Siyasət

7 quruşluq opera və ya qorxaq igidlərə qarşı təlxək lider

2 İyul 2015 09:31
1 Şərh     Baxış: 1 212

Ermənistanda obıvatellərin küçə etirazları və "qiyamfason" narazılıqları üçün 7 dram yetərli oldu.
Vur-tut 7 dram.
Ermənistan İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyasının iyunun 17-si tarixli qərarına əsasən, elektrik enerjisinin tarifləri təxminən 16 faiz artırılıb.

Avqustun 1-dən Ermənistan istehlakçıları gündüz saatlarında istifadə edilən 1 kilovatt/saat elektrik enerjisi üçün 48,78 dram (təxminən 10,3 sent), gecə saatları üçün - 38,78 dram ödəməli olacaqlar.
Yerevandakı "elektroMaydan" qəflətən həddən artıq primitiv alındı və baş verən proseslərdə hansısa ikinci məna, üçüncü səbəb və ya dördüncü məzmun aramaq da heç bir nəticə verən deyil. Ermənistanda cəmiyyətin, ələlxüsus da gənclərin səbr kasasını dolduran son damla həqiqətən də 7 dram, yəni 0,15 dollar oldu. 

Ermənistan prezidenti Serj Sarkisyan Bağramyan prospektinə yığışanları xüsusi təyinatlı polis dəstəsi ilə dağıtmadı, erməni gənclər kötəklənib döyülmədi və onları indi oturduqları küçə ilə sürümədilər. 
Əksinə, Serj Sarkisyan guya, öz aləmində geniş jest etdi və elektroenerji tariflərinin artırılacağı məbləğin dövlət tərəfindən ödəniləcəyini dedi.
Yəni artan məbləğ büdcədən ödəniləcək, elə indi etiraz edən obıvatellərin hesabına.
Ermənilərsə baş verənləri qələbə sayırlar.
Nədən ki, onlar ödədikləri vergilərin onsuz da məmurların ciblərində yoxa çıxdıqlarını bildiklərindən, Bağramyandakı proseslərin finalını uğur sayırlar.

7 dram, təbii ki, ermənilərçün az pul deyil və kumulyativ effektiv hesabına tək elektroenerji bahalaşası deyil. Onu da yazaq ki, Ermənistanda elektroenerji tarifləri postsovet məkanında ən yüksək səviyyələrdən biridir. Yeni bahalaşmadan sonra isə Sarkisyan iqtidarı yeni "qara elektrorekord" vurmuş olacaq.

Ermənicə oturub, düz danışsaq, bahalaşma əslində obyektivdir. Metsamor atom-elektrik stansiyasında bitmək bilməyən təmir Ermənistan energetikasına artıq 50 milyon dollara başa gəlsə də, AES-in taleyi hələ də sual altındadır.
Su baxımından quraqlıq il hidroenergetikada iki əsas kaskadda elektroenerji hasilatının 200 milyon kilovatt/saat azalmasına səbəb olub. Ermənistanın elektroenerji balansında əhəmiyyətli yer tutan istilik-elektrik stansiyalarısa idxal olunan yanacaqla işləyir.
Di gəl, AES-in ümumiyyətlə olmadığı və Ermənistandan mövsümi elektroenerji alan qonşu Gürcüstanda 1 kilovatt/saat Yerevanla müqayisədə təqribən 2 dəfə ucuzdur. Halbuki Gürcüstandakı "Telas" və Ermənistandakı "ESA" elektropaylama şəbəkələri Rusiyanın "İnter RAO" şirkətinə məxsusdur.

Erməniləri Bağramyan prospektinə çıxaran başqa məqamlar isə ESA-nın prezidenti Yevgeni Bibinin ayda 120 min dollar maaş alması, yüz minlərlə dollarlıq avtomobillərdə dolaşması, ən nəhayət isə Ermənistan parlamentində elektroenerji böhranının müzakirə olunduğu iclasa çağırılmasına rəğmən, erməni deputatları rusca üç hərflik ünvana yollayıb heç nəyi vecinə almaması idi.

Bütün bunlar öz yerində. Amma Ermənistandakı ESA-ya istehlakçılar 80 milyon dollar borcludurlar və bu səbəbdən də şirkət 40 milyon dollarlıq kreditlər alıb. Nəticədə, tariflərin qaldırılması üçün təzyiqlər başlanmışdı. Ermənilər ölkədəki elektropaylama şəbəkəsinin bərbad vəziyyətdə olmasından nəql zamanı elektroenerjinin 15 faizinin itməsini də nəzərə almaq istəmirlər.
Son 10 ildə ESA tarifləri sürəkli artırıb və qiymətləri sonucda 4 dəfə bahalaşdırıb.
Axırıncı dəfə tariflər 2014-cü ilin avqust ayında 10 faiz artırılmışdı.
Nə də olsa, ESA Ermənistan iqtisadiyyatına və sənayesinə Rusiyanın tam nəzarətinin simvoluna çevrildiyindən etiraz aksiyalarına səbəb oldu.
Nəqliyyat, elektroşəbəkələr, qaz boru kəmərləri hələ sabiq prezident Robert Köçəryanın dönəmində Rusiyaya hədiyyə olunmuşdu.

