Siyasət

"İşğal altındakı 7 rayonun geri qaytarılması real görünür"

22 İyul 2015 20:56
3 Şərh     Baxış: 1 335

İran İslam Respublikası ilə "altılıq" arasında anlaşmanın regiona, o cümlədən buradakı proseslərə təsiri qaçılmazdır. Belə bir zamanda ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Rusiya mətbuatına müsahibəsində: "İşğal edilmiş ərazilər kompleks nizamasalma çərçivəsində Azərbaycanın nəzarətinə qaytarılmalıdır", - deyə açıqlama verməsini də diqqətdən kənarda saxlamaq olmaz. Amerikalı həmsədr öz bəyanatı ilə Dağlıq Qarabağ ətrafındakı rayonların işğal edilmiş ərazilər olduğunu, işğalçı tərəfin "Qarabağ erməni qüvvələri" deyil, məhz Ermənistan olduğunu bəyan edib. Bunun ardınca Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Moskvaya qəfil səfər edərək, rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. Rusiya xarici işlər naziri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün danışıqlar prosesini intensivləşdirməyin vaxtının çatdığını vurğulayıb. Rusiya xarici işlər nazirinin bu açıqlaması Vladimir Putinin Azərbaycan və Ermənistan dövlət başçılarının iştirakı ilə yeni Qarabağ sammiti təşkil edəcəyi ehtimalını yaradıb. Ümumilikdə hadisələrin gedişi isə Dağlıq Qarabağ münaqişəsinin həllinə ümidləri bir qədər də artırıb. Sadalanan hadisələrlə bağlı "Kaspi"nin suallarını politoloq Qabil Hüseynli cavablandırır.

- Qabil bəy, İran-"altılıq" anlaşmasının regiondakı proseslərə, xüsusən də Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə təsiri nə dərəcədə ola bilər?

- İranın indiyə qədər olan davranışlarına nəzər salanda görürük ki, bu dövlət daha çox işğalçı, xristian Ermənistanın yanında olmağa çalışıb. Bir çox iqtisadi layihələrdən təcrid olunan Ermənistan üçün İran nəfəslik rolunu oynayıb, həyat mənbəyinə çevrilib. İran bu ölkəyə neft-qaz, elektrik enerjisi, ərzaq ötürüb və sair. Azərbaycanla İranın münasibətləri isə yalnız ticarət səviyyəsində olub. Lakin son vaxtlar hər iki dövlət arasında normal ab-hava yaranıb. İran Azərbaycanın daxili işlərinə qarışmır, Azərbaycan da öz ərazisindən üçüncü bir ölkəyə imkan yaratmır ki, onun qonşularına, o cümlədən İrana ziyan dəysin. Yəni bu sabitliyi hər iki tərəf qoruyub saxlamağa çalışır. Azərbaycan Prezidentinin İrana axırıncı dəfə səfər etməsindən sonra münasibətlərdə pozitiv meyllər bir qədər artıb. Həmin fonda münasibətlərin daha da inkişafında hər iki tərəf maraqlı görünür. Ancaq "altılıq"la görüşlər başa çatandan, müəyyən razılaşmalar əldə ediləndən sonra rəsmi Tehran bəzi bəyanatlar verməyə başlayıb. Misal üçün, İran gündəlik neft istehsalını 4 dəfə artıracağı barədə mövqe açıqlayıb. Bu isə dünya bazarına daha çox neftin çıxarılması, nəticədə neftin qiymətinin ucuzlaşması deməkdir ki, bu, Azərbaycana iqtisadi baxımdan elə də sərfəli görünmür. Üstəlik, İranın bölgənin ən güclü dövləti olmaq üçün bütün imkanlarını səfərbər edəcəyi barədə də açıqlamalar səsləndirilməkdədir. Rəsmi Tehran bu münasibətlə Rusiya və Çinlə əlaqələrini daha da inkişaf etdirir, möhkəmlədir. Beləliklə də bölgədə ABŞ-a qarşı yeni güc mərkəzinin formalaşdırılmasına çalışır. Bölgədə inkişafın, sabitliyin deyil, gərginliyin yaradılması xətti əsas götürüləndə Azərbaycan heç zaman bundan fayda götürə bilməz. Halbuki Azərbaycan regionun sabitliyində, inkişafında, bərabərhüquqlu münasibətlərdə, Dağlıq Qarabağ probleminin ədalətli həllində maraqlıdır. Əfsuslar olsun ki, heç də bütün dövlət başçıları bu cür düşünmür. Ona görə də Yaxın Şərq münaqişə ocağı olaraq qalır, eyni zamanda Azərbaycanın bir nömrəli problemi olan Dağlıq Qarabağ münaqişəsinin də həlli uzanır.

- Qərb-İran yaxınlaşması fonunda ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Azərbaycanın maraqlarına uyğun bəyanatla çıxış etməsini necə qiymətləndirirsiniz?

- Təbii ki, amerikalı həmsədrin bu bəyanatı müsbət qiymətləndirilməlidir. Bu günə qədər danışıqlar prosesində "işğal edilmiş torpaqlar" sözü işlədilirdi, ancaq işğalçının kim olması məsələsində susqunluq nümayiş etdirilirdi. Əksər vaxtlarda həmsədrlər diplomatik manevr edir, işğalçını "Dağlıq Qarabağ azadlıq ordusu" kimi qələmə verirdilər. Ancaq son dövrlər Qərbin mövqeyində ciddi dönüş yarandığı müşahidə edilir. Əvvəla, Almaniya işğal altında olan, Ermənistan tərəfindən nəzarətdə saxlanılan ərazilərimizdən danışdı, ardınca da Bundestaq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənəd qəbul etdi. Ermənistanın nəzarəti altında olan Azərbaycan əraziləri demək elə ərazilərimizin Ermənistan tərəfindən işğal olunması deməkdir. Bu hadisələrdən sonra ABŞ-ın mövqeyində də pozitivlik hiss olunmağa başladı. Amerika Dağlıq Qarabağ ərazisindən kənarda olan işğal altındakı Azərbaycan ərazilərinin qeyd-şərtsiz, birmənalı olaraq geriyə qaytarılmasının tərəfdarı kimi çıxış etdi. Belə bir mənzərə yaranır ki, Qərb münaqişənin tənzimlənməsində Rusiyanın aktivliyini görüb Ermənistana təzyiq etmək ərəfəsindədir.

- Amerikalı həmsədrin bəyanatından cəmi 2 gün sonra Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Moskvaya qəfil səfəri, rusiyalı həmkarı Sergey Lavrovla görüşü də diqqət çəkib. Sizcə, belə bir səfəri zəruri edən səbəb nə idi?

- Rusiya hər zaman olduğu kimi indi də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində təşəbbüskarlığı ələ almaq istəyir. Azərbaycan-Rusiya münasibətləri də bu məsələdə daha intensiv inkişaf edir. Misal üçün, bu günlərdə Rusiya xarici işlər naziri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair optimist fikirlər səsləndirib. Qeyd edib ki, münaqişənin nizamlanması üçün danışıqlar prosesini intensivləşdirməyin vaxtı çatıb və Rusiya tərəflərin nəticə əldə etməyə hədəfləndiyini nəzərə alaraq, bu prosesə kömək etməyə hazırdır. Bu cür açıqlama, rəsmi Moskvanın davranışları Dağlıq Qarabağ münaqişəsinin həllinə ümidləri bir qədər artırır. Güman etmək olar ki, xarici işlər nazirlərinin danışıqları daha müsbət nəticələrə gətirib çıxara bilər. Ona görə də Azərbaycan Rusiya ilə əməkdaşlıq münasibətlərini daha da inkişaf etdirməkdə maraqlıdır. Ümumiyyətlə, hər iki ölkə arasında Dağlıq Qarabağ probleminin həlli, Avrasiya İqtisadi Birliyi, Gömrük İttifaqı və Şanxay Əməkdaşlıq Təşkilatına qoşulmaq istiqamətində ciddi danışıqlar gedir. Bu danışıqlarda hər bir ölkə öz strateji maraqlarını güdür. Rusiya Azərbaycan kimi beynəlxalq proseslərdə dinamik rol oynayan, getdikcə nüfuzu artan bir ölkəni itirmək istəmir, onu öz yanında görmək istəyir. Bütün bunlar, eləcə də xarici işlər nazirlərinin bəyanatları, xüsusən də iki ay bundan öncə Elmar Məmmədyarovun: "Mən tezliklə Azərbaycan xalqına işğal olunmuş torpaqlarımızın geri qaytarılması barədə məlumat verəcəm", - söyləməsi danışıqlar prosesində irəliləyişlərin olduğunu göstərir. Deməli, ortada hər iki tərəfin ortaq siyasi iradəsi var. Məhz bu siyasi iradə əsasında hər iki tərəf problemi çözməyə daha çox meyillidir. Bu mənada işğal altındakı 7 rayonun geri qaytarılması kifayət qədər real görünür. Zaman məsələsində müəyyən qədər yanılma olsa da, bu günü görəcəyimizə inam böyükdür.

- İşğal altındakı rayonların azad edilməsi üçün lokal müharibənin olacağı barədə də ehtimallar gündəmdədir. Siz belə bir ehtimalı mümkün sayırsınızmı?

- Son vaxtlara qədər müharibə variantı gündəmdə olub. Hətta ermənilər özləri də müharibə yolu ilə torpaqların geri qaytarılmasını özlərinin ləyaqət məsələsi kimi gündəmə gətirirdilər. Bununla Ermənistanın indiki siyasi hakimiyyəti "torpaqlar döyüşlərdə uduzuldu" tezisini xalqa yeritmək, öz hakimiyyətlərini qoruyub saxlamaq niyyəti güdürdülər. Ancaq indi ermənilərin mövqelərində də dəyişikliklər hiss olunmaqdadır. Onlar Dağlıq Qarabağ ətrafındakı torpaqların döyüşsüz də boşaldılmasına tərəfdar olduqlarını bildirirlər. Yalnız Laçın dəhlizi istisna olmaqla. Bu barədə separatçı rejimin rəhbərliyinə müvafiq göstərişlərin verilməsi, əhali arasında təbliğat aparması barədə göstərişlərin verilməsi barədə məlumatlar da var. İndinin özündə müharibə və sülh variantlarının hər ikisi gündəmdədir. Azərbaycan üçün isə bu məsələ birmənalıdır. Ölkənin ərazi bütövlüyü təmin olunmalı, danışıqlar beynəlxalq hüququn prinsiplərinə uyğun aparılmalı, ədalətli həll ortaya qoyulmalıdır. Azərbaycan bir qarış torpağını da kiməsə güzəştə getmək fikrində deyil. Təbii ki, bu istiqamətdə danışıqlar dalana dirəndiyi zaman Azərbaycan ordusu, Azərbaycan əsgəri öz sözünü deyəcək, müqəddəs vəzifəsini yerinə yetirərək, torpaqlarımızı müharibə yolu ilə işğaldan azad edəcək.

- Münaqişənin həlli prosesində bölgədə sülhməramlı qoşunların yerləşdiriləcəyi barədə fikirlər də səsləndirilməkdədir. Bu məsələyə münasibətiniz necədir?

- Sülhməramlı qüvvələrin yerləşdirilməsi danışıqlar prosesində də nəzərdə tutulub. Burada Rusiyaya məxsus hərbi qüvvələr mütləq olacaq. Ermənilər sülhməramlı qüvvələrin yerləşdirilməsinə Dağlıq Qarabağın təhlükəsizliyinin qarantı kimi baxırlar. "Madrid prinsipləri"ndə də bu məsələ nəzərdə tutulub. Azərbaycan bu prinsiplərə əlavələr edib və bildirib ki, sülhməramlı qüvvələrin tərkibi formalaşdırılarkən mütləq münaqişə tərəfləri ilə razılaşdırılmalıdır. Yəni Azərbaycanın razılığı olmadan bölgəyə hər hansı dövlətin sülhməramlı qüvvələri gələ bilməz.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.