Siyasət

Düşmən bizdən beşik qisası almaq istəyir

27 İyul 2015 00:15
8 Şərh     Baxış: 3 529

Son günlər cəbhə xəttində ermənilərin aktivləşməsi, müxtəlif diversiyalara əl atması, Azərbaycan ordusunun mövqelərini atəşə tutması və irəliləməyə çalışması gərginliyi artırıb. Düşmən hər dəfə cəhdlərindən artıq cavab alsa da, sakitləşmək bilmir.
Bunun da səbəbləri var və onlar yalnız cəbhədəki situasiya, hər hansı mövqe və ya yüksəklik uğrunda savaşla bağlı deyil.
Ermənilərin fəallaşmasının, gülləbaranın səngiməməsinin başlıca səbəbi Yerevandakı siyasi vəziyyətdir.
Bunu Ermənistan prezidenti Serj Sarkisyan aşkar söyləməsə də, daxili siyasi problemləri Azərbaycanla sərhəddə və Dağlıq Qarabağdakı cəbhə xəttində atışmalar, provokasiyalar hesabına çözmək cəhdləri onun köhnə şakəri, hətta sınanmış metodudur.


Yerevanda kütlənin narazılığı artanda, işsizlik və yoxsulluq səviyyəsinin fasiləsiz yüksəlişindən səbr kasaları daşan, iqtidarın harınlıq və tamah bıçağının yaşam sümüyünə dirəndiyini anlayan ermənilər küçələrə çıxanda Sarkisyan rejimi hər dəfə cəbhə bölgəsində gərginliyin birtərəfli artırılmasını effektiv çözüm vasitəsi qismində gündəmə gətirir.
Serj Sarkisyanın taktikasının hələlik "işlək" olduğunu anlayan nazirlər də ondan geri qalmırlar. Amma onların "ifa"sındakı bəlağətli çıxışlar və nikbin açıqlamaların əvvəli bravur olsa da, sonluğu ermənilər üçün qəmli alınır.
"Ermənistanın gələcəyini təmin etmək, demokratik vəziyyəti normallaşdırmaq istəyiriksə, təhlükəsizliyimizi təmin etmək üçün ən böyük iş görmək istiəyiriksə, beşik qisası almalıyıq. Nə qədər çox beşik olarsa, nə qədər çox uşaq doğularsa, bir o qədər güclü olarıq. Yalnız bundan sonra tarixi Ermənistan torpaqları barədə düşünə bilərik".
Ermənistanın müdafiə naziri Seyran Ohanyan "Ari Tun" proqramı çərçivəsində müxtəlif ölkələrdən Yerevana gəlmiş erməni gənclərlə görüşündə belə deyib. 
Ohanyan daha sonra bildirib ki, Dağlıq Qarabağda müharibədən qorxmurlar. Ermənistan ordusunun "güc və qüdrət"indən uzun-uzadı danışan, təriflər söyləyən müdafiə naziri gerçəyi etiraf etmək məcburiyyətində qalıb: "Azərbaycana qarşı vuruşa bilərik. Lakin Bakı bilməlidir ki, Ermənistanda Rusiyanın hərbi bazası var və biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüyük. Yəni Azərbaycan mövqelərimizə hücum edərsə, tək bizim cavabımızı almayacaq".


Ermənistandakı demokratik vəziyyətin fəlakət həddinə çatmasını üstüörtülü şəkildə də olsa, vurğulayan Seyran Ohanyan hərbi xidmətə çağırılan erməni gənclərin tam əksəriyyətinin səhhətində və psixikasında problemlərin olduğunu söyləməyib.
Amma əvəzində Ermənistandakı Əsgər Anaları Təşkilatı bunu ilin əvvəlindən bəri keçirdiyi 5 mətbuat konfransında dəfələrlə vurğulayıb.
Təşkilatın son açıqlamasında bildirilir ki, hərbi xidmətə çağırılan gənclərin tibbi komissiyadan keçirilmələri, ordu qulluğuna yararlı olub-olmamalarının yoxlanılması prosedurları quru rəsmiyyətə çevrilib.
"Son çağırış zamanı 456 gəncin səhhətində ciddi problemlərin aşkarlanmasına və onların hərbi xidmətə əsla yararlı olmamalarına rəğmən, bu gənclərin hamısı ordudadır. 102 psixi sapıntılı gəncin valideynlərin israrlarına, onların əllərində müayinələrin və baxışların rəsmi nəticələrinin olmasına rəğmən, bu gənclər də "sağlam, hərbi xidmətə yararlı" sayılıblar. 2015-ci ilin əvvəlindən bəri Ermənistan Silahlı Qüvvələrində intiharlar, sərxoş vəziyyətdə dava salınması, hərbi qulluq yerinin özbaşına tərk edilməsi, komandirlərin əmrlərinə tabe olmamaq və s. kimi cinayətlərini artmasının da əsas səbəbkarı həmin gənclər yox, onları orduya çağıran, səhhətlərindəki və psixikalarındakı problemlərə göz yuman Müdafiə Nazirliyidir. Vəziyyət o yerə çatıb ki, cinayətə meylli, müxtəlif qanun pozuntularına görə bir və ya bir neçə dəfə azadlıqdan məhrum edilmiş şəxslər də ordu sıralarına çağırılırlar", - Ermənistan Əsgər Anaları Təşkilatının açıqlamasında deyilir.