Rusiyanın Ermənistanla bağlı böyük planları vardı.
Məsələn, ermənilərə satdığı təbii qazı ucuzlaşdırmağın müqabilində "Qazprom" Yerevandan "2043-cü ilədək başqa ölkədən qaz almayacağıq" vədinə nail oldu. "Rusiya Dövlət Dəmir Yolları" (RJD) dövlət şirkəti Ermənistanın dəmir yolları şəbəkəsini konsessiyaya götürdü ki, Ermənistan-Türkiyə sərhədi açılanda növbədə birinci olsun.

Amma sərhəd açılmayıb, heç nəyi heç hara daşımaq olmur. Fəaliyyətsiz qalan infrastrukturun dağılmaması üçün çəkilən xərcləri RJD indi Yerevanın boynuna qoymaq istəyir, "Qazprom" isə satdığı təbii qazı bahalaşdırmağa hazırlaşır.
Sonra da ESA.

Maraqlıdır Bağramyan prospektindəki etiraz aksiyası.
Maraqlı olduğu kimi, ikiüzlü, yaltaq, qorxaq və ləyaqətsiz.
Bağıran, qışqıran, polisə "Rədd ol!", Serj Sarkisyan hakimiyyətinə də "Talana yox!" deyənlər "İnter RAO"nu, ESA-nı, Bibini söyürlər. 

Gümrüdə erməni ailəsinin axırına çıxmış yefreytor Permyakov söyülən təki.

Amma etirazlar Rusiyaya ünvanlanmayıb.
Ermənilər ayrı-ayrı rusları söyməklə Rusiyanı söyməyin arasındakı fərqi anlayırlar.

Küçələrə çıxanlara baxın: onların arasında yoxsul, səfil ermənilər, habelə siyasi protestə qatılanlar yoxdur. Bağıranlar və qışqıranlar müxalifət düşərgəsindəki ideyasızlıq, mütilikdən bezənlər və alternativlər arayaraq çıxış yolunu 7 dramlıq səbəbdə tapanlardır.
Yerevandakı aksiyalar heç zaman genişmiqyaslı etiraz protestinə, "erməni Maydan"ına çevrilən deyil. 
Əvvəla, Ermənistandakı müxalifət liderlərinin kiçik və lokal da olsa, geosiyasi cıdırda "ayğır" yox, "madyan" rolunu oynadığı bir zamanda aktivlik gözləməyə dəyməz.

Siyasət madyanları Maydan yaratmırlar. Bu səbəbdən də Bağramyandakı aksiyalara erməni müxalifətinin lider sayılan təşkilatları - Erməni Milli Konqresi, "Çiçəklənən Ermənistan" və İrs partiyaları aktiv dəstək vermədilər, yürüşlərdə fəallıq göstərmədilər.

Ermənistan Rusiyanın müstəmləkəsidir, amma ermənilər Rusiyanı sevmirlər. Yerevandakı çəkməsilən və ya süpürgəçi belə, qondarma "erməni soyqırımı"nda Rusiyanın da günahkar olduğunu deyəcəklər.
Yox, rəsmi Yerevanın fasiləsiz təbliğatlarından fərqli olaraq adi ermənilərdə "ruslarla ermənilərin tarixi və əbədi qardaşlığı" mövzüsunda illüziyalar müşahidə olunmur. 

Hətta Krım məsələsində də erməni gənclərin tam əksəriyyəti Rusiyanı işğalçı sayırlar.

Ona görə də Bağramyan prospektindəki etirazların istənilən formada siyasiləşdirilməsi mütləq şəkildə rəsmi miflərlə bağlı mübahisələr yaradacaqdı. Ermənilər də qorxur, Maydan yaratmaqda və ya Moskvaya düşmən mövqedə durmuş "naxələflər" təki Rusiyanı qəzəbləndirmək istəmirlər.

Üstəlik, Maydan cəmiyyətin bölünməsi, yəni hakimiyyətin həmin cəmiyyətin bir qisminə əsaslanaraq digər qisminin üstünə yeriyib onu əzməyə çalışmasıdır.

Amma 7 dram məsələsi Serj Sarkisyan iqtidarına tam sərf edir, çünki bu lənətə gəlmiş məbləğ etirazçıları ətrafında birləşdirir. Ona görə də Sarkisyan təlxəklik edir - gah etirazçılarla görüşmək istədiyini söyləyir, gah mitinq iştirakçıları ilə "ifrat sərt" davranmış polislərin cəzalandırılacağını deyir.
7 dramlıq operadır. Səhnənin bir tərəfində etiraz edən qorxaq igidlər, digər tərəfində təlxək lider.
Sarkisyan yaşananlardan ləzzət alır.
Hə, etiraz edirlər, hakimiyyəti söyürlər, nəsə söyləyirlər. Amma etirazçıların yaratdıqları virtual barrikadaların qarşı tərəfində kimsə yox ki.

Axı etirazları kimə ünvanlamalı - bilinmir.  Hakimiyyətəmi? Axı hakimiyyət Bibini hətta parlament iclasına qatılmağa vadar edə bilmir. Moskvayamı? Rusiya Ermənistanda kimsəyə nəsə borclu deyil.
Beləcə, etiraz aksiyası Serj Sarkisyan hakimiyyəti üçün məsuliyyətdən yayınmaq məsələsində ideal vasitədir.

Ermənistanda hələlik heç nə dəyişən deyil. Çox sonra dəyişikliklər və inqilab baş verərsə, nə qədər paradoksal olsa da, barıt çəlləyini partladacaq kibrit məhz indiki 7 quruşluq məzhəkə olacaq.
Sonra. İndi yox.
 

Orxan Hun
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.