Siyasət

Avropanın oyunlarına qarşı Avropa Oyunları

2 İyul 2015 09:07
0 Şərh     Baxış: 2 025

Bakıda keçirilmiş 1-ci Avropa Oyunları ölkənin dünya miqyasında daha çox tanıdılmasında Azərbaycanın yürütdüyü xarici siyasətdəki məqamların daxili siyasətə məntiqi və obyektiv şəkildə təsir etməsinin izharı oldu.

Məntiqlə düşünənlər və prosesləri obyektiv, dürüst dəyərləndirənlər də bunu etiraf edirlər.
Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikki də belə şəxslərdən biridir. Onun dediyinə görə, 1-ci Avropa Oyunlarına çox yüksək səviyyədə ev sahibliyi etmiş Bakı Yay Olimpiya Oyunlarını da qəbul etməyə tam hazırdır.

"Əminəm ki, Olimpiadaya ev sahibliyi etməklə bağlı Bakı yenidən iştirak ərizəsi vermək üçün gərəkli hər şeyə sahibdir", - P.Hikki söyləyib.

Bu arada bəlli olub ki, Bakı 2019-cu ildə keçiriləcək Yay Universiadasına ev sahibliyi edə bilər. 
Beynəlxalq Tələbə İdmanı Federasiyasının (FİSU) İcraiyyə Komitəsinin Yaponiyanın Kvancu şəhərində keçirilmiş toplantısının nəticələrinə görə, hələlik Azərbaycanla yanaşı, İtaliya və Türkmənistan Universiada-2019-a iddialıdır.
Namizədlərin rəsmən təsdiqlənməsi FİSU-nun noyabrda keçiriləcək Baş Assambleyasında gerçəkləşəcək.

Builki Yay Universiadası iyulun 4-dən 14-dək Yaponiyanın Kvancu şəhərində keçiriləcək. Qış Universiadası isə Rusiyanın Krasnoyarsk şəhərində olacaq.

Göründüyü kimi, Bakı Avropa ilə yanaşı, Asiyanın da idman mərkəzlərindən birinə çevrilməkdədir. Avropa Birliyi ölkələrinin bir parasının dövlət və hökumət başçıları Bakıdakı 1-ci Avropa Oyunlarına müxtəlif bəhanələrlə qatılmadılar, guya turnirin təntənəli açılış mərasimini boykot etdilər.
Cılız hisslərin yaratdığı mənasız aksiyanın sonucu isə həmin siyasətçilərin gözləntilərinin tam əksinə oldu.

Avropa Oyunlarını qəbul edən Azərbaycanı aşkar boykot edərək hədəfə alan, ölkəmiz barəsində yalanlar və qərəzli informasiyalar yayan media strukturları belə çox duruş gətirmədilər. Rəsmi Bakıya qarşı düşmən mövqe tutanlar belə, Avropa Oyunlarına hazırlığın, turnirin keçirilməsinin və ümumiyyətlə, gedişatın çox yüksək səviyyədə olduğunu etiraf etmək məcburiyyətində qaldılar.
Bu, Azərbaycanın həm diplomatik və geniş anlamda siyasi, həm də mənəvi qələbəsi idi.

Ölkəmiz idmanı siyasiləşdirənlərə əməli ilə, turnirin çox yüksək səviyyəsi ilə cavab verdi.

Eyni zamanda, 1-ci Avropa Oyunları Azərbaycanın nüfuzunu daha da artırdı və Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına yönəlmiş danışıqlar prosesini bilərəkdən çətinliyə salan Qərbə praktiki mesaj yolladı.

Azərbaycan sülh və barışın sinonimi olan idmana çox yüksək dəyər verməsi ilə yanaşı, bu dəyəri heçə sayaraq işğalı normal qəbul edənlərin yanıldıqlarını sübut etməkdə olduğunu nümayiş etdirdi.
Düzən dəyişir, Qərb prioritetlərinə yenidən baxır.
1-ci Avropa Oyunları bu prosesə ciddi təkandır və bunu etiraf etməmək çətindir.
 

Orxan Hun
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.