Ermənistan ordusundakı korrupsiya, yerlibazlıq, traybalizm, rüşvətxorluq və ən əsası - komandirlərin total çoxluğunun qeyri-peşəkarlığını nəzərə alsaq, düşmənin silahlı qüvvələrində durum kritikdir.
Məhz bu səbəbdən də Ermənistan rəhbərliyi sərhədlərin qorunmasından və Mesamordakı atom-elektrik stansiyasının təhlükəsizliyinin təminatından tutmuş, az qala Yerevandakı Prezident Administrasiyasının mühafizəsini də ölkədəki rusiyalı hərbçilərə tapşırır.
Və elə bu səbəbdən də Yerevandakı hərbi paradlarda bütün diplomatik etiket qaydaları, dövlətlərarası münasibətlərin şərtlərini kobud şəkildə pozaraq rusiyalı hərbçilər öndə addımlayırlar.
Hər hansı dövlətin paytaxtındakı paradda başqa dövlətin hərbçilərinin qonaq yox, "yerli" qismində fəxri keçiddə bulunması isə keçənlərin işğalçı, qarşılarından keçilənlərin isə müstəmləkə əhli olduğu anlamına gəlir.
Tarix boyu belə olub və belədir - Ermənistan rəhbərliyi baş verənlərə ən müxtəlif izahlar düşünməyə çalışsa da.
Seyran Ohanyanın "beşik qisası" açıqlamasına gəldikdə isə, ifadələr absurd, nazirə yaraşmayacaq qədər şovinist və paradoksal olsa da, Yerevandakı hakimi rejimin xislətinə tam uyğun, hətta adekvat bəyanatdır.

Ermənistanın müdafiə naziri ölkədə çağırışçıların qıtlığını, gənclərin az qala katastrofik azlığını etiraf edir və əhalini artmağa çağırır.
İnsan siçovul deyil - ildə 30-40 bala verə bilməz.
Erməni qadınlar nə qədər çalışsalar da, ən yaxşı halda, reproduktiv yaşlarının tam sonunda olsa belə, ildə ən uzağı 2 övladı əkizlər təki dünyaya gətirə bilərlər.
Ermənistandakı "iqtisadi inkişaf və demokratiyanın tərəqqisi" nəticəsində artıq 12 ildir ki, ölkədə doğuşların sayı ölümlərin statistikasından geri qalır. Ölkədə əhali artımı yoxdur, olan geriləmə, azalmadır və belə şəraitdə, təbii ki, Ermənistan müdafiə qabiliyyətini ən aşağı həddə olsa da, təmin etmək üçün ya ordusuna çağırışla bağlı tələbləri qeyri-qanuni şəkildə "yumşaltmalı", ya da demoqrafik problemi həll etməlidir.
Doğuşların sayını artırmaq mümkün deyil: ermənilər çoxuşaqlı ailələri ağır həyat şərtləri ilə könüllü sınağa çəkilmək istəyi, az qala mazoxistlik sayırlar.
Problemi nikah yaşının aşağı salınması vasitəsilə həll etmək olardı, ancaq belədə Ermənistan mütləq şəkildə Tanzaniya, Eritreya, Qabon və ya Somalidəki qanunvericilikdən yararlanmalı olacaq, rəhbərliyinin tez-tez bəyan etdiyi "Qərb dəyərlərinin bərqərar olması üçün gərəkli işlərin hamısı görülür" açıqlamalarının saxtalığını boynuna almalı, ən nəhayət xalqın mentalitetini və ənənələri dəyişməli olacaq.
Bəhs etdiyimiz variant Ermənistanda çoxarvadlılığı da istisna etmir.


Ermənilər bütün bunları qəbul edərmi? Çox çətin.
Ona görə də Yerevandakı rejim çıxış yolu qismində "beşik qisası"nı görür.
Ohanyan da erməni apostol kilsəsindəki Müqəddəs Qriqoras təki soydaşlarına "Artın, çoxalın, züriyyətiniz bol olsun!" deyir.
Di gəl, Ermənistanın müdafiə nazirinin "ifa"sında bu çağırış saxtakarlıq təsiri bağışlayır, çünki kökündə ordunun zəifliyi, müdafiə qabiliyyətinin səbatsız olması durur.
Ermənistan müharibədən qorxur, hərbi əməliyyatlardan çəkinir. Bu xof Serj Sarkisyan iqtidarını ölkənin müstəqilliyini Rusiyaya hədiyyə etməyə, erməniləri də sərhəddə və Dağlıq Qarabağdakı cəbhə xəttindəki atışmalar barədə xəbərləri əndişə ilə oxumağa vadar edib.
Qorxu isə bəlli, məğlubiyyətin yarısıdır.

Orxan Hun
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.