Siyasət

"The Guardian"ın qərəzindən Siddiqin fövqəladəliyinədək...

3 İyul 2015 15:42
Baxış: 658

Son günlər Böyük Britaniyanın bəzi nəşrlərinin Azərbaycana qarşı apardığlı kampaniya ilə bağlı yerli və xarici jurnalistlərdən çoxsaylı suallar daxil olmaqdadır.

Həmkarlarımız xüsusilə "The Guardian" qəzetinin yol verdiyi və ictimai rəyə açıq saxtakarlıq faktı kimi daxil olan məsələyə münasibət öyrənmək istəyirlər. Münasibət aydındır. Bu nəşrin başqa kütləvi informasiya vasitəsindən götürdüyü fotoreportajın mənasını tam dəyişdirərək, ona neqativ çalarlar əlavə etməsi, özü də bunu yazının müəllifinin ayağına yazması ortada olan və zaman-zaman ifadə edilə bir həqiqəti yenidən dilə gətirmək üçün əsas verdi. Söhbət açıq qərəz nümayişindən gedir. Söz və ifadə azadlıqlarının alətə çevrildiyi, qurban verildiyi qərəzdən.
 
"The Guardian"ın israilli jurnalist Tomer İfrahın "The Calvert Journal"da və digər KİV-lərdə yayımlanmış reportajının təhrif olunmasının üstü açıldı və bundan sonra bu Britaniya nəşri izləri silməyə çalışdı. Lakin bu gün də həmin yalanın izləri qəzetin saytından tam silinməyib. Yəni "The Guardian"ın israilli fotoreportyorun ayağına yazdığı bəzi "sitatlar" hələ də saytda qalmaqdadır. Reportajın başına o qədər oyun açılıb ki, onu daha diqqətlə təhlil edilsə, hətta cinayət məsuliyyəti yarada biləcək yazı nümunəsi kimi də müxtəlif təlimlərdə gənc jurnalistlərə nümayiş etdirmək mümkündür. Belədə ilk olaraq düşünürsən - budurmu, Britaniyanın böyük tarixə malik, təcrübəli və nüfuzlu nəşri?! Kim deyə bilər ki, belə işləri özünə rəva bilən qəzet digər məsələlərin işıqlandırılmasında da eyni üsullardan yararlanmır?!
 
Ümumiyyətlə, "The Guardian"ın Azərbaycana qarşı kampaniyada aparıcı rol oynaması əvvəldən də nəzərə çarpırdı. Təsəvvür edin ki, Avropa tarixində ilk dəfə keçirilən mötəbər idman yarışı zamanı bu aparıcı Avropa nəşri həmin Oyunları işıqlandırmaq əvəzinə, onun keçirildiyi ölkəyə bir ayda 40-dan çox tənqidi məqalə həsr edir. Qərəz o qədər yüksək fazadadır ki, oyunlara böyük heyətlə qatılmış ingilis idmançılarının çıxışlarını belə işıqlandırmır.
 
Nə üçün 3 il bundan əvvəl Avropa Olimpiya Komitəsi ilk Avropa Oyunlarının keçirilməsini Azərbaycana həvalə edəndə "The Guardian" və digər kütləvi informasiya vasitələri bugünkü kimi ajiotaj yaratmırdılar?! Necə oldu ki, Azərbaycana qarşı oxşar münasibət məhz belə mötəbər beynəlxalq tədbirlərin keçirildiyi dövrə təsadüf etdi?! Xatırlayırsınızsa, "Avroviziya-2012" ölkəmizdə düzənlənərkən də bəzi Avropa nəşrləri belə davranış sərgiləyirdilər. Əlbəttə, istər hazırda yaşananlar, istərsə də üç il öncə baş verənlər böyük siyasi məqsədlərin reallaşmasına xidmət edən oxşar ssenarinin tam gücü ilə hərəkətə gətirildiyini söyləmək üçün kifayət qədər ciddi əsaslar verir.
 
