Siyasət

Müsəlmanlara demokratiya olmaz?

4 Sentyabr 2015 10:42
5 Şərh     Baxış: 2 978

Sözlərlə əməllər tərs gələndə əsl məramlar aşkarlanır və bu, bütün sahələrə, bütün zamanlara tətbiq olunan anlamdır.
Avropa Birliyinin gündəmində daimi yer tutan məqamlar arasında dini zəmində ayrı-seçkiliyin yolverilməz olması barədə sürəkli, əksər hallarda da qəzəbli empirikalar var.
Di gəl, miqrantlar məsələsində sözlərlə əməllər arasında kəskin uçurum yaranıb.
İllah da ki, miqrantlar müsəlmandırsa...


Bu il Avropaya Suriya da daxil olmaqla, bir çox ölkədən rekord sayda immiqrant gəlib. Ancaq Şərqi Avropa ölkələri son vaxtlar immiqrantlar arasında din əsasında ayrı-seçkilik qoyur, xüsusilə də xristian qaçqınlara üstünlük verməyə başlayırlar.
Quartz-da dərc olunmuş "These European countries are willing to accept some migrants-but only if they're Christian" yazısında insan haqları və demokratik dəyərləri təkrarlayan Avropa Birliyinin müsəlman miqrantlara qarşı tətbiq etdiyi ayrı-seçkiliklərdən bəhs olunur.

Ötən ayın əvvəli Slovakiyanın xarici işlər naziri 200 nəfəri ölkəyə qəbul etməyə hazır olduğunu bildirib, lakin qeyri-müsəlmanlara üstünlük verdiyini xüsusi vurğulayıb. Nazirliyin mətbuat katibi bu haqda bildirib: "Biz Slovakiyada, həqiqətən də, yeni bir həyata başlamaq istəyən insanları seçmək istəyirik. Slovakiya bir xristian ölkəsi kimi xristianlara burada yeni bir həyat qurmağa kömək edə bilər. Bizim ölkəmizdə müsəlmanlar üçün çox kiçik bir cəmiyyət var. Burada heç məscid də yoxdur".

Polşanın baş naziri Yeva Kopaç da Polşanı xristianlara kömək etmək üçün xüsusi məsuliyyət daşıyan bir xristian ölkəsi kimi təsvir edib. Ölkə qeyri-hökumət təşkilatları tərəfindən dəstəklənən yalnız xristianlardan ibarət bir neçə qrupu qəbul edib və ölkənin immiqrasiya agentliyi "The Financial Times" qəzetinə "qaçqın statusu almaq üçün müraciət edənlərin qəbulunda dinlərinin də təsiri olacağını" bildirib.

Bolqarıstanın baş naziri Boyko Borissov ölkəsinin müsəlmanlara qarşı bir düşmənçiliyi olmadığını, lakin müsəlman qaçqınların qəbul edilməsinin ölkənin dini əsasını dəyişə biləcəyini deyib. Belə ki, ölkə əhalisinin 60 faizi pravoslav xristian, 8 faizi isə müsəlmandır. Estoniyanın ictimai işlər naziri Marqus Tsaxna müsəlman immiqrantların ölkəyə qəbul edilməsinə qarşı olduğunu, Estoniyanın hər şeydən əvvəl xristian mədəniyyətinə məxsus bir ölkə olduğunu bildirib. Eləcə də, Çexiya Prezidenti Milos Zeman tamamilə fərqli bir mədəniyyətdən gələn qaçqınların ölkəyə uyğunlaşa bilməyəcəklərini qeyd edib.

Avropa qanunvericiliyinə əsasən, din əsasında ayrı-seçkilik qadağan edilir - elə buna görə də, Suriya kimi yerlərdə məzhəblərarası münaqişələrdən qaçan insanlar birinci Avropada sığınacaq axtarırlar.

Ancaq dini dözümsüzlük daha böyük bir problemin, sadəcə, görünən hissəsidir: Sərhəd təhlükəsizliyinə görə məsuliyyət daşıyan Aİ agentliyi "Frontex" tərəfindən verilən məlumata görə, bu il indiyə qədər 340 min nəfərin Avropaya keçdiyi məlumdur. Almaniya sığınacaq üçün müraciət edən 44 min nəfərdən çox mühacir qəbul edib və hələ təkcə 2015-ci ildə 800 minə qədər yeni qaçqın qəbul ediləcəyi gözlənilir. Ancaq bərabər məsuliyyət götürmək istəməyən Aİ ölkələri kvota sisteminin tətbiq edilməsinə qarşı da xüsusi müqavimət göstərirlər.

Orxan Hun
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.