Siyasət

XİN: Lyubov Kazarnovskayanın adı arzuolunmaz şəxslər siyahısına daxil ediləcək

6 İyul 2015 19:44
0 Şərh     Baxış: 741

"Rusiyanın opera müğənnisi Lyubov Kazarnovskaya "Azərbaycanın dövlət sərhədi haqqında" qanunu pozaraq, qeyri-qanuni şəkildə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səfər edib. Müvafiq prosedur qaydalarına uyğun olaraq aparılan araşdırma nəticəsində bu şəxsin adı arzuolunmaz şəxslər siyahısına daxil ediləcək".

Milli.Az bildirir ki, Trend-in məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev L.Kazarnovskayanın Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfəri məsələsinə münasibət bildirərkən deyib.

O, qeyd edib ki, incəsənət xadimləri sülhə və barışığa xidmət etməli olduqları halda, L.Kazarnovskayanın Azərbaycanın işğal olunmuş ərazilərində etdiyi açıqlamaları Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalını və işğal olunmuş ərazilərdə, hətta Ermənistan ərazisində Azərbaycan xalqına qarşı törədilmiş qanlı etnik təmizləməni təşviq edir.

H.Hacıyev bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərində musiqi mərkəzinin yaradılmasından bəhs edən L.Kazarnovskaya bilməlidir ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğal olunmuş ərazilərdə törətdiyi vəhşiliklər nəticəsində Azərbaycan xalqının maddi-mədəni irsi, o cümlədən dahi sənətkarlar yetişdirən Qarabağ musiqi məktəbi talan, dağıntı və virana məruz qoyulub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.