Dövlətin yürütdüyü siyasətin xətkeş təki düz olmasını gözləyənlər ya sadəlövh, ya da özlərini primitiv düşüncəli insan kimi göstərməyə çalışan hiyləgərlərdir.
Vəziyyət dəyişir, situasiyalar fərqli hal alır, şərtlər və çağırışların kaleydoskopu diqqətli mühakimə, səlis davranış və dürüst qərarlar tələb edir.
Azərbaycanın birmənalı şəkildə yalnız Avropa Birliyinə, yaxud Rusiyaya, ya da Türkiyə və ən nəhayət, İrana meylli siyasət yürütməsini ehtiva etmək, ya da bəzi "analitik"lərin təxminlərində olduğu kimi, fantastik halda ərəb ölkələrinə ifrat yaxınlaşmağa can atmaqla bağlı addımlar atması məntiqi proqnozlar ola bilməz.
Dövlətimiz maraqlarını təmin etmək və mövqelərini möhkəmləndirmək üçün qonşularla səbatlı, uzaq dövlətlərlə mehriban əlaqələrə nail olub.
Təbii ki, həmin qonşular arasında işğalçı Ermənistan yoxdur və işğal davam etdikcə, ola da bilməz.
Yerdə qalan ölkələrlə təşkilatlara gəldikdə, onlar Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyırsa, ölkəmizlə təmasları intensivləşdirmək niyyətindədirsə, biz də belə əlaqələrdən dövlətimiz və xalqımız üçün faydalana biləriksə, nədən imkanlardan istifadə etməməli, absurd şərtləri gerçək hal saymalıyıq ki?
Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı ilə (ŞƏT) əməkdaşlıq etmək istəyir və bu, rəsmi Bakının yürütdüyü xarici siyasətin məntiqi çərçivələrindəki addımlardan biridir. ŞƏT dünyanın birqütblü düzənini qəbul etməyən, iqtisadiyyatları sürətlə inkişaf edən ölkələrini birləşdirməyə davam edən qurum olduğundan, siyasi və iqtisadi dividentlər baxımından yetərincə perspektivlidir.
ŞƏT-in özü
2001-ci ildə Rusiya, Çin, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistanın yaratdıqları Şanxay Əməkdaşlıq Təşkilatı böyüməkdədir. Qurumun Rusiyanın Ufa şəhərində iyulun 9-10-da keçirdiyi zirvə toplantısında Hindistanla Pakistan da ŞƏT-ə qatılıblar.
Bu qurumda Əfqanıstan, Belarus, İran və Monqolustan müşahidəçi dövlət statusundadır. Azərbaycan, Kamboca, Nepal, Türkiyə, Şri-Lanka və Ermənistan isə dialoq üzrə tərəfdaş statusuna malikdir.
Azərbaycanın Qərb ölkələri ilə münasibətlərinin soyuqlaşması fonunda Şərq ölkələrini birləşdirən əsas qurumlardan birinə - Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) cəlb olunması birmənalı qarşılanmır.
Əsasən Rusiya və Çinin birgə təşəbbüsü ilə iki qütblü dünya məqsədilə yaradılan ŞƏT "iyulun əvvəli Azərbaycana dialoq tərəfdaşı statusu" verib, Azərbaycanın Xarici İşlər Nazirliyi BBC Azərbaycancaya bunu təsdiqləyib.
Bəzi analitiklər bu təşkilata cəlb edilməni siyasi manevr hesab edir, digərləri isə Azərbaycanın ŞƏT-ə qoşulmasının yalnız əməkdaşlıq məqsədi daşıdığını deyirlər.
Azərbaycanın Xarici İşlər Nazirliyi isə bəyan edir ki, ölkə ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlıq əlaqələrini "daha da genişləndirir".
Siyasi addım
İqtisadi əməkdaşlıq baxımından Azərbaycanın ŞƏT daxilində sata biləcəyi neft-qaz məhsullarıdır, amma onları da hər bazarda satmaq olar, bəzi ekspertlər belə düşünürlər.
"Azərbaycan hökuməti sanki göstərməyə çalışır ki, bizi nə qədər çox tənqid etsəniz, biz o qədər Rusiya və Çinin yanında, Şərq blokunda əsaslı yer ala bilərik", - BBC-yə açıqlamasında iqtisadçı Natiq Cəfərli belə söyləyib.
Azərbaycan neftinin 70 faizini Avropa ölkələrinə satdığını, həmçinin Azərbaycanın ən böyük qaz müqaviləsini Avropa ilə bağladığını vurğulayan N.Cəfərli ŞƏT-ə qoşulmağı Azərbaycanın Avropa İttifaqının strateji əməkdaşlıqla bağlı müqaviləsini imzalamaması ilə müqayisə edir. Onun sözlərinə görə, ölkənin ticari əlaqələrinin Avropa ilə qurulması ilə eyni vaxtda ŞƏT-ə cəlb olunması uyğun gəlmir. Bu səbəbdən o, Azərbaycanın ŞƏT-ə cəlb olunmasını siyasi addım adlandırır.
