Siyasət

Azərbaycan nefti təhlükədə?

30 İyul 2015 12:02
0 Şərh     Baxış: 777

Türkiyədə başlayan antiterror əməliyyatları və son həftələrdə Gürcüstanda baş verən hadisələr strateji əhəmiyyətli enerji xətlərinin təhlükəsizliyi məsələlərini yenidən gündəmə gətirib. Məlum olduğu kimi iki həftə əvvəl Bakı-Supsa neft boru kəmərinin bir neçə yüz metrlik hissəsi Rusiya ordusu tərəfindən nəzarətə götürülən ərazilərə düşüb. Bununla da faktiki olaraq boru kəməri nəzarətsiz ərazidə qalıb.

Eyni zamanda Türkiyədə başlayan antiterror əməliyyatları bu ölkənin ərazisindən keçən boru kəmərlərinə də təhlükə yaradıb. Artıq terrorçular Türkiyə və İran arasındakı təbii qaz boru xəttinin Türkiyə hissəsində partlayış törədiblər. Ağrı vilayətində baş verən partlayış boru kəmərini yararsız hala salıb, üstəlik ətraf ərazilərə böyük ekoloji zərər vurub. Xatırladaq ki, 2008-ci ildə də Türkiyə ərazisində BTC boru kəməri partladılmışdı.

Son günlər PKK və İŞİD terrorçularının Türkiyəyə qarşı elan olunmamış savaşı boru kəmərlərinə də təhlükə yaradır. Məlum olduğu kimi, Türkiyədən Azərbaycanın Bakı-Tiflis-Ceyhan (BTC) neft kəməri və Bakı-Tiflis-Ərzurum qaz boru xətti keçir. PKK terrorçularının son günlər təbii qaz boru xəttinə, elektrik xətlərinə etdiyi hücumlar Azərbaycanın bu ölkədən keçən neft kəmərlərinin təhlükəsizliyi məsələlərini də gündəmə gətirir.

Qeyd edək ki, BTC beynəlxalq əhəmiyyətli enerji layihəsidir və mütəxəssislərə görə bu layihənin qorunması Qərb dövlətlərinin nəzarəti altında aparılır. Eyni zamanda boru kəmərinin keçdiyi ölkələrdə müvafiq qurumlar onun mühafizəsini təşkil edir. Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidməti 2005-ci ildə BTC-nin ölkəmizdən keçən hissəsinin təhlükəsizliyini təmin etmək üçün 850 nəfərdən ibarət struktur formalaşdırıb.

Terror riskinin yüksək olduğu Türkiyə ərazisində isə BTC-nin kifayət qədər güclü mühafizə olunmadığı barədə qardaş ölkə mətbuatında da dəfələrlə yazılıb. Kəmərin Türkiyə ərazisində təhlükəsizliyinin təmin olunmasına yerli hökumət, habelə "Botaş" şirkəti cavabdehdir.
İndi isə həm Gürcüstanda, həm də Türkiyədə boru kəmərlərinə qarşı terror təhdidinin olacağı ilə bağlı xəbərdarlıqlar artıb. Əcəba, bu xəbərdarlıqlar reallığa yaxındırmı? Doğrudanmı, kəmərlərə təhlükə ciddidir?

Siyasi şərhçi, "Trend" İnformasiya Agentliyinin direktor müavini Arzu Nağıyev deyir ki, boru kəmərlərinə terror təhlükəsi ilə bağlı məlumatlar son zamanlar şişirdilmiş şəkildə ortaya atılır. Xüsusən də Gürcüstan tərəfinin bu mövzunu qabartdığını qeyd edən ekspertə görə, bu məsələdə gürcülərin öz maraqları var: "Son vaxtlar bu istiqamətdə söz-söhbət həddən artıq böyüyür. Düşünürəm ki, bunu  əsasən Gürcüstan tərəfi edir. Çünki bu söhbətlərin böyüməsi ilk növbədə Gürcüstana dividend gətirir. Faktiki olaraq öz ərazilərinin zəbt edilməsini və təcavüzə məruz qaldığını dünyaya bəyan edirlər. Yəni dünyada neftin nəqli layihələri ən aktual mövzulardan biridir və  bütün dünya dövlətləri üçün maraq doğuran məsələdir. Gürcüstan da bundan yararlanır, Rusiyanın işğal siyasətini dünyaya göstərir. Əgər belə olmasaydı, Gürcüstan üzərinə götürdüyü öhdəliklərlə əlaqədar çoxdan güc tətbiq edərdi. Lakin bunu etmir. Deməli, öz maraqlarını üstün tutur".

Türkiyədən keçən boru kəmərlərinə terror təhdidi mövzusuna gəlincə, A.Nağıyev deyir ki, Türkiyədə antiterror əməliyyatlarına NATO-nun qoşulması boru kəmərlərinin təhlükəsizliyi məsələsinə diqqəti artıracaq: "Türkiyə ilə əlaqələndirməyə gələndə ilk növbədə NATO qüvvələri də bu əməliyyatlara cəlb edilərsə, artıq maraqlar da dəyişir və düşünürəm ki, boru kəmərlərinin mühafizəsinə də maraq artacaqdır".

Boru kəmərlərinə terror təhlükəsinin hər zaman aktual olduğunu xatırladan ekspertə görə, əsas təhlükə kəmərin zədələnməsindən çox, enerji ehtiyatlarının bazara çıxarılmasından gedir ki, bu məsələ müəyyən mənada həllini tapıb: "Əlbəttə, risk hər zaman var, lakin Azərbaycanın enerji təhlükəsizliyi ilə bağlı müəyyən konsepsiyası mövcuddur və o qədər də böyük narahatçılığa səbəb yoxdur. İlk növbədə ona görə ki, neft  bir neçə marşrutla bazara çıxarılır. Bunlar - Bakı-Supsa (Qara dəniz), Bakı-Novorossiysk (Qara dəniz) və Bakı-Tbilisi-Ceyhan (Aralıq dənizi). Yəni bunların hansındasa nəql problemi  yaranarsa, digərləri ilə nəql davam etdiriləcək. Əlbəttə, Rusiyanın özəl maraqları var və ilk növbədə onlar neftin Bakı-Novorossiysk kəməri ilə nəqlini istəyirlər və buna görə müvafiq addımlar da atırlar. Məlumdur ki, son illər bu marşrut ən zəif bənd olub.

Bir sözlə, neftin nəqlində böyük maraqlar kəsişir və toqquşur, lakin ölkənin təhlükəsizliyinə təhdid ola bilən enerji təhlükəsizliyi Azərbaycan tərəfdən müvafiq qaydada və dünya standartlarına uyğun  təmin edildiyi üçün həddən artıq narahatlığa əsas yoxdur".

"Yeni Müsavat"

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.