Bəli, bütün bunlar və bəzi Qərb nəşrlərinin hərəkətləri əslində səmimiyyətdən və obyektivlikdən çox uzaq mənzərə formalaşdırır. Bu mənzərə bizlərə bir çox məqamları saf-çürük etmək üçün geniş imkan verir. Bəzən düşünürük, ya özümüzü müəyyən mənada düşünməyə məcbur edirik ki, Azərbaycana qarşı həqarət yağdıran xarici ölkə KİV-lərinin mövqeyi həmin ölkəni təmsil edən rəsmilərin baxışı demək deyil. Təbii ki, bu mənada Böyük Britaniyanın Azərbaycandakı ali rəsmisi - səfir İrfan Siddiqin qalmaqallı məsələyə münasibətindəki detalları tam şəkildə saf-çürük etmək niyyətindən uzağıq. Hesab edirik ki, cənab Səfir peşəkar adamdır. Ancaq Siddiqin ölkəsinin nəşrlərinin bu davranışını Azərbaycan tərəfinin onların əməkdaşlarını akkreditasiya etməkdən imtinası ilə əlaqələndirməsi təəccüblüdür. Hər halda bu cür izahda ən azından məntiqilik nəzərə çarpmır. Əlbəttə, cənab səfirin öz ölkəsinin kütləvi informasiya vasitələrinə bəraət qazandırmağa çalışması təbiidir. Ancaq burda mühüm bir məqam var ki, diplomat ortaya real əks-arqument qoymur, fikirlərilə Britaniya nəşrlərinin qərəzli davranışını dolayısıyla təsdiqləmiş olur. Diplomat sadə incəliyi də unudur ki,  əgər hansısa tədbirə akkreditasiya tələb olunursa, həmin akkreditasiyadan imtina da edilə bilər və bu, normal dünya təcrübəsidir.
 
Öz Etik Kodeksi də daxil olmaqla bütun jurnalistika qaydalarını və qanunları pozan, oxuculara yalan və qərəzli məlumat verən, açıq-aşkar saxtakarlığa əl atan bir nəşrin əməkdaşına Böyük Britaniyanın özündə akkreditasiya verərlərmi?! Gəlin, əvvəldə haqqında söz açdığımız məqama nəzər salaq və görək ki, israilli jurnalist Tomer İfrahın "The Calvert Journal"da və digər KİV-lərdə Azərbaycanla bağlı yayımlanmış pozitiv ruhlu foto-reportajı necə primitiv qaydada təhrifə məruz qalır. Sadə məqama diqqət yetirək: reportajın orijinal variantında ingiliscə işlədilmiş "fərqli", "müxtəlif" anlamı daşıyan "different" sözü "konfounded" yəni məyusluq mənasını verən sözlə dəyişdirilib. "The Guardian" fotomüxbirin başqa saytda dərc edilmiş fotolarını verib və şəkilaltı qeydləri də neqativə doğru dəyişib. İndi sual yaranır: peşəkarlığı belə yarıtmaz üsullara qurban verən KİV-in normal fəaliyyət göstərə biləcəyinə təminat varmı? Yaxud Britaniya hakimiyyəti belə dəst-xətt seçərək qalmaqal yaratma potensialını özündə daşıyan hansısa media orqanına ölkəsində baş tutacaq mötəbər tədbiri işıqlandırmağa icazə verəcək qədər risk edərmi?
 
Əslində "The Guardian"ın yol verdiyi saxtakarlığın üzə çıxması Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin səylərinə də zərbə vurur. Diplomatlar iki ölkə arasında münasibətlərin inkişafı üçün çalışdığı vaxtda Böyük Britaniyanın nüfuzlu nəşri ictimai fikrə Azərbaycanla bağlı təhrif edilmiş məlumatlar ötürür.
 
Media dördüncü hakimiyyətdir və dövlət onun işinə müdaxilə edə bilməz. Lakin Böyük Britaniyanın bəzi nəşrlərinin iki ölkə arasındakı münasibətlərə vura biləcəyi ziyanı nəzərə almaq da vacibdir. Yaxşı olardı ki, cənab səfir Siddiq də münasibətilə saxtakarlıq edib, sonra izləri silməyə çalışan qəzetin deyil, aldadılmış Britaniya oxucusunun yanında dayanan şəxs təəssüratı yaradaydı. Çünki onun missiyası Azərbaycan-Britaniya münasibətlərinin perspektivini düşünmək fövqəladəliyinə malikdir.

Əflatun Amaşov 
Azərbaycan Mətbuat Şurasının sədri 

Lent.az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.