Deputat Asim Mollazadə isə hesab edir ki, Azərbaycan Qərblə və ABŞ-la çox mühüm tərəfdaşdır, lakin Azərbaycanı "sevməyən bir sıra qüvvələr, o cümlədən Ermənistan lobbisinin arxasında duranlar var ki, onlar Azərbaycanın inkişafına qısqanclıqla yanaşırlar".
A.Mollazadə ümid edir ki, Avropa və ABŞ enerji, təhlükəsizlik və iqtisadi sahədə əməkdaşlıq etdiyindən belə hərəkətlər dayandırılacaq.
Üzvlük ərizəsi
Bu ilin aprelində ŞƏT-ə üzv Rusiyanın Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bəyan edib ki, Azərbaycanın quruma üzvlüyü ilə bağlı ərizə müzakirə edilir. Azərbaycana "dialoq üzrə tərəfdaş" statusu verilməsi ilə bağlı qərarsa iyulun 10-da Rusiya prezidenti Vladimir Putin tərəfindən açıqlanıb.
XİN sözçüsü Hikmət Hacıyev deyib ki, Azərbaycanın ŞƏT-ə "dialoq üzrə tərəfdaş" kimi qoşulmaq istəyinin səbəblərini bilmək üçün Azərbaycan ilə ŞƏT arasında qurulmuş əməkdaşlıq mexanizminə baxmaq lazımdır.
"ŞƏT-in məqsədləri sırasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi, siyasi, iqtisadi, elm, mədəniyyət, təhsil, enerji, nəqliyyat, turizm və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi, sülh, təhlükəsizlik və sabitlik naminə birgə səylərlə fəaliyyət göstərilməsi və demokratik siyasi və iqtisadi düzənin yaradılması kimi məsələlər yer alıb", - Hikmət Hacıyev deyib.
H.Hacıyev onu da qeyd edib ki, ŞƏT tərəfindən qəbul olunmuş sənədlərdə dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət, terrorizm, separatizm və ekstremizmə qarşı mübarizə kimi tədbirlər də "qəti şəkildə" öz əksini tapıb.
XİN rəsmisi Azərbaycanın təkcə ŞƏT-ə deyil, başqa regional təşkilatlara da qoşulduğunu əlavə edib.
"Azərbaycanın Ərəb Dövlətləri Liqası, Afrika İttifaqı, Amerika Dövlətləri Təşkilatı və digər regional beynəlxalq təşkilatlar yanında müşahidəçi statusunu qeyd edə bilərik ki, bu da ölkəmizə bu təşkilatlar və onların üzv dövlətləri ilə əlaqələri daha da inkişaf etdirməyə şərait yaradır", - cənab Hacıyev deyir.
ŞƏT-ə üzvlük Azərbaycana köklü dəyişikliklər gətirə bilər
Azərbaycan qərblə şərq arasında kommunikasiya dəhlizinin formalaşdırılmasında çox fəaldır və qonaq statusu ilə təşkilatda iştirak Azərbaycanın İpək Yolu strategiyasına uyğundur.
Asim Mollazadəyə görə, ŞƏT-ə üzvlük Azərbaycan üçün köklü dəyişikliklər gətirə bilər. "Buna görə nəqliyyat sisteminə böyük yatırımlar edilir, avtomobil yolları formalaşdırılır, bu, həm Orta Asiya və Uzaq Şərq, həm də Avropa ilə daha sürətli ticarətə imkan yaradacaq", - deyən deputat əlavə edir ki, bu, Azərbaycanın qeyri-enerji sektoruna - informasiya texnologiyaları, turizm və kənd təsərrüfatına müəyyən dərəcədə "xeyir verən sistemdir".
Bu səbəbdən də A.Mollazadə ŞƏT ilə əməkdaşlığı siyasi deyil, iqtisadi hesab edir.
Asim Mollazadə onu da əlavə edir ki, iqtisadiyyat siyasətin arxasında dayandığından, Azərbaycan həmçinin çalışır ki, illər boyu "imperiya oyunlarının qurbanına çevrilən" bölgənin inkişafına sülhlə nail olsun.
Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq və xüsusilə də intensiv tərəfdaşlıq bərabərhüquqlu, tərəflərin mövqelərinin qarşılıqlı nəzərə alınması şərti ilə reallaşa bilər. Siyasi baxımdan dövlətimizin maraqlarının təminatına xidmət edə biləcək belə tərəfdaşlıq iqtisadi nüanslar sarıdan da çox sərfəlidir.
ŞƏT-in çox böyük, dinamik inkişaf edən bazar olduğunu unutmayaq.
Biz indi yeni tərəfdaşlar, müttəfiqlər cəlb etməli və mövqelərimizi daha da gücləndirməliyik.
Ona görə də ŞƏT-lə dialoq məqbul variant sayıla bilər.
Orxan Hun
Milli.Az