Siyasət

Nəhəngin yumşaq gücü niyə məhduddur?

27 İyul 2015 00:10
3 Şərh     Baxış: 1 856

Çin güc tətbiq etmədən digər ölkələrə təsir göstərmək imkanını artırmaq üçün böyük səy göstərir. 2007-ci ildə Çinin o vaxtkı prezidenti Xu Szintao (Hu Jintao) Kommunist Partiyasına ölkənin yumşaq gücünü artırması lazım olduğunu demişdi. Ötən il isə indiki prezident Si Tszinpin (Xi Jinping) həmin sözləri təkrarladı. Onlar bilirlər ki, artmaqda olan iqtisadi və hərbi gücü qonşu ölkələri koalisiyalar yaradacaq qədər narahat etmə təhlükəsi olan Çin kimi bir ölkə elə bir strategiya tətbiq etməlidir ki, qorxuducu olmasın. Ancaq yenə də ölkənin yumşaq güc ambisiyaları qarşısında böyük maneələr var.

ABŞ müdafiə nazirinin sabiq yardımçısı, indisə dünyanın ən nüfuzlu politoloqlarından və beynəlxalq münasibətlər sahəsində ekspertlərindən biri, Harvard Universitetinin professoru Cozef Nay "The Limits of Chinese Soft Power" ("Çinin yumşaq gücünün hədləri") adlı məqaləsində belə yazır.
Onun fikrincə, Çinin göstərdiyi cəhdlərin müəyyən təsirləri olub. Çinin müxtəlif ölkələri Asiya İnfrastruktur İnvestisiya Bankına qoşulmağa razı salması və rəsmi səfərlər zamanı yardım üçün milyardlarla dollar pul xərcləməsi bəzi müşahidəçiləri narahat edir ki, Çin yumşaq güc sahəsində ABŞ kimi ölkələri üstələyə bilər. Amerikalı çinşünas Devid Şambonun hesablamalarına görə, Çin "xaricdə təbliğat" üçün bir ildə təxminən 10 milyard dollar pul xərcləyir. Müqayisə üçün qeyd edək ki, ABŞ keçən il ictimai diplomatiya üzrə yalnız 666 milyon dollar xərcləyib.

Buna baxmayaraq, Çinin xərclədiyi milyardlarla dolların məhdud təsirləri olub. Şimali Amerika, Avropa, Hindistan və Yaponiyada keçirilən sorğular göstərir ki, həmin ölkələrdə Çinin nüfuzu ilə bağlı mənfi fikirlər üstünlük təşkil edir. Ərazi mübahisələrinin və insan hüquqları ilə bağlı problemlərin yüksək olmadığı Latın Amerikası və Afrikada Çinə qarşı münasibət daha müsbətdir. Ancaq bu regionlardakı bir çox ölkələrdə də Çinin infrastruktur layihələri üçün işçi qüvvəsi idxal etməsi yaxşı qarşılanmır (4npress.com).

Belə görünür ki, sərt və yumşaq gücün bir strategiyada birləşdirilməsi heç də asan deyil. Bir ölkənin yumşaq gücü üç mənbədən gəlir: mədəniyyəti, siyasi dəyərləri və xarici siyasəti. Çin mədəni və iqtisadi gücünü göstərib, lakin göstərdiyi cəhdləri sarsıda biləcək siyasi cəhətlərə o qədər də diqqət ayırmayıb.

Son vaxtlar beynəlxalq səviyyədə aparılan sorğuların nəticələrinə əsasən deyə bilərik ki, Çinin yumşaq gücünü məhdudlaşdıran iki əsas amil var. Bu amillərdən birincisi millətçilikdir. Kommunist Partiyası öz legitimliyini təkcə yüksək sürətli iqtisadi artım üzərində yox, eyni zamanda millətçiliyə müraciət üzərində qurub. Bunun nəticəsində isə Si Tszinpinin "Çin Arzusu" adlı ümumbəşəri müraciətinin təsiri zəifləyib və Cənub Çin Dənizi və digər yerlərdə qonşu ölkələri düşmənə çevirən strategiyalar güclənib.

Məsələn, Çinin Cənub Çin Dənizindəki mübahisəli adalara sahibliklə bağlı Filippinə qarşı güc tətbiq etməsi ilə Manilada Çin mədəniyyətinin öyrədilməsi üçün yaratdığı Konfutsi İnstitutu böyük rəğbət qazana bilməz. Çin 100-dən çox ölkədə 500-ə yaxın bu cür institut açıb. Ölkənin xarici siyasətinin nəticələri isə ötən il Vyetnamda hər iki ölkənin sahib olduqlarını iddia etdikləri sularda Çinə məxsus neft qazma qurğularının ələ keçirilməsindən sonra başlayan üsyanlarda açıq görünür.

İkinci amil isə Çinin vətəndaş cəmiyyətindən istifadə etmək istəməməsidir. "The Economist" qəzetində qeyd edildiyi kimi, Çin Kommunist Partiyası yumşaq gücün, əsasən, fərdlər, özəl sektor və vətəndaş cəmiyyəti tərəfindən yaradıldığı ideyasını qəbul etmir. Partiya əksinə, bu fikirdən yapışıb ki, yumşaq gücün əsas mənbəyi qədim mədəniyyəti təbliğ edən dövlətdir.

Bu gün kütləvi informasiya vasitələrində məlumatlar boldur. Qıt olan isə diqqətdir, bu da etimaddan asılıdır - dövlət təbliğatı isə nadir hallarda etibarlı olur. Çinin "Xinhua" xəbər agentliyi və Çin Mərkəzi Televiziyasını "CNN" və "BBC" kanallarına rəqib etmək üçün səy göstərməsi haqqında deyə bilərik ki, onun təbliğatlarına diqqət ayıracaq beynəlxalq tamaşaçı yox deyiləcək qədər azdır.

ABŞ isə Çindən fərqli olaraq, yumşaq gücü hökumətdən yox, vətəndaş cəmiyyətindən götürür. Çində Hollivud səviyyəsində mədəniyyət sənayesi və ya Amerika universitetlərinə rəqib ola biləcək universitetlər yoxdur. Hətta daha önəmlisi, Amerikanın yumşaq gücünü yaradan qeyri-hökumət təşkilatları belə yoxdur.

Yumşaq gücün qeyri-hökumət mənbələri rəğbət qazanmaq və ölkəni xaricdə təbliğ etməkdən başqa bəzən də hökumətin yaxşı qarşılanmayan strategiyalarını kompensasiya edə bilir. Məsələn, ABŞ-ın İraqı işğal etməsinə göstərilən tənqidi reaksiya. Çin isə dövlət siyasətinin yumşaq güc uğurlarına zərbə vurmasını izləyir. Ölkə daxilində insan hüquqları aktivistlərinə təzyiq göstərilməsi 2008-ci ildə keçirilən Pekin Olimpiya Oyunlarının gətirdiyi üstünlüklərə də ayrı bir zərbə vurmuşdu.

Çinin yardım proqramları çox vaxt uğurlu alnır və konstruktiv olur. İqtisadiyyatı güclü olan ölkənin ənənəvi mədəniyyəti də heyranlıq doğurur. Ancaq əgər bir ölkə yumşaq güc potensialını reallışdırmaq istəyirsə, ölkə daxilində və xaricində yeritdiyi siyasəti yenidən nəzərdən keçirməli, qonşuları qarşısına qoyduğu iddiaları azaltmalı və vətəndaş cəmiyyətinin istedadlarının yolunu tam açmaq üçün tənqidləri qəbul etməyi öyrənməlidir. Çinin millətçilikdən əl çəkmədiyi və partiya üzərində sərt nəzarəti saxladığı müddətdə yumşaq gücü həmişə məhdud qalacaq.

Orxan Hun
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.