyni aqibətin gözlədiyi istisna olunmur. Bu isə onun təşkilatının partiyaya çevriləcəyini daha da dəqiqləşdirən məqam hesab oluna bilər. Hələ ki, Müsavat rəhbərliyi bu barədə heç bir açıqlama verməyib, amma onların buna xoş reaksiya vermədikləri məlum məsələdir. Əminliklə deyə bilərik ki, hazırda A.Hacılı və ətrafı Q.İbadoğlu kimi ona da pis münasibət bəsləyirlər və bəlkə də əsəbdən zəncir çeynəyirlər. Çünki belə gedişat Müsavatın daha bir parçalanmaya məruz qalması deməkdir və heç şübhəsiz ki, partiya ciddi itkilərə məruz qalacaq.

Bütün bu proseslər onu göstərir ki, Müsavat və AXCP bir-birlərini bəyənməsələr də, faktiki olaraq, hər ikisi eyni yolu gedir və eyni aqibəti yaşayır. Müsavatın bugünkü durumu AXCP-nin bir neçə il öncə yaşadığı hadisələrin təkrarıdır. Vaxtilə orada da daxili narazılıqlar ən yüksək həddə çatanda bəzi funksionerlər öz təşkilatlarını yaratmağa başlamışdılar. Sonradan isə təşkilatlarını ayrı-ayrı hərəkat və siyasi partiyalara çevirmişdilər. Nəticədə AXCP-də yalnız Əli Kərimli və onun 2-3 tərəfdarı qaldı. Yaxın gələcəkdə Müsavatda da eyni nəticənin olacağı, orada yalnız Hacılı və qardaşlarının qalacağı şübhə doğurmur.

Kaspi.az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.