Siyasət

Ermənistanda rəngsiz inqilab olacaq

1 İyul 2015 22:32
0 Şərh     Baxış: 1 322

Yerevanda elektrik enerjisi tariflərinin bahalaşması ilə bağlı keçirilən etiraz aksiyalarını Ermənistanda inqilab kimi dəyərləndirənlər oldu. İnqilab müxtəlif rənglərə - narıncı, məxməri, qırmızı - boyandı.

Hazırda dünyanın hər hansı ölkəsində rəngli inqilabın baş verməsi üçün ona daxili və ya xarici qüvvələrin dəstək verməsi mütləqdir. Bunun isə Ermənistanda şahidi olmuruq.

Daxili qüvvələr deyəndə, ön plana çıxan müxalifət partiyaları - Çiçəklənən Ermənistan və İrs partiyaları, Ermənistan Milli Konqresi - və onların liderləri aksiyaların keçirildiyi meydanlarda görünmür. Onlar yalnız aksiyaların ilk günlərində ölkə parlamentinin növbədənkənar iclasında etirazlarla bağlı məsələni qaldırıblar. Parlamentin spikeri isə müxalifətçilərin mikrofonunu söndürəndə onlar zalı tərk edərək işlərini bitmiş hesab ediblər.

Müxalifətin yoxsul Ermənistan xalqına qarşı laqeydsizliyini əvvəlcədən proqnozlaşdırmaq olardı. Belə ki, 2008-ci ildə Ermənistanda prezident seçkilərinin saxtakarlıqla keçdiyini iddia edən müxalifət sonralar xalqı yalnız hüquq və konstitusiya çərçivəsində hakimiyyətlə mübarizəyə səsləmişdi. Halbuki seçkilərin nəticələrinə qarşı aksiyalar keçiriləndə Sarkisyan rejimi 10 nəfəri öldürmüş, yüzdən çox nəfərə xəsarət yetirmişdi.

Bu ilin martında ölkə prezidenti Serj Sarkisyanı ermənilərin düşdüyü acınacaqlı vəziyyətə görə əsas günahkar elan edən Çiçəklənən Ermənistan Partiyasının keçmiş sədri, oliqarx Qagik Sarukyan da ortalıqda yoxdur. Onun Sarkisyanla təkbətək görüşdən sonra partiyanın sədrliyindən və siyasi səhnədən uzaqlaşması müxalifət və hakimiyyət arasında sadəcə biznes üstündə mübarizə getdiyini göstərir. Təsadüfi deyil ki, tərəflər arasında münaqişədən bir neçə ay sonra onlar Yerevanda Sarukyana məxsus yeni kinozalın açılışında bir arada göründülər.

Ermənistanın birinci prezidenti, Ermənistan Milli Konqresinin rəhbəri Levon Ter-Petrosyan, ikinci prezidenti Robert Koçaryan da susqunluğunu qoruyur. Ermənistanın ilk xarici işlər naziri, İrs Partiyasının lideri Raffi Ovannisyan da etirazçıları açıq şəkildə dəstəkləməyə tələsmir. Vaxtilə hakimiyyətdə olmuş bu şəxslərin Sarkisyanla yalnız sözdə mübarizə apardığının şahidi oluruq.

Ermənistanın tanınmış şəxsləri, şou-biznes nümayəndələri də aksiyalara münasibətlərini neytrallıqlarını qorumaqla bildirirlər. Onların bəziləri aksiyaların keçirildiyi yerdə etirazçılarla və polis arasında canlı sədd yaradıblar. Lakin həmin şəxslərin polisin sıralarından etirazçılara tərəf üz tutmaları onların əslində kimin yayında olduğunu göstərir. Bundan başqa, aksiyalar ölkənin bölgələrinə yayılmayıb. Gümrü meri Yerevandakı aksiyaları dəstəklədiyini deyəndən sonra şəhərdə müəyyən canlanma yaşansa da, bu irimiqyaslı xarakter almadı.

O ki qaldı xarici qüvvələrə, burada daha çox Rusiyanın Ermənistandakı hadisələrə görə ABŞ-ı ittiham etməsini görürük. Rus siyasətçilər Ermənistandakı aksiyalarla Ukraynadakı "Maydan" hadisələri arasında paralellik apararaq Yerevanda baş verən etirazlarda "narıncı" inqilabın izlərini gördüklərini deyirlər. Onlardan bəziləri bunu ABŞ-ın xaricdəki diplomatik nümayəndəliklərinin əməkdaşlarının sayı baxımından Ermənistanın İraqdan sonra ikinci yeri tutması ilə əsaslandırır.

Moskva Ermənistanda Rusiya əleyhinə dalğadan qorxur. Bu da əbəs deyil, çünki bu il Ermənistanda baş vermiş böyük etiraz aksiyaları bu və ya digər formada Rusiya ilə bağlıdır. Gümrüdəki Rusiya hərbi bazasının əsgəri bir erməni ailəsinin 7 üzvünü qətlə yetirəndə ölkədə narazılıqlar baş qaldırmışdı. İndiki aksiyalara səbəb olan elektrik enerjisi tariflərinin artırılması qərarını isə Rusiyanını "İNTER RAO EES"-in törəmə şirkəti olan "Ermənistan Elektrik Şəbəkələri" QSC verib. Etiraz aksiyalarında Rusiya əleyhinə olanlar az deyil. Onlar daha çox Rusiya mətbuatını aksiyaları düzgün işıqlandırmamaqda və yalan danışmaqda ittiham edirlər.

ABŞ və digər Qərb dövlətlərinin Ermənistanda baş verənlərə münasibəti daha çox gözləmə mövqeyini xatırladır. Qərb aksiyalarda narahatlığını dilə gətirir və tərəfləri demokratik qaydalar çərçivəsində hərəkət etməyə çağırır. Adətən, etirazçılar və ya jurnalistlər polis zorakılığına məruz qalanda Qərb mətbuatı bu barədə silsilə materiallar hazırlasa və ölkə hakimiyyətini kəskin tənqid etsə də, bu dəfə nədənsə aksiyalara ötəri yanaşdı. Erməni diasporunun təsiri altına düşməyən bəzi xarici KİV-lər Yerevandakı aksiyaların dəyənəklə yatırıldığını yazdı. Beynəlxalq təşkilatlar da ənənələrinə xilaf çıxaraq aksiyaların təsirini şişirtmədilər. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan aksiyanın polis tərəfindən dağıdılmasının Qərb tərəfindən pislənməsinin Ermənistanda demokratiyanın inkişafı üçün edildiyini deyib. Bu da rəsmi Yerevan və Qərbin bu məsələdə əks tərəflərdə olmadığını göstərir.

Yerevandakı aksiyalar ətrafında baş verənlər göstərir ki, yoxsul Ermənistan xalqına heç kəs sahib çıxmaq istəmir. Etirazçılar təklənib. Onlar Sarkisyan rejimindən narazıdırlar. Hətta aksiyalar zamanı Sarkisyana ünvanlanmış plakatlardan birindəki xoş olmayan sözlərdən biri də Azərbaycan dilində yazılmışdı. Bu, ölkədə cinayətkar Dağlıq Qarabağ klanına narazılıqdan xəbər verir. Xalqın rejimin qanunsuz hərəkətlərinə yeganə cavabı aksiyalardır. Prezidentdən narazı xalq hökumətin pensiya islahatlarına və ictimai nəqliyyatda gediş haqqının artırılmasına qarşı daha əvvəl nümayiş keçirərək istəklərinə nail olmuşdu. Bu dəfə də onlar yalnız tariflərin artırılmamasını və aksiyanın dağılması zamanı qanun pozuntularına yol verənlərin cəzalandırılmasını tələb edirlər.

Görünən odur ki, Ermənistanda Ukrayna və Gürcüstandakı kimi "narıncı", Qırğızıstandakı kimi isə "məxməri" inqilab olmayacaq. Bu ölkədə inqilab olacaqsa da, onun rəngi olmayacaq. Çünki bu inqilabı yalnız yoxsul Ermənistan xalqı edəcək. O yoxsul xalq ki, daha itiriləsi heç nəyi qalmayıb. Təbii ki, ölkədə inqilab edəcək insan resursu qalsa...

Məftun Salmanov,

Trend, Azərbaycan xəbərlər xidməti

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.