Siyasət

Hellas: içində pul olan kitab

6 İyul 2015 18:24
0 Şərh     Baxış: 2 895

Ötən gün Yunanıstanda keçirilmiş referendumdan çıxan nəticəni düzgün oxumaq lazımdır. Sonuncu dəfə 1974-cü ildə referendumda iştirak edən Yunanıstan xalqı həmin il diktatorluğa "yox" deyərək respublika quruluşunu seçmişdi. Bu dəfə isə "oxi" (yunanca "yox") maliyyə əsarətinə qarşı deyildi.

Dünyada ilk dəfə olaraq tarixi refendumda xalq maliyyə əsarətinə qarşı çıxdı. Bununla da yunanlar digər millətlərin nəhəng dövlətlərin, beynəlxalq təşkilatların tabeçilik siyasətinə qarşı mübarizəsində yeni cığır açdı.

Müasir dünyada ölkələri qan tökmədən əsarət altına almağın yolu iqtisadi gücdən keçir. Almaniya və Fransanın rəhbərliyi ilə Avropa Mərkəzi Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Maliyyə Sabitliyi Fondunun Afinaya diktə etdiyi şərtlər bunun bariz nümunəsidir.

Kreditorlar pul müqabilində Yunanıstanda pensiya yaşının yüksəldilməsini (53-55-dən 62 və ya 67-yə yüksəldilməsi), fermerlərə yanacaq üçün verilən subsidiyaların ləğvini, əmək bazarında irimiqyaslı islahatların aparılmasını, yeni vergilərin tətbiqini istəyirlər.

Göründüyü kimi, kreditorlar sadə yunanlıların cibinə girir. Hazırda bu ölkədə 1,5 milyon işsiz insan var. Kreditorların tələbləri qəbul edilsə, o zaman yunanları köləliyin 40 ili gözləyəcək. Belə ki, rəsmi Afina 312,7 milyard avro borcunu 2055-ci ilədək hissə-hissə ödəməlidir.

Yunanıstan referendumu Avropada unikal presedentin əsasını da qoymuş oldu. Dövlətin iqtisadiyyat sahəsində alacağı çox önəmli qərarlar xalqın istəyinə buraxıldı. İspaniya, Portuqaliya, Macarıstan kimi maliyyə çətinlikləri olan ölkələr bu tendensiyadan yararlana bilərlər.

Düzdür, Yunanıstanın Baş naziri Aleksis Tsipras məsuliyyəti öz üzərindən ataraq referendum yolunu seçdi. Halbuki o, parlament seçkilərində qələbə qazandıqdan sonra populist çıxışları ilə gündəmə gəlmişdi. Danışıqlara qalstuksuz gedən Tsipras nəticə əldə etməyi bacarmadı. Tsiprası Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana bənzədənlər oldu. Ərdoğan Baş nazir seçilərkən Türkiyə də borc içində idi. Lakin Tsipras Ərdoğan ola bilmədi.

Xalqın dövlətin idarə edilməsində son söz sahibi olması əlbəttə ki, demokratiyanın təntənəsi və sevindirici haldır. Bununla belə, sıravi vətəndaşlar iqtisadiyyat və ya siyasət sahələrinin gizli yönləri barədə o qədər də məlumatlı deyillər. Xalq düzgün qərar verməyə də bilər. Bunun üçün siyasətçilər və iqtisadçılar var.

Referendum Yunanıstanın Avropa İttifaqından çıxması ehtimalını da artırdı. Hazırda İttifaq heç də xoş günlərini yaşamır. Böyük Britaniya da İttifaqın tərkibində qalıb-qalmamaq üçün 2017-ci ildə referenduma gedəcək. London qurumun siyasətindən şikayətlənərək bəzi qərarların, xüsusilə də iqtisadi qərarların ölkələrə məcburi qəbul etdirilməsi mexanizmindən narazıdır. Britaniya İttifaqda təsir dairəsini də genişləndirmək istəyir.

Kreditorların Yunanıstan xalqının seçimi qarşısında geri addım atacaqlarını zaman göstərəcək. Əgər onlar geri addım atsalar, bu, Avropada domino effekti yarada bilər. Hadisələrin bu cür gedişatı isə Avropada liderlik iddialarında olan Almaniya və Fransanın planlarına daxil deyil.

Bundan əvvəl kreditorların tələblərinə "hə" deyən Yunanıstanın "Yeni demokratiya" partiyasının sədri, keçmiş Baş nazir Antonis Samarasın referendumdan sonra istefa verməsi Avropa İttifaqının bu ölkədə, ümumiyyətlə, qitədə yeni siyasət yürütməsinə ehtiyacı olduğunu göstərir. Yeni siyasət qarşılıqlı hörmət və bərabər hüquqa əsaslanmalıdır.

Məftun Salmanov,

TrendAzərbaycan xəbərlər xidməti